Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

12 İyul 2023 15:25

Şəhidlərin şərəfli döyüş yolunu özünə örnək bilən əsgər

Vətənin müdafiəsində dayanmaq, onu qorumaq şərəfli olduğu qədər də müqəddəsdir.  Azərbaycan əsgəri bu müqəddəsliyi Vətən müharibəsində  qanı ilə tarix yazaraq qorudu və gələcək nəsillərin yaddaşına köçürdü. Torpaqlarımızın azadlığı uğrunda şərəfli döyüş yolu keçənlər illərə, əsrlərə söykənən xalqımızın  qəhrəmanlıq ənənələrini əməlləri ilə yaşatdılar. Onların Vətən naminə atdıqları hər bir addım bugünkü və gələcək əsgərlərimizin xidmət  yoluna mayak oldu.
Şəhidlərin şərəfli döyüş yolunu hər zaman özünə örnək bilən əsgərlərimizdən biri də Surac Xudaverdiyevdir. Surac Biləsuvar rayonunun Bəydili kəndində doğulub.  O, göz açdığı doğma Bəydili kəndinin torpaqlarımızın azadlığı uğrunda canından keçən neçə-neçə şəhidi olduğunu bildirdi.
Surac deyir ki, könüllü olaraq kəndimizdən Birinci və İkinci Qarabağ müharibəsində iştirak edən neçə-neçə cəsur oğullar olub. "Bibim oğlu Kənan Rüstəmli 44 günlük Vətən müharibəsində noyabrın əvvəlində Xocavənd istiqamətində gedən ağır döyüşlərdə şəhid oldu. Hazırda Azərbaycan Ordusunda xidmət edən doğmalarım, dostlarım da çoxdu. Mən də hərbi xidmətimi başa vurduqdan sonra yenidən ordu sıralarına qayıdacam. Hələ orta məktəbdə oxuduğum vaxtlarda hərbçi peşəsinə böyük marağım olub. Xidmətimi davam etdirmək üçün sənədlərimi hazırlayıb "Gizir hazırlığı kursu"na təqdim edəcəm. Yeri gəlmişkən deyim ki, kiçik qardaşım Nurlan Xudaverdiyev də bu günlərdə müddətli həqiqi hərbi xidmətə başlayacaq. Onun 18 yaşı var. Qardaşım bu günü səbirsizliklə gözləyirdi. Vətənə xidmət şərəf, vicdan borcumuzdur. Necə ki, şəhidlərimiz ölkəmizin ağır sınaq günlərində sinələrini Vətənə  sipər etmişdilər. Canları, qanları bahasına xalqımıza Qələbə sevincini yaşatdılar. Onların xatirəsi qəlbimizdə əbədi yaşayacaq".
Komandirləri deyir ki, Surac xidmətə başladığı ilk gündən hərbi vərdişlərə dərindən yiyələnir. Özünü bacarıqlı, intizamlı və nümunəvi əsgər kimi göstərir.  Verilən bütün tapşırıqlara həmişə məsuliyyətlə yanaşır. Vəzifə borcunu şərəflə yerinə yetirir. Xidmət etdiyi hərbi hissədə komandirlərinin, əsgər yoldaşlarının rəğbətini qazanmağa davam edir. O, Vətənə, dövlətə, xalqa xidmətini həyatının mənası hesab edən və Hərbi Anda  sadiq qalan Azərbaycan əsgəri adını şərəflə daşımaqdan qürur duyur.
Bir ildir ki, hərbi xidmətini uğurla yerinə yetirən Suraca Vətənin keşiyində daha da əzmlə dayanmağı  arzuladıq.  
Bu Vətən torpağı Sizə əmanətdir, qəhrəman Azərbaycan əsgəri! Bu Vətən torpağı Sizin çiyinlərinizdə daim ucalacaq, var olacaq!

Lalə HÜSEYNOVA "Azərbaycan Ordusu"

foto Namiq PƏNAHOVUNDUR