Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

15 İyul 2023 16:20

“Vətən fədailəri” kitabının təqdimat mərasimi keçirildi

Kürdəmir rayonundakı İlyas Məmmədov adına Ərəbqubalı kənd tam orta məktəbində Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin Xaqani Şirvani adına Aran Regional filialının təşkilatçılığı ilə şəhid anası Şövqiyyə Ülvinin (Azayeva) "Vətən fədailəri" adlı kitabının təqdimat mərasimi keçirildi.
Əvvəlcə Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin, dövlətimizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildi.
 Mərasimdə Şövqiyyə Ülvinin Vətən müharibəsində şəhid olan oğlu Ülvi Azayevin və Ərəbqubalı kənd məzarlığında dəfn edilən şəhidlərin məzarları ziyarət edilərək üzərlərinə tər çiçək dəstələri düzüldü.
Mərasimi giriş sözü ilə kitabın redaktoru, muzeyin Aran filialının müdiri, filologiya üzrə fəlsəfə doktoru Yaqut Bahadurqızı açaraq, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin sərkərdəliyi ilə İkinci Qarabağ müharibəsində qazanılan Qələbənin müstəqillik tariximizin ən böyük zəfəri olduğunu bildirdi. Sentyabrın 27-dən əks-hücum əməliyyatı ilə başlayan İkinci Qarabağ müharibəsində tarixi Zəfər qazanmasından, sonrakı quruculuq dövründə yazılan ədəbi-bədii əsərlərdən, onların cəmiyyətimizin formalaşmasında və gənc nəslin vətənpərvərlik tərbiyəsində əhəmiyyətindən söhbət açdı. Yaqut Bahadurqızı müəllifin vətənpərvərliyindən, övlad sevgisindən, kövrək duyğularından, qələmə aldığı qəlb göynədən şeirlərindən bəhs edərək, onun yeni çapdan çıxmış "Vətən fədailəri" kitabını tədbir iştirakçılarına təqdim etdi.
Kürdəmir rayon İcra Hakimiyyətinin nümayəndəsi Mirmahmud Mahmudov, Ərəbqubalı kənd tam orta məktəbin direktoru Mayis Bayramov, şəhid anaları Simuzər Bağıyeva, Cəmafət Əzizova, şairə Tənzilə Əliyeva və digərləri çıxışlarında qeyd etdilər ki, "Vətən fədailəri" kitabında torpaqlarımızın işğaldan azad edilməsi uğrunda gedən döyüşlərdə şəhid olanların qəhrəmanlığından həssaslıqla, təəssübkeşliklə, ana nəvazişiylə söz açılıb. Kitabın yeniyetmələrə, gənclərə vətənpərvərlik ruhu aşılayacağını bildirilib. Həmçinin qeyd olunub ki, belə kitablar gələcəkdə qəhrəmanlıq, vətənpərvərlik, Vətənə, torpağa sevgi kimi müqəddəs hislərin daha da müqəddəsləşməsinə töhfə verəcək.
Sonra kitabın müəllifi Şövqiyyə Ülvi (Azayeva) göstərilən diqqətə görə tədbirin təşkilatçısı Yaqut Bahadurqızına, məktəbin kollektivinə və iştirakçılara minnətdarlığını bildirdi. Şəhid ailələrinə və rayon ictimaiyyətinin nümayəndələrinə "Vətən fədailəri" kitabını hədiyyə etdi.
Sonda məktəblilər "Vətən fədailəri" kitabından hazırladıqları ədəbi-bədii kompozisiyanı təqdim etdilər.

Hüsniyyə NƏSİROVA "Azərbaycan Ordusu"