Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

19 İyul 2023 11:35

Şəhid zabitin doğum günü qeyd olundu

Səbail rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Mərkəzi Kitabxanasının təşkilatçılığı ilə Azərbaycan Ordusunun zabiti, Vətən müharibəsi şəhidi polkovnik-leytenant Vidadi Xəlilovun doğum gününə həsr olunmuş anım tədbiri keçirildi.
Kitabxanada keçirilən anım tədbirində Müdafiə Nazirliyinin hərbi qulluqçuları, millət vəkili, şəhid zabitin doğmaları, bir qrup şəhid ailəsi, Vətən müharibəsi iştirakçıları, veteranlar, qeyri-hökumət təşkilatlarının nümayəndələri və başqa qonaqlar iştirak etdilər.
Əvvəlcə Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin və respublikamızın suverenliyi, müstəqilliyi və ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildi.
Sonra tədbir iştirakçıları üçün Vətən müharibəsi şəhidi polkovnik-leytenant Vidadi Xəlilovun şərəfli həyat və döyüş yolundan bəhs edən videoçarx nümayiş olundu.
Anım tədbirində millət vəkili Ceyhun Məmmədov, Müdafiə Nazirliyinin Şəxsi Heyət Baş İdarəsinin Qadınlar və hərbi qulluqçuların ailələri ilə iş üzrə şöbənin müdiri Zümrüd Səmədova, "Zəfər" Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin sədri Sevinc Orucova, Xalq artisti Əbdül Mahmudov, şəhid zabitin döyüş yoldaşı mayor Azər Hacıyev, Vətən müharibəsi iştirakçısı Vüsal Yusifov və şəhid anaları çıxış edərək Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə 30 illik işğala 44 gündə son qoyulmasından, Zəfərin qazanılmasında dövlət başçımızın yüksək siyasi və diplomatik bacarığından, Azərbaycan oğullarının göstərdikləri qəhrəmanlıq, fədakarlıq nümunələrindən, xalq-dövlət-ordu həmrəyliyindən, şəhid zabit Vidadi Xəlilovun şanlı döyüş yolundan, milli-mənəvi dəyərlərimizin tarixi köklərindən, Qafqaza, xüsusilə, Şimali Azərbaycana köçürülən ermənilərin bir əsrdən çox xalqımıza qarşı törətdikləri düşmənçilik əməllərindən, vandalizm və soyqırımı aktlarından geniş danışdılar. Şəhidlərimizin xatirəsinin qəlblərdə daim yaşayacağını vurğuladılar. Onların övladlarının xalqımıza əmanət olduğunu dedilər.
Qeyd edək ki, Azərbaycan Ordusunun şəhid zabiti Vidadi Xəlilov Cəbrayılın, Qubadlının və Laçının azadlığı uğrunda gedən döyüşlərdə igidlik göstərib. Vətənpərvər zabit düşmən qüvvələrinin məhv edilməsində şücaət göstərərək, oktyabrın 31-də Laçın rayonunun ərazisində gedən ağır döyüşlərdə şəhidlik zirvəsinə ucalıb. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq sərəncamları ilə polkovnik-leytenant Vidadi Xəlilov ölümündən sonra "Vətən uğrunda", "Cəbrayılın azad olunmasına görə", "Qubadlının azad olunmasına görə", "Laçının azad olunmasına görə" və "Hərbi xidmətlərə görə" medallarına layiq görülüb.
Şəhid zabitin anası Əminə xanım, həyat yoldaşı, Səbail MKS-nin direktoru Nərmin Xəlilova çıxışlarında şəhid ailələrinə göstərdikləri yüksək diqqət və qayğıya, onların adlarının daim uca tutulmasına görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya, eyni zamanda, Müdafiə Nazirliyinin rəhbərliyinə minnətdarlıqlarını ifadə etdilər.
Sonda şəhid zabit Vidadi Xəlilovun xatirəsinə həsr olunan şeirlər səsləndi, musiqilər ifa edildi.

Lalə HÜSEYNOVA "Azərbaycan Ordusu"