Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

12 İyul 2023 15:25

“Hərbi xidmətdən qürur duyuram”

Bu gün ordumuzun sıralarında kişilərlə yanaşı, qadın hərbi qulluqçular xidmət edirlər. Kişilik və cəsurluq rəmzi olan hərbi forma geyinmiş bu qadınlar harada, hansı sahədə xidmət etmələrindən asılı olmayaraq, həmişə üzərlərinə düşən tapşırıqların öhdəsindən bacarıqla gəlirlər. Belə hərbçi qadınlardan biri də Hərbi Hava Qüvvələrinin hərbi hissəsində şərəfli xidmət yolu keçməkdə davam edən çavuş Rada Qasımovadır.
Çavuş Rada Qasımova Mingəçevir şəhərində dünyaya göz açıb. Orta təhsilini 12 nömrəli məktəbdə alıb. 1995-ci ildə Gəncə Dövlət Texnologiya Universitetinə qəbul olub. Dörd il ərzində bilik və təcrübəsini daha da artırıb. 1999-cu ildə ali təhsilini uğurla başa vuran Rada, San Marino Beynəlxalq Elmlər Akademiyasının Mingəçevir filialında kiçik elmi işçi kimi əmək fəaliyyətinə başlayıb. 2003-cü ildən isə həyatını hələ kiçik yaşlarından böyük sevgi və məhəbbət bəslədiyi orduya bağlayıb. "N" hərbi hissəsində xidmətə başlayıb. Artıq xatirələrə hopmuş həmin illərdən söz açan Rada Qasımova dedi:
- Arzum, istəyim elmi işlərin arxasınca getmək idi. Amma tale məni yurdumuzun ən etibarlı keşikçisi, gündən-günə gücünü, qüdrətini artıran orduya gətirib çıxartdı. Taleyimdən çox razıyam. Bu gün böyük vüqar və qürurla doğmadan doğma olan ordumuzun sıralarında zabit və əsgərlərlə çiyin-çiyinə xidmət edirəm. Komandirlərimin verdiyi bütün əmr və tapşırıqları yerinə yetirirəm. Yaxşı deyiblər ki, aslanın erkəyi-dişisi olmaz. Təkcə mən deyiləm, bu gün ordumuzun sıralarında onlarla hərbçi qadın xidmət edir. Mən də onlardan biri kimi hərbi xidmətdə olduğum üçün qürur duyuram. Xidmətimə məsuliyyətlə yanaşıram. İkinci Qarabağ müharibəsinin başladığı günlərdə hərbi hissəmizin şəxsi heyəti çox mühüm bir tapşırığı - yurdumuzun hava sərhədlərini qorumaq tapşırığını yerinə yetirirdi. Hər bir zabit, hər bir əsgər mövqeyində ayıq-sayıq dayanmışdı. Düşmən ölkəmizin ərazisindəki strateji obyektləri vurmağa çalışırdı. Amma hava hüdudlarımızı qoruyan hərbçilərimiz dəqiq atəş zərbələri ilə erməni işğalçılarının hücümlarının qaşısını alırdı. Zabit və əsgələrimiz düşmən üzərində zəfərin qazanılması naminə böyük hünər və qəhrəmanlıq göstərirdilər. Düşmən hədəfləri vaxtında aşkarlanır və məhv edilirdi. 44 gün davam edən Vətən müharibəsində qələbəmiz naminə gərgin günlər yaşadıq. Həmin xidmət günləri həyatımın ən şərəfli anlarıdır. Bu anlar heç vaxt unudulmayacaq.  
Söhbət zamanı onu da öyrəndim ki, qürur və iftixarla hərbi forma daşıyan çavuş Rada Qasımovanın qardaşı Nazim Qasımov Birinci Qarabağ müharibəsi iştirakçısıdır. 1992-ci ildən 1994-cü ilə kimi Ağdam rayonu istiqamətində gedən döyüşlərdə vuruşub. Təəssüflər olsun ki, Nazim döyüşlərin birində ağır yaralanıb. İndi o, 2-ci qrup əlildir. Rada bizimlə söhbətində onu da dedi ki, İkinci Qarabağ müharibəsinin getdiyi günlərdə qardaşı döyüşlərin gedişini diqqətlə izləyirdi. Cəbhəyə getməyə can atsa da, sağlamlığı buna yol vermirdi. Vətən müharibəsində qüdrətli ordumuzun erməni işğalçılarını məğlubiyyətə uğradıb qalib gəlməsi, torpaqlarımızı azad etməsi qardaşımı çox sevindirdi. Bu sevincin cizgiləri hələ də onun üzündən çəkilməyib.

Vahid MƏHƏRRƏMOV "Azərbaycan Ordusu"