Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

19 İyul 2023 11:36

“Hər birimiz hərbi sirlərə dərindən yiyələndik”

"N" hərbi hissəsində olduğumuz zaman müddətli həqiqi hərbi xidmətini başa vurmağa hazırlaşan hərbi qulluqçularla tanış olub, söhbət etdik. Uzun-uzadı söhbətimizdən sonra Vətən qarşısında müqəddəs vətəndaşlıq borcunu layiqincə yerinə yetirdikləri zaman ordu sıralarından hansı düşüncələrlə ayrıldıqlarını öyrənmək üçün onlara "Ordu həyatı sizlərə nə aşıladı?" sualını verdim.
İlk həmsöhbətim əsgər Eldəniz Əsgərzadə oldu. Hərbi xidmətinin başa çatmağına sayılı günləri qalan Eldəniz xidməti dövründə yaşananları heç bir zaman unutmayacağını dedi. "Öz canlarını qurban verib torpaqlarımızı düşməndən azad edən qəhrəman şəhidlərimiz Vətəni bizə əmanət edib. Onlar şücaət və qəhrəmanlıq nümayiş etdirərək, düşməndən xalqımızın qisasını aldılar. Belə ki, onların keçdiyi döyüş yolu hər birimiz üçün nümunədir, şərəf və qürur mənbəyidir. Bizim də əsas vəzifəmiz ana Vətənimizi ləyaqətlə qorumaqdır. Bunun üçün peşəkar komandirlərimizin rəhbərliyi altında keçirilən dərsləri daha dərindən mənimsədik”.
- Burada keçirdiyimiz hər bir günün özünəməxsus xatirəsi vardır. İlk dəfə hərbi formanı geyinib sıraya durduğumuz gündən, tərxis olacağımız günə kimi. Xidmətimiz dövründə biz hərbin bütün sirlərinə dərindən yiyələnib, Azərbaycan əsgəri adını şərəflə qoruyub saxlamışıq. Hərbi xidmət insanın mənəvi cəhətdən möhkəmlənməsində mühüm rol oynayır. Çünki burada biz bir sıra insani keyfiyyətlərə - dözümlülük, mərdlik kimi müsbət xüsusiyyətlərə yiyələnirik. Həmçinin özümüzə ömürlük dost qazanmışıq və onu heç bir zaman unutmayacağıq. Bir neçə gündən sonra təxris olacağıma baxmayaraq, biz hər zaman Vətənimizin əsgəriyik, onun müstəqilliyi və müdafiəsi üçün istənilən zaman canımızdan keçməyə hazırıq.
Əsgər Rəşad Məmmədov da hərbi xidmətdə keçirdiyi xoş günlərin xatirələrindən söhbət açdı. Hansı ki, onun yaddaşında silinməz izlər buraxıb. "Ordu sıralarına qatıldığım ilk gün çox darıxırdım. Evdən və doğmalarımdan uzaq qaldığım üçün sıxılırdım. Lakin qısa müddətdən sonra komandirləri və əsgər yoldaşlarımı yaxından tanıdıqda özümü doğmalarımın ətrafındakı kimi hiss etməyə başladım. Peşəkar komandirlərimiz bizimlə çox mehriban rəftar edib, problemlərimizlə yaxından maraqlanırdılar. Hərbi hissəyə gəldiyim gün onlar hər birimizə ailələrimizlə əlaqə saxlamağımız üçün köməklik göstərdilər. Bu gün mən və silahdaşlarım hərbin bütün sirlərinə dərindən yiyələnib, cəsur, qorxmaz, iradəli olmuşuqsa, bu yalnız komandirlərimizin sayəsində oldu. Buna görə 18 ay müddətində üzərimizdə əziyyəti olan bütün zabit və gizirlərimizə minnətdarlığımı bildirirəm. Məhz onların sayəsində biz peşəkar bir döyüşçü kimi formalaşmışıq. Bunlarla yanaşı, xüsusilə demək istəyirəm ki, sosial-məişət şəraitimiz də yüksək səviyyədədir. Heç nədən korluq çəkmirik. Müasir standartlara cavab verən yataqxanamız, yeməkxanamız, idman şəhərciyimiz, ideoloji otağımız istifadəmizdə olub. Belə ki, bu cür hörmətin, diqqətin və qayğının qarşılığında üzərimizə düşən vəzifə rəşadətli Azərbaycan Ordusuna layiqli əsgər olmaq idi. İnanıram ki, ona nail ola bilmişik”.
- Etiraf edim ki, hərbi xidmətimin bitməsinə az qaldığı üçün sevindiyim qədər də kədərlənirəm. Sevinirəm ki, Vətən qarşısında vətəndaşlıq borcumu layiqincə yerinə yetirib, ailəmin yanına başıuca qayıdıram. Kədərlənirəm ki, bu cür günləri, bu ab-havanı bir daha görməyəcəm. Bura mənim üçün doğma bir ocağa çevrilmişdi. Komandirlərin sayəsində mən özümü evimizdəki kimi hiss edirdim. Əsgər yoldaşlarımla keçirdiyim günlər xatirəmdən heç bir zaman silinməyəcək. Xidmət müddətimdə çox biliklər öyrənmişəm. Mərdlik, qorxmazlıq kimi müsbət keyfiyyətlərlə yanaşı, dostluğa sadiq olmaq və ən çətin anda belə dostunun yanında olmağı öyrənmişəm. Çətinliyə dözməyi, müxtəlif şəraitə uyğunlaşmağı bacarıram. Ən önəmlisi isə hərbi xidmət sayəsində gələcək həyatımızda müstəqil ayaqda durmağı öyrənirik. Bu vərdişləri bizə aşılayan komandirlərimizə dərin minnətdarlığımı bildirirəm. Ümid edirəm ki, mülki həyatda onlarla görüşüb, xoş xatirələrimizi bölüşəcəyik. Mən fəxr edirəm ki, rəşadətli və regionun ən güclüsü olan Azərbaycan Ordusunda xidmət edib, tərxis oluram, - bu sözləri isə əsgər Əli Əhmədov dedi.
Əsgər Elçin Verdiyev isə xidməti dövründə ən yaddaqalan və ən qürurverici günlərindən danışdı. "Hər zaman xatırlayacağım gün, Hərbi Andiçmə mərasimi olacaq. Valideyinlərimizin qürurlu baxışları altında bir əlim əsgər yoldaşımın kəmərində, bir əlim silahımda Vətənə sədaqət andı içdik. Həmin günün qüruru, fəxarəti ömürlük yaddaşıma həkk olundu. O an Vətənim Azərbaycana layiqli övlad, layiqli əsgər və layiqli vətəndaş olmağın əhəmiyyətini dərindən anladım. Bunun üçün isə xidmətə başladığım ilk gündən etibarən vəzifəmə məsuliyyətlə yanaşdım, verilən bütün əmr və tapşırıqların öhdəsindən vaxtında və nöqsansız gəldim. Hərbi sirlərə dərindən yiyələndim. Bunun nəticəsidir ki, bu gün hər birimiz peşəkar bir əsgər kimi formalaşmışıq. Bu müddət ərzində bizlərə göstərilən etimada, hörmətə və qayğıya görə bütün komandirlərimizə çox sağ olun deyirəm. Onların sayəsində biz peşəkar döyüşçü və cəmiyyətə yararlı vətəndaş kimi formalaşmışıq".
Əsgər Elmiraz Orucov Vətənimizin hər bir qarışı bizə əmanətdir, deyərək sözə başladı. “Döyüş, atəş, sıra və fiziki hazırlıqlarımızı artıraraq, Vətənimizə göz bəbəyi kimi sahib çıxırıq. Bu yolda isə istənilən an canımızdan keçməyə, torpaqlarımıza əl uzadanların əllərini kəsməyə hazırıq". Daha sonra hərbi xidmətdə qazandığı dostlarından danışdı. - Mən sevinirəm ki, xidməti dövrümdə çoxlu dostlar qazanmışam. İlk gündən etibarən bir-birimizə doğma münasibət göstərdik. Çətinliklərin öhdəsindən bir yerdə gəldik. Möhkəm dostluğumuzun, peşəkar komandirlərimizin təcrübəsi və savadı sayəsində hər birimiz hərbin sirlərinə dərindən yiyələndik. Əminəm ki, bizim əsgər dostluğumuz gələcəkdə ailə dostluğumuza çevriləcək. İllər ötsə belə, bu xoş günləri anbaan xatırlayacağıq.
Əsgərlər Firdovsi Abbaszadə, Şövgi Əmənullayev, Tanrıverdi Hüseynov və digərləri ilə həmsöhbət olduq. Söhbətimiz zamanı onlar hərbi xidmətdə qazandıqları uğurlardan, komandirlərinin onlara bəslədiyi doğma və isti münasibətlərdən, şəraitlərinin yüksək səviyyədə olmasından, hərbi xidmətin onların yaddaşında silinməz izlər buraxdığından və ən önəmlisi isə Vətənimizin müdafiəsində mətin dayandıqlarından uzun-uzadı söhbət etdilər.

Orxan HÜSEYNLİ "Azərbaycan Ordusu"

foto Namiq PƏNAHOVUNDUR