Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

19 İyul 2023 11:31

“Qəhrəman hərbçilərlə çiyin-çiyinə xidmət etmək qürurludur”

Üzərinə düşən tapşırıq və vəzifələri bacarıqla yerinə yetirib nümunəvi xidmət edən hərbçilərlə həmsöhbət olmaq ovqatımıza ovqat qatır. Həmin dəqiqələrdə qürur dolu hisslər keçiririk. Budur, nümunəvi xidmətilə seçilən əsgər Əbubəkir Allahverdili ilə söhbət edir, onun ömür və xidmət yolunu vərəqləyirik.
Öyrənirik ki, Əbubəkir Suraxanı rayonunun Qaraçuxur qəsəbəsində dünyaya göz açıb. Altı yaşı tamam olanda  qəsəbədəki 318 nömrəli orta məktəbin birinci sinfində oxumağa başlayıb. Yaddaşlardan heç zaman silinməyən, həmin illərdən söz açan əsgər dedi:
- Oxuduğum təhsil ocağında pedoqoji kollektiv şagirdlərin vətənpərvər ruhda böyümələrinə böyük önəm verirdi. Müəllimlərimiz həm dərslərdə, həm də müxtəlif tədbirlərdə Qarabağ müharibəsində xalqımızın cəngavər oğullarının qəhrəmanlıq dolu ömür yollarından tez-tez söz açırdılar. Vətənpərvərlik mövzusunda aparılan belə söhbətlər erməni işğalçılarına qarşı qisas və intiqam hissimizi artırırdı. Yurdumuzun azadlığı uğrunda gedən döyüşlərdə şəhid olmuş oğulların xatirəsini həmişə əziz tuturduq. Əlamətdar günlərdə Şəhidlər xiyabanını ziyarət edir, şəhidlərimizin xatirəsini ehtiramla anır, böyüyəndə Vətəni onlar kimi qoruyacağımıza and içirdik. Budur, artıq böyüyüb Vətənə əsgər olmuşam. Üzərimə düşən tapşırıqların öhdəsindən bacarıqla gəlirəm. Gündən-günə güclənən və daim qüdrətini artıran ordumuzun  sıralarında xidmət edirəm. Xidmətə başlayanda komandirlərimdən öyrəndim ki, İkinci Qarabağ müharibəsində bu hərbi hissənin şəxsi heyəti də fəal iştirak edib. Hərbçilərimiz müharibənin davam etdiyi günlərdə üzərlərinə düşən döyüş tapşırıqlarının öhdəsindən bacarıqla gəliblər. Böyük hünər və qəhrəmanlıqlar göstərərək ölkəmizin hava hüdudlarını düşmən hücumlarından qoruyublar. 44 gün ərzində erməni işğalçılarının raketlərini dəqiq atəş zərbələri ilə zərərsizləşdiriblər. Ölkəmizdəki strateji əhəmiyyətli obyektlərin qəsbkarlar tərəfindən vurulmasının qarşısını qətiyyətlə alıblar. Bütün bunları eşitmək mənim üçün çox sevindirici oldu. Vətən müharibəsində üzərlərinə düşən döyüş tapşırığını böyük hünər və cəsarətlə yerinə yetirən hərbçilərlə çiyin-çiyinə xidmət etmək olduqca qürurludur. Biz əsgərlər qəhrəmanlığı, igidliyi komandirlərimizdən öyrənirik. Onlar tez-tez İkinci Qarabağ müharibəsindən, iştirakçısı olduqları gərgin anlardan söz açırlar. Onları dinləmək biz əsgərlər üçün həm maraqlı, həm də dəyərlidir. Çünki biz bu söhbətlərdən İkinci Qarabağ müharibəsinin tarixini öyrənirik. Qəhrəmanların qürur dolu, zəfər qoxulu söhbətlərinə qulaq asmaq bizim üçün olduqca xoşdur. Ona görə ki, bu söhbətlər qəhrəmanlıq tariximizin şərəfli günlərinin odlu-alovlu xatirələridir.
Mayor Xəyyam Kərimov Əbubəkirin xidməti haqqında qısaca söhbət açdı. Dedi ki, əsgər Ə.Allahverdili üzərinə düşən tapşırıqların öhdəsindən bacarıqla gəlir. Nümunəvi xidməti və davranışı ilə komandirlərinin rəğbətini qazanır. Bütün bu amillər onun Vətən sevgisindən irəli gəlir.
Söhbət zamanı onu da öyrəndik ki, əsgər Əbubəkir Allahverdili ailəlidir, iki uşaq atasıdır. Əminlik hissi ilə demək olar ki, o, Vətən qarşısındakı övladlıq borcunu şərəf və ləyaqətlə yerinə yetirəcək, övladlarının yanına alnıaçıq, başıuca qayıdacaq.

Vahid MƏHƏRRƏMOV "Azərbaycan Ordusu"