Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

19 İyul 2023 11:13

Hərbi liseylərin “Heydər Əliyev İli”ndə qazandığı böyük uğurlar

"Hər bir vətəndaş, hər bir azərbaycanlı hiss etməlidir ki, indi Vətəni qorumaq üçün hərə öz payını verməlidir, hərə öz yerini tapmalıdır. İndi hər kəs müsəlləh əsgər olmalıdır. Bundan artıq vəzifə yoxdur". Bu fikirlər Azərbaycan xalqının Ümummilli Lideri, müdrik dövlət xadimi, müasir ordu quruculuğu və hərbi təhsil sahəsində əldə olunan inkişafın, ümumən ordu quruculuğunda qazandığımız uğurların təməlini qoymuş Heydər Əliyevin xalqımıza səsləndiyi azadlıq çağırışlarındandır.
Azərbaycan Ordusunun nizami ordu kimi formalaşmasında müstəsna xidmətləri olan Heydər Əliyevin hərb tariximizdəki zəngin irsi xalqımızın milli sərvətidir.
Elm və təhsilin səviyyəsinin beynəlxalq standartlara uyğunlaşdırılması istiqamətində Müdafiə Nazirliyinin ştat strukturuna daxil olan xüsusi təyinatlı təhsil müəssisələrinin fəaliyyətlərinin təkmilləşdirilməsi və hərbi təhsil sisteminin inkişafı, Azərbaycan Ordusunun ali təhsilin bütün pillələri üzrə ixtisaslı kadrlarla təminatı, yüksək ixtisaslı elmi, elmi-pedaqoji kadrların hazırlanması, elmi nəticələrlə ölkənin müdafiə qüdrətinin artırılması, ordu quruculuğunda effektiv tətbiqi, hərbi təhsil sisteminin qardaş Türkiyə Respublikasının, eləcə də digər inkişaf etmiş ölkələrin hərbi təhsil sisteminə uyğunlaşdırılması məqsədilə, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 5 mart 2022-ci il tarixli fərmanı ilə Milli Müdafiə Universiteti yaradıldı. Milli Müdafiə Universitetinin tabeliyində fəaliyyət göstərən Cəmşid Naxçıvanski adına hərbi liseyin və Heydər Əliyev adına hərbi liseyin fənn proqramları Elm və Təhsil Nazirliyi ilə razılaşdırılaraq yenidən işlənildi. Bununla da, müasir tələblərə cavab verən fənn proqramları hazırlandı. Hərbi liseylərin maddi-texniki bazasının gücləndirilməsi, tədrisin keyfiyyətinin yüksəldilməsi Milli Müdafiə Universitetinin daim diqqət mərkəzindədir.
Tədrisin təşkilinə elmi və konseptual yanaşma, qabaqcıl təcrübənin öyrənilməsi və tətbiqi liseyin təcrübəli müəllim heyətinin gündəlik fəaliyyətinin əsasını təşkil edir. Hərtərəfli qayğı və diqqətlə əhatə olunan hərbi liseylərin uğurları özünü qısa zamanda bütün sahələrdə göstərdi. Belə ki, XI sinif buraxılış imtahanlarının ilkin təhlili ilə əlaqədar  Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə 5 aprel 2023-cü il tarixdə mətbuatda çıxışında "hərbi liseylərin nəticələri ölkənin orta göstəricilərindən də yüksəkdir" deməsi gözlənilən idi. Bu nəticə bizi qürurlandırmaya bilməzdi - Heydər Əliyev ilində qazanılan uğuru ordu quruculuğumuza xidmətin nəticəsi bilirik.
Yüksək təhsil nəticəsinin qazanılması, əldə olunan uğurları hərbi liseylərin pedaqoji kollektivinin və kursantların fədakar əməyinin məntiqi nəticəsi kimi qiymətləndirmək olar.
Cəmşid Naxçıvanski adına hərbi liseydə tədrisin keyfiyyətinin yüksəldilməsində və intizamın möhkəmləndirilməsində polkovnik-leytenant Ceyran Abbasova, mayor Aygün Hüseynova, mayor Orxan Bəkirov, Lalə Hacıyeva, Rəna Seyidrzayeva, Səbinə Əsgərova, Heydər Əliyev adına hərbi liseydə Azərbaycan Respublikasının əməkdar müəllimi Təyidə Bağırova, Naxçıvan Muxtar Respublikasının əməkdar müəllimi Məryəm Vəlibəyova, Günay Məmmədova, İlahə Həsənova, Ayşən Əsgərova, Mətanət Eminova, Səadət Hüseynli, Fuad Həsənov, Şahin Tarverdiyev və Rüstəm Hüseynov fərqlənmişlər.
Cəmşid Naxçıvanski adına hərbi liseyin kursantları - Emil Bayramlı, Turan Ramazanov, Ramid Gənciyev, Heydər Novruzov, Mirəli Abbaszadə, Elxan Səfərli, Elariz Mustafayev, Məhərrəməli Möhsümov, İbrahim Əzimli, Arif Xəlilli, Kənan Səfərov, Amar Hüseynov, Zahid Əmirxanov, Kənan Abbaszadə, Əli Zamanov, İlkin İsmayılov və Məqsəd Səfərov buraxılış imtahanlarında yüksək nəticə göstərmiş, intizamı və fiziki hazırlığı ilə fərqlənmişlər.
Heydər Əliyev adına hərbi liseyin buraxılış imtahanlarında kursantlar Anar Məmmədli, İsmayıl Qasımlı, İlkin Hüseynli, Zamin Təmoyev, Samir İbrahimov, Samir Xuduyev və Murad Süleymanov yüksək nəticə göstərmiş, intizamı və fiziki hazırlığı ilə fərqlənmişlər.
Bu uğurların əsasını Vətəni, xalqı qarşısında və ordu quruculuğunda misilsiz xidmətləri olan müdrik dövlət xadimi, dahi siyasətçi Ulu Öndər Heydər Əliyevin əvəzolunmaz xidmətləri, bu xidmətlərin onun tövsiyələrini dövlətçiliyə sədaqət kimi davam etdirən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin dövlətçilik siyasəti  təşkil edir. Hələ 1971-ci ildə Ulu Öndərin zəkası, uzaqgörənliyi və şəxsi təşəbbüsü ilə "ixtisaslaşdırılmış internat məktəbi" yaradılmışdı, həmin ilin noyabr ayında məktəbin təntənəli açılış mərasimində böyük tarixi şəxsiyyət Heydər Əliyev məktəbə diviziya komandiri Cəmşid Naxçıvanskinin adının verildiyini bildirmişdi. Heydər Əliyevin 1998-ci il 13 mart tarixli Sərəncamı ilə Cəmşid Naxçıvanski adına hərbi liseyin Naxçıvan filialı, daha sonra isə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 27 fevral 2004-cü il tarixli Sərəncamı ilə bu filialın əsasında Heydər Əliyev adına hərbi lisey yaradıldı.
Hərbi liseylərin Heydər Əliyev ilində buraxılış imtahanlarında qazandığı yüksək nəticələr bizi sevindirir, qürurlandırır. Bu həm də Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin irsinə və ideyalarına sədaqətidir.
Hərbi liseylər Azərbaycan Ordusunun savadlı, peşəkar zabitlərlə komplektləşməsində mühüm rol oynayıb. Əminliklə demək olar ki, bu şərəfli missiya uğurla davam edir.

Yaşar KƏRİMOV, dosent Sevinc ƏLƏKBƏROVA

Milli Müdafiə Universitetinin Hərbi Elmi-Tədqiqat İnstitutu