Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

12 İyul 2023 15:25

“Hədəflər vaxtında aşkarlandı və məhv edildi”

Mayor Afiq Əliyev 1988-ci ilin ilıq bir yaz günündə Ağdam rayonunun Qiyaslı kəndində dünyaya göz açıb. Göz açıb ki, doğulduğu bu əsrarəngiz diyarda gözəl günlər yaşasın. Amma erməni işğalçıları nə onu, nə də onun doğmalarını ata-baba yurdunda yaşamağa qoymadılar. İşğalçılar 1993-cü ilin yay günlərində onların kəndlərinə hücum etdilər, evlərini top-tüfəngə tutdular. Gözəl günlərin ahəngi pozuldu. Beləcə, beş yaşı yenicə tamam olmuş Afiq valideynləri ilə bərabər göz yaşları içində ata-baba yurdlarından didərgin düşdü. Beş yaşlı körpə ağrı-acılarla dolu qaçqınlıq həyatı yaşadı...
Doğma ocaqlarından məcburi köçkün düşəndən sonra Afiqgil böyük çətinliklə Mingəçevir şəhərində məskunlaşa bildilər. Yaşı çatanda Afiq şəhərdəki İlqar Kişiyev adına 17 nömrəli orta məktəbdə oxumağa başladı. Elmə, biliyə böyük həvəsi olan Afiq Əliyev kiçik yaşlarından dərslərə böyük maraq göstərirdi. Bu maraq illər sonra onu qüdrətli bir ordunun zabiti olmaq arzusuna qovuşdurdu.
Həmin illərdən söz açan mayor Afiq Əliyev dedi ki, 2002-ci ildə zabit olmaq istəyi ilə C.Naxçıvanski adına Hərbi Liseyə üz tutdum. Zabit olmaq, doğma ordumuzun sıralarında xidmət etmək çoxdankı arzum idi. İlk addımım həyatımın ən uğurlu ili oldu. Sınaqlarda yüksək nəticələr əldə edərək istəyimə çatdım. Hərbi liseydə müxtəlif fənlərlə yanaşı, hərbi biliklərə də yiyələndim. 2005-ci il də həyatımda ən yaddaqalan illərdən biri oldu. Çünki həmin il Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə (indiki Heydər Əliyev adına Hərbi İnstitut) qəbul oldum.
Hiss olunmadan keçən zaman yavaş-yavaş məni arzularımın zirvəsinə yüksəldirdi. "Leytenant" hərbi rütbəsi aldım. 2009-cu ildə ali hərbi təhsilimi başa vurdum. 2009-2010-cu illərdə Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzində hərbi bilik və döyüş vərdişlərimi daha da təkmilləşdirdim. 2010-cu ildən "N" hərbi hissəsində taqım komandiri kimi xidmətə başladım. Yurdumuzu düşmənin hava hücumlarından qoruyurdum. Doğma ocaqlarımıza qayıdacağımız günü intizar və həsrətlə gözləyirdik. Əmin idim ki, gündən-günə inkişaf edən, möhkəmlənən, güc və qüdrətini artıran ordumuz torpaqlarımızı erməni işğalçılarından azad etməyə qadirdir! Əmin idim ki, döyüşlərdə qələbə mütləq bizim olacaq. Çünki biz haqq işimiz uğrunda döyüşəcəyik!
27 sentyabr 2020-ci ildə düşmən təxribatı nəticəsində başlanan İkinci Qarabağ müharibəsində ordumuz xalqın ona bəslədiyi ümidləri doğrultdu. Mayor Afiq Əliyev özü də bu uğurlu əməliyyatların iştirakçısı oldu. Həmin döyüşlərdən söhbət açan zabit A.Əliyev dedi ki, istər sülh, istərsə də döyüşlər zamanı hava hücumundan müdafiə qüvvələrinin üzərinə böyük məsuliyyətli vəzifələr düşür. Daim ölkəsinin hava ərazisini - hüdudlarını düşməndən qoruyur. Vətən müharibəsi başlanan kimi biz də yurdumuzu düşmənin hava hücumlarından müdafiə etdik. Erməni işğalçıları ölkəmizin ərazisindəki strateji obyektləri havadan vurmağa çalışırdı. Biz xidməti vəzifələrimizə ayıq-sayıq, məsuliyyətlə yanaşaraq, qəsbkarların hava zərbələrinin qarşısını almağı bacarırdıq. Düşmən hədəflərini aşkarlayan kimi qısa müddət ərzində onu zenit-raket qoşunlarına ötürürdük. Saniyələr sonra isə həmin hədəflər məhv edilirdi. Beləcə, döyüşlərin davam etdiyi günlərdə erməni işğalçılarının onlarla hava hücumunun qarşısını aldıq, hədəflər vaxtında aşkarlandı və məhv edildi. Hərbi hissəmizin şəxsi heyəti İkinci Qarabağ müharibəsinin davam etdiyi günlərdə üzərinə düşən döyüş tapşırıqlarının öhdəsindən bacarıqla gəldi. Yuxusuz qaldığımız gecələrin hesabına qələbə qazandıq. Buna görə indi hamımızın başı uca, alnı açıqdır.
Döyüşlərdə göstərdiyi hünər və cəsarətə görə Əliyev Afiq Əli oğlu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq Sərəncamı ilə "Hərbi xidmətlərə görə" medalına layiq görülüb.
Artıq üçüncü ildir ki, mayor Afiq Əliyevin qoynunda doğulduğu Ağdam rayonunun Qiyaslı kəndi erməni işğalçılarından azad olunub. İnanırıq ki, çox keçməyəcək, Afiq günlərin birində valideynləri və övladları ilə birlikdə böyük sevinc içində doğma ocaqlarına qayıdacaq. Qismətlərinə düşən ömrü bundan sonra sevinc içində yaşamağa davam edəcəklər.

Vahid MƏHƏRRƏMOV "Azərbaycan Ordusu"