Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

19 İyul 2023 11:15

Azərbaycan Respublikasına xidmət edirəm!

Ali Baş Komandan İlham ƏLİYEV: Vətəni müdafiə etməyə çalışan hər bir vətəndaş, hər bir gənc bizim üçün əziz, qiymətli və dəyərlidir.

Hərbi qulluqçunun döyüş və mənəvi-psixoloji hazırlığının yüksək səviyyədə olması ordunun döyüş qabiliyyətinin yüksək olmasının göstəricisidir. Bu gün ordumuzda gənclər üstünlük təşkil edir və hər biri peşəkarlığı ilə seçilir. Onlar hərbi xidməti müqəddəs vəzifə hesab edir, Azərbaycan Respublikasının mənafeyini, onun suverenliyini, ərazi bütövlüyünü və müstəqilliyini şərəflə qoruyur, bundan ötrü qanlarını və canlarını əsirgəmirlər. Yaxın tarixə nəzər salsaq, Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsində onların göstərdiyi qəhrəmanlıq, şücaət, cəsarət və dözümlülük bütün dünyaya nümayiş olundu. Hazırda da hər bir hərbi qulluqçu torpaqlarımızın müdafiəsi uğrunda istənilən təxribatın qarşısını almağa hazırdır. Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin dediyi "Vətəni müdafiə etməyə çalışan hər bir vətəndaş, hər bir gənc bizim üçün əziz, qiymətli və dəyərlidir" sözləri də hər bir Vətən müdafiəçisinə verilən qiymətin bariz göstəricisidir. Torpaqlarımızın keşiyində dayanan hərbi qulluqçular da cənab Prezidentin bu sözlərini özlərinə göstərilən etimad bilərək, yüksək potensiala malik hərbçilər kimi formalaşmaq üçün bilik və bacarıqlarını daim artırır, ərazi bütövlüyümüzü inamla müdafiə edirlər. Tam əminliklə deyə bilərik ki, bu gün ordu sıralarında vəzifəsinin öhdəsindən bacarıqla gələn vətənpərvər oğullar xidmət edir. Ürəklərində sonsuz Vətən sevgisi ilə onlar hərbi formanı geyinib, hərbçi adını daşımaqdan qürur duyurlar. Hər birinin tək amalı torpaqlarımızın keşiyində qətiyyətlə dayanmaq, ayıq-sayıq xidmət aparmaqdır. Bunun üçün onlar xidmətə məsuliyyətlə yanaşır, rəhbərlik tərəfindən qarşıya qoyulan tapşırıqların öhdəsindən bacarıqla gəlməyə çalışırlar.
Belə igidlərdən biri də baş çavuş Mehman Səfərovdur. O, işğaldan azad edilmiş ərazilərimizdə dislokasiya olunan "N" hərbi hissəsinin Azərbaycan-Ermənistan şərti sərhədində döyüş növbətçiliyi aparan bölməsində xidmət edir. Bu yaxınlarda döyüş növbətçiliyi apararkən qarşı tərəfin təxribat xarakterli fəaliyyətlərini vaxtında aşkarlayaraq yuxarı komandanlığa aidiyyəti üzrə məlumat verdiyinə görə, Mehman Səfərova müdafiə nazirinin birinci müavini - Azərbaycan Ordusunun Baş Qərargah rəisinin əmri ilə baş çavuş hərbi rütbəsi verilib, həmçinin birlik komandiri tərəfindən qiymətli hədiyyə ilə mükafatlandırılıb. Mehmanla xidməti yerində görüşüb düşüncələrini qələmə aldım.
Səfərov Mehman Mübariz oğlu 5 may 1998-ci ildə Hacıqabul rayonunda anadan olub. Həmin rayonda Şəhid Vidadi Quliyev adına 6 saylı tam orta məktəbdə təhsil alıb. 2018-ci ildə müddətli həqiqi hərbi xidmətini başa vurub. 2020-ci ildə müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kimi ordu sıralarına qayıdıb. İkinci Qarabağ müharibəsinin iştirakçısı olan M.Səfərov Kəlbəcər rayonunun azad olunması uğrunda gedən döyüş əməliyyatlarında iştirak edib. Döyüşlər zamanı göstərdiyi şücaətə və şəxsi igidliyə görə Azərbaycan Respublikasının Prezidentinin Sərəncamı ilə "Kəlbəcərin azad olunmasına görə" medalı ilə təltif olunub.
Baş çavuş Mehman Səfərovla söhbətimiz zamanı vurğuladı ki, Vətən bizə əmanətdir, biz Vətən keşikçiləriyik, üzərimizə düşən müqəddəs vəzifəni layiqincə yerinə yetirmək hər birimizin mənəvi borcudur. "Rəhbərliyin bizə olan yüksək etimadını doğrultmaq üçün hər birimiz məsuliyyətlə və qətiyyətlə xidmət edirik. Sağ olsunlar ki, xidmətimizlə yaxından maraqlanır, yüksək qiymətləndirirlər. Daim xidməti və sosial şəraitimizin yaxşılaşdırılması istiqamətində uğurlu islahatlar aparılır. Biz də üzərimizə düşün məsuliyyəti anlayır, bilik və bacarıqlarımızı təkmilləşdirir və ayıq-sayıq xidmət aparırıq. Hər an istənilən təxribatın qarşısını almağa hazırıq. Şübhəsiz, təltif olunmaq da hər birimizə ruh yüksəkliyi verir. Təltif olunduğumu biləndə çox sevindim və qürurlandım. O günü heç zaman unutmayacam. Həmin anın sevincini, həyəcanını hər an yaşayıram. Bizə göstərilən bu diqqət hər birimiz üçün böyük stimuldur, həm də böyük məsuliyyətdir. Bu, rəhbərliyin bizlərə olan sevgisinin, rəğbətinin, diqqətinin bir daha bariz nümunəsidir. Biz də hər zaman xidmətimizdə ayıq-sayıq olacaq, mövqelərimizi daha inamla qoruyacağıq. Torpaqlarımızın keşiyində dayanmaq biz gənclərin ən müqəddəs vəzifəsidir. Bu vəzifənin vacibliyini yaxşı başa düşür, var qüvvəmizlə çalışırıq ki, bizə olan etimadı doğruldaq", - dedi M.Səfərov.
Hər bir xalqın canı bahasına əldə etdiyi müstəqilliyinin və ərazi bütövlüyünün qorunmasına təminat yaradan ən başlıca amillərdən biri, yüksək döyüş əzminə malik ordusunun mövcudluğudur. Döyüş ruhuna təsir edən amillər arasında ən başlıcası isə yuxarı komandanlıq tərəfindən şəxsi heyətə göstərilən diqqət və qayğıdır. Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin tapşırığına əsasən, Müdafiə Nazirliyinin rəhbərliyi mütəmadi olaraq bölmələrə yollanır, şəxsi heyətin xidməti və məişət şəraiti ilə maraqlanır, xidmətin təşkilində fərqlənən hərbi qulluqçular mükafatlandırılır. Bu addımlar da hərbçilərimizə yüksək əhval-ruhiyyə bəxş edir, xidmətə sevgilərini daha da artırır.

Mahmud MÖHBALIYEV "Azərbaycan Ordusu"