Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

19 İyul 2023 11:12

“Torpaqlarımızın müdafiəsi etibarlı əllərdədir”

Xalqın təkidli tələbi ilə ikinci dəfə hakimiyyətə qayıdan Ulu Öndər Heydər Əliyevin həyata keçirdiyi uğurlu daxili və xarici siyasət nəticəsində Azərbaycanın dövlət müstəqilliyi möhkəmləndirildi, demokratik, hüquqi, dünyəvi dövlət quruldu, ölkənin ərazi bütövlüyü bərpa edildi, bir çox mühüm tədbirlər həyata keçirildi.
Bütün sahələrlə yanaşı, ordu quruculuğu istiqamətində də ardıcıl və məqsədyönlü tədbirlər görüldü. Azərbaycan xalqının Ümummilli Liderinin apardığı məqsədyönlü və qətiyyətli siyasət nəticəsində Milli Ordu formalaşdırıldı və Azərbaycanın nizami Silahlı Qüvvələri yaradıldı. Nəticədə fərarilik hallarına son qoyuldu, hərbi intizam möhkəmləndirildi. Ulu Öndərin siyasi kursunun layiqli davamçısı Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev tərəfindən ordu quruculuğu bu gün də diqqət mərkəzində saxlanılır.
Dövlət başçısının sərkərdəliyi ilə rəşadətli Azərbaycan Ordusu yeni-yeni zirvələr fəth edib, hərb tariximizə şanlı səhifələr yazdı. Bu zirvələrdən ən başlıcası isə 44 günlük Vətən müharibəsi oldu. Haqq savaşımızla tarixə yeni və şanlı salnamə yazıldı. Qeyd etmək istərdim ki, döyüşlər zamanı ordumuzun bütün qoşun növləri vəzifələrinin öhdəsindən bacarıqla gəldilər. Bu savaşda artilleriyaçılarımızı xüsusilə vurğulamaq istəyirəm. Müharibə zamanı onların dəqiq hesablamalar çıxararaq, düşmənin bir çox mühüm və strateji əhəmiyyətli hərbi obyektlərini, texnikalarını, komanda məntəqələrini, atəş nöqtələrini və sığınacaqlarını məhv etdilər. Ən əsası isə peşəkar artilleriyaçılarımız irəliləyən qüvvələrimizə dəstək olub, onların yolunu kəsən düşmən qüvvələrini zərərsizləşdirdilər.
"N" hərbi hissəsində olduğumuz zaman düşmən qüvvələrinin məhv edilməsində iştirak edən artilleriyaçıların dərs prosesinin şahidi olduq. Polkovnik-leytenant Raciv Babaverdiyevin nəzarəti altında şəxsi heyət müxtəlif döyüş tapşırıqlarını məşq edirdi. "Dərs kiçik döyüş mühitidir" deyərək zabit söhbətə başladı: "Günün nizam qaydalarına uyğun olaraq, əsgərlərimiz keçirilən dərs proseslərində nəzəri biliklər öyrənməklə yanaşı, müəyyən təcrübələrə də yiyələnirlər. Təlimlərin və keçirilən döyüş hazırlığı dərslərinin əsgərlərimizin formalaşmasında əhəmiyyəti olduqca böyükdür. Çünki bunların köməkliyi ilə onlar dəqiqlik, konkretlik, çeviklik, intizamlılıq, dözümlülük kimi vərdişləri öyrənib, peşəkar döyüşçü kimi formalaşırlar".
Zabitlə söhbətimizdən sonra şəxsi heyətlə kəlmələşir, fikir və düşüncələrini qələmə alıram.
Top komandiri müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu çavuş Elçin Qasımov Vətən müharibəsi iştirakçısıdır. "Müzəffər Ali Baş Komandanın rəhbərliyi altında başlayan Vətən müharibəsində komandiri olduğum heyətlə birlikdə iştirak etdik. İrəliləyən bölmələrimizi artilleriya atəşləri ilə dəstəkləyib, işğalçıların mövqelərini darmadağın etdik. Düşmən rəşadətli Azərbaycan Ordusunun qarşısında tab gətirə bilmədi. 44 gün ərzində tarixi torpaqlarımızı azad edib, xalqımıza illərdir həsrətlə gözlədiyi qələbə sevincini yaşatdıq. Dəqiq atəşlər nəticəsində düşməndən şəhidlərimizin qisasını alıb, doğma torpaqlarımızı işğaldan azad etdik. Bununla da dövlət başçısının, ordu rəhbərliyinin və xalqımızın bizə olan etimadını doğruldaraq düşmən üzərində qələbə qazandıq. Bununla kifayətlənən deyilik. Hər gün, hər an öz üzərimizdə çalışacaq, döyüş, atış, fiziki və mənəvi-psixoloji hazırlıqlarımızı artıracağıq", -  dedi çavuş E.Qasımov.
Qeyd edək ki, torpaqlarımızın azadlığı uğrunda aparılan döyüş əməliyyatlarında müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu çavuş Elçin Qasımov Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamları ilə "Qubadlının azad olunmasına görə" və "Kəlbəcərin azad olunmasına görə" medalları ilə təltif olunub.
Baş tuşlayıcı əsgər Tuqay Kərimli isə bildirdi ki, artilleriyada dəqiqlik böyük əhəmiyyət daşıyır. "Məşğələ prosesində dəqiq hesablamalar apara-apara dərinlikdə yerləşən şərti düşmənin canlı qüvvəsini, komanda məntəqələrini, mövqelərini, istehkam qurğularını məhv edirik. Komandirlər mütəmadi olaraq məşğələlər keçərək, bizə artilleriyanın və hərbi sirləri dərindən öyrədirlər. Keçirilən məşğələlərin nəticəsidir ki, biz verilən istənilən komandanın öhdəsindən asanlıqla gəlirik", - deyə əsgər bildirdi.
İmişli rayonundan hərbi xidmətə çağırılan əsgər Samir İmanov xidmətə başlamazdan əvvəl çox həyəcanlı olduğunu deyərək söhbətə başladı. "Düşünürdüm ki, xidmət zamanı çətinlik çəkəcəyəm. Lakin ilk gündən etibarən peşəkar komandirlərin kömək və dəstəyi ilə hərbi sirlərə dərindən yiyələndim. Bir neçə ay ərzində əsl döyüşçü kimi formalaşdım".
Sonra əsgərlər onlar üçün yaradılan şəraitdən danışdılar. Dedilər ki, "Məişət şəraitimiz, sosial təminatlarımız olduqca yüksəkdir. Heç nədən korluq çəkmirik. Ailəmizlə danışmaq istəyərkən günün nizam qaydalarına uyğun olaraq hərbi hissənin ərazisində quraşdırılmış taksafon vasitəsi ilə əlaqə saxlayırıq. Müasir standartlara cavab verən ideoloji otaqda televizora baxır, informasiya proqramlarını izləyirik. Fiziki cəhətdən daim sağlam, gümrah və güclü olmağımız üçün bütün idman alətləri ilə təmin olunan idman şəhərciyimizdə məşq edirik. Hərbi hissənin yeməkxanasında çalışan aşpazlarımız da hər zaman dadlı və keyfiyyətli yeməklər bişirirlər. Bunlarla yanaşı, təcrübəli və qayğıkeş komandirlərimiz bizə doğma münasibət göstərir, daim qayğılarımızla maraqlanırlar. Əlbəttə, bu cür diqqət və qayğının qarşılığında hər birimizin üzərimizə düşən əsas vəzifə - xidmətimizi düzgün təşkil edib, Vətənimizə layiqli əsgər olmaqdır".
Söhbətimizə qoşulan əsgər Murad Əhmədov isə dedi ki, artilleriya bölmələri döyüşün gedişinə təsir göstərən əsas amillərdən biridir. Çöl şəraitində keçirilən dərslər və təlimlər zamanı müxtəlif atəş tapşırıqlarını yerinə yetirməklə yanaşı, döyüş vərdişlərimizi daha da təkmilləşdiririk.
Əsgərlər Tural Məmmədzadə, Eltac Mamedli də hərbi xidmətdən, silah və texnikaların taktiki-texniki xüsusiyyətlərindən, sosial-məişət şəraitlərindən, göstərilən diqqətdən, döyüş hazırlıqlarından, hərbi xidmətdə keçirdiyi günlərdən ətraflı söhbət açdılar. Regionun ən güclüsü olan və rəşadətli Azərbaycan Ordusunun əsgəri olmalarından fəxr etdiklərini dedilər. Əlbəttə, məğrur əsgərlərimizin döyüş hazırlıqlarını artırmalarını əyani olaraq gördüyümüz zaman əminliklə deyə bilərik ki, torpaqlarımızın müdafiəsi etibarlı əllərdədir.

Orxan HÜSEYNLİ "Azərbaycan Ordusu"

fotolar Namiq PƏNAHOVUNDUR