Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

19 İyul 2023 11:10

Quruculuq işləri Zəfərdən sonrakı növbəti zəfər olacaq!

İkinci Qarabağ müharibəsində qazanılan tarixi Zəfərdən sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq sərəncamları ilə işğaldan azad edilmiş ərazilərdə quruculuq işləri başlayıb. Yollar çəkilib, çəkilir, infrastrukturlar yaradılıb, yaradılır, su elektrik stansiyaları fəaliyyətə başlayıb. Kəndlər, şəhərlər yenidən qurulur. Bu proses Zəfərin davamıdır. İşğaldan azad edilmiş ərazilərdə quruculuq işləri də zəfərlə başa çatacaq. 2023-cü ili də bu ovqatla yaşayırıq - Azərbaycan naminə, azərbaycançılıq naminə.
Hərbi hissədə olduğumuz zaman əsgərlərin asudə vaxtı idi. İkinci Qarabağ müharibəsini, döyüşləri, qazanılan Zəfəri xatırlamışdılar. Mayor Faiq Mehdiyev Zəfərdən sonra Azərbaycan gerçəkliklərindən söz açmışdı, müharibənin başa çatdığını, müharibədə erməniliyin törətdiklərini xatırlatmışdı, işğaldan azad edilmiş ərazilərimizdə böyük quruculuq işləri getdiyini demişdi. Zabitin dediklərini maraqla dinləyən əsgərlərdən biri bu söhbəti "Zəfərdən sonrakı növbəti zəfər haqqında söhbət" adlandırmışdı. Bu adlandırma hamımızın könlünə yatmışdı. İndi də əsgərlər bir qədər təəssüflə, bir qədər qürurla İkinci Qarabağ müharibəsini xatırladı:
- Onda məktəbli idim. Döyüşlərdən uzaqda olsaq da döyüşləri biz də yaşayırdıq. Mən də digər həmyaşıdlarım kimi döyüşləri televiziyadan izləyirdim. Noyabrın 8-i gecəsi bütün azərbaycanlıların, Azərbaycanı sevənlərin qürur gecəsi idi. İmkanımız olsaydı, Şuşaya kimi qaça-qaça gedərdik.
Əsgər İsaxan Abdullayevin dediklərini həmin vaxtlarda o gün bu əsgər yaşda olanların hamısının niyyəti olduğunu xatırladıq.  
- Sizi hərbi xidmətə bu xoş niyyət gətirib, - dedim. Xoş təbəssüm, xoş təbəssümün sarıldığı ovqat işığa dönüb, bu görünməyən, duyulan, hiss edilən işıq hərbi xidmətdən mülki həyata aparacaq yolu nişan verir:
- İşğaldan azad edilmiş ərazilərdə quruculuq işləri uğurla davam edir. Murov dağdan Kəlbəcərə açılan tunel bu işlərin başlanğıcı oldu. İstifadəyə verildikdən sonra bu tunel yolu qısaldacaq, qışda, qarda-sazaqda təhlükələri aradan qaldıracaq, - əsgər Malik Arzumanov belə dedi. Bu fikir digər əsgərlərin düşüncələrini tərpətmişdi, onlar da söhbətə qoşulmuşdu. Zəfərdən sonrakı növbəti zəfər haqqında danışılanlar da Azərbaycan əsgərinin mənəvi dünyasının genişliyinin ifadəsiydi. Onların dediklərini İkinci Qarabağ müharibəsi iştirakçılarının döyüş təəssüratlarını dinlədiyimiz maraqla, sevgi ilə dinlədik:
- Əsgər İlham Qurbanovun atası Cəbrayıldan çıxanda 12 yaşı varmış. İlham deyirdi ki, atam Cəbrayılı hər gün xatırlayırdı. Ali Baş Komandanın əmri ilə döyüşlər olacağına, torpaqlarımızın işğaldan azad ediləcəyinə atam da inanırdı. Hərdən deyirdi ki, icazə versələr mən də döyüşəcəm. Döyüşlər oldu. Atamı döyüşlərə aparmadılar. Cəbrayıl da işğaldan azad edildi. İşğaldan azad edilmiş ərazilərdə quruculuq işlərində atam da iştirak edir.
- Atan döyüşlərin əsgəri ola bilməsə də quruculuq işlərinin əsgəridi, - zabit F.Mehdiyev belə dedi.
- Tərxis edildikdən sonra əsgər yoldaşlarımın əksəriyyəti quruculuq işlərinə getməyə qərarlıdı, - əsgər inamla, minnətdarlıqla əsgər yoldaşlarına baxdı. Bu baxışlar mənə döyüşlərin iştirakçısı olmuş bir zabitin döyüş təəssüratlarını xatırlatdı.
Döyüşlərin gedişində əsgərlər bir-birini bir baxışla başa düşürdü, məsafə imkan verəndə güllə, mərmi səsləri içində döyüşü necə davam etdirməyi bir-birlərinə baxış diliylə anladırdılar. Neçə mövqe qələbəsi belə qazanılmışdı. Bugünkü baxışlar da quruculuq işlərində niyyətlərin ünvanını nişan verdi: Əsgərlər hərbi xidmətdən tərxis edildikdən sonra Vətən naminə quruculuq işlərinin əsgəri olacaqlar. "Əsgər" şərti adlandırmadı. Yəni onlar Vətənə sədaqətlə xidmət etdikləri kimi quruculuq işlərində də əsgəri məsuliyyətlə işləyəcəklər. Düşündüklərimi əsgər Vüsal Abbasovun dedikləri tamamladı:
- Mən ali təhsil almaq istəyirəm. Ancaq qiyabi oxuyacam. Mənə elə gəlir ki, işğaldan azad edilmiş ərazilərdə gedən quruculuq işlərində iştirak, Vətən müharibəsində iştirak etmiş əsgərlərimizin davamçısı olmaqdır. Onlar Vətən üçün döyüşmüşdülər, biz Vətən üçün işləyəcəyik.
- Atam Birinci Qarabağ müharibəsi əlili idi. Döyüşlərdə iştirak etmədi. Torpaqlarımız işğaldan azad ediləndə çox sevinmişdi. Ancaq Ağdama, ata yurduna getmək ona nəsib olmadı. Atamın istəyini mən gerçəkləşdirəcəm. Tərxis ediləndən sonra Ağdamda atamın ata yurduna da gedəcəm, Ağdamda gedən tikintilərdə işləyəcəm də. Vətən borcumu yerinə yetirdiyim kimi övladlıq borcumu da yerinə yetirəcəm. Atam həmişə "Zəfər ruhumu dustaqlıqdan azad elədi, ay oğul...", - deyirdi. Quruculuq işlərində iştirakım atamın ruhuna təsəlli olacaq, - neçə ay əvvəl bir əsgərin başqa bir əsgərə dediklərini xatırlatdım...
Silahlı Qüvvələr günü ərəfəsində hərbi hissələrdən birində "Əsgərdən məktub gəlib" layihəsini başa çatdırmışdıq. Əsgərlərlə söhbətləşirdik. Söz sözü çəkmişdi. İşğaldan azad edilmiş ərazilərdə davam edən quruculuq işlərindən danışırdıq. Zabitin quruculuq işlərinin Zəfərin davamı olduğunu xatırlatması əsgərləri duyğulandırdı. Əsgərlər ermənilərin bir-iki saata dağıtdığı bir evin, bir aya tikilə biləcəyini xatırlatdılar:
- Buna qüvvə lazımdı. Qüvvə - bizik, qüvvə - xalqdı. Tikəcəyik. Kəndlərimiz əvvəlkindən də yaxşı olacaq. İkinci Ağalı kəndi kimi, Talış kəndi kimi, Laçın kimi.
- Torpaqlarımız işğaldan azad ediləndə bir Ana demişdi ki, qarşıma çıxan ilk əsgəri şəhid oğlum əvəzi bağrıma basacam, böyük yoldan evimizə kimi dizin-dizin gedəcəm. O Ananın oğulları əlbəttə ki, quruculuğun əsgəri olacaqlar. Onlar ata yurduna bu ruhla qayıdacaqlar, ata yurdunda bu ruhla ocaq çatacaqlar, - dedim.
Əsgər Ruslan Ələsgərov maraqlı, qürurverici bir fakt xatırladı:
- İki qardaş tanıyıram. Səməd hərbi xidmətdən bu il, böyük qardaşı Vasif ötən il tərxis edilib. Vasif buldozerçi idi, Səməd sürücü. İndi ikisi də işğaldan azad edilmiş ərazilərdə işləyir. Hərbi xidmətdə olduğuma görə görüşə bilmirik. Görüşəndə "Hərbi xidmətdən sonra quruculuq işlərini hərbi xidmətin mənəvi davamı bilirik" deyəcəklərinə əminəm. Azərbaycan əsgərlərinin düşüncələri nə qədər bəşəri düşüncələrdi, nə qədər yurd mehirli düşüncələrdi!
Əsgərin dediklərini bir sorğuya vasitə etdim:
- İkinci Qarabağ müharibəsində qazanılan tarixi Zəfərin qüdrətidir ki, böyük quruculuq işləri gedir. Yaxın vaxtlarda işğaldan azad edilmiş ərazilərdə erməniliyin nişanələri qalmayacaq. Quruculuq işlərinə Zəfərin davamı deyə bilərikmi?
- Əlbəttə, deyə bilərik. Zəfərin işğaldan azad etdiyi ərazilərdə işləmək də vətəndaşlıqdı. Biz yaxşı əsgər olduğumuz kimi, yaxşı da vətəndaş olacağıq. Zəfər qazanmağa yaşımız imkan vermədi, Zəfərdən sonra başlayan quruculuq işlərində tərxis edilən əsgərlər də böyük məsuliyyətlə iştirak edəcək, - əsgərlər belə dedilər.
- Hərbi xidmətə gəlməmiş televiziyada işğaldan azad edilmiş kəndləri görəndə ürəyimiz qan ağlayırdı. Sonralar Ağalı kəndini görəndə əmin olduq ki, bütün kəndlərimiz yenidən qurulacaq. Çoxlarının ürəyindən keçdi ki, o da yenidən qurulan kəndlərdə daş üstə daş qoysun. Mən də o çoxlarından biri olmuşdum. Bir neçə aydan sonra tərxis olunacam. Bir neçə ay üstəgəl beş-on gün, niyyətimin ünvanında olacam, - əsgərlər belə də dedilər...
Mayor Elman Əsgərov maraqlı bir məqamı xatırlatdı:
- Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev may ayının 28-də Laçına səfərində qeyd etdi ki, Laçında tibb məntəqəsi hazırlanır, məktəb yeni dərs ili üçün hazır olacaq. Onlarla müəssisə yaradılacaq, Aqro və Sənaye Parkı yaradılmaqdadır, 7-8 ay ərzində 700 bina tikilib ki, bunun da 620-si fərdi yaşayış binasıdır, 9 çoxmənzilli binanın da tikintisi başa çatıb. Laçınlıların Laçına qayıdışı başlayıb. Bu qayıdış Böyük Qayıdışın başlanğıcıdır.
Ötən il Kəlbəcərdəydim. Zəfər muzeyinin tikintisində iştirak edənlərlə kəlmələşmişdik. Fəhlələrdən biri sözarası demişdi ki, hərə gündə bir daş artıq qaldırsa, divar bir gün tez ucalar, bina üç gün, beş gün tez təhvil verilər. Belə tikinti rayonun aylarla tez dirçəlişi olar. Belə işləyəcəyik. Əsgərlərin söhbətlərini Kəlbəcərdə fəhlələrin dediklərinin davamı bildim.
Yaşadığımız gözəl könül xoşluğunu işğaldan azad edilmiş ərazilərdə yollar çəkənlərimizə, körpülər quranlarımıza, evlər, binalar tikənlərimizə, aeroportlar yaradanlarımıza, gərəkli infrastrukturlar quranlarımıza, ... əsgər xeyir-duası bilirik, bu xeyir-dua həm də bir vədin zəmanətidi: Sıranıza gələcəyik!..
Əsgərlər əminliklə dedi ki, quruculuq işləri Zəfərdən sonrakı zəfər olacaq!

Rəşid HÜSEYNOV "Azərbaycan Ordusu"