Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

12 İyul 2023 15:25

Qələbə əzmli topçular

Günorta vaxtıdır. Göyün üzünə sanki dumandan boz pərdə çəkilib, günəşin şüalarını yerə düşməyə qoymur. Hava da istidən adamın gözlərini qamaşdırır. Uzaqdan görünən açıq sahədə açılmış toplar da bir xətdə sıralanıb. Hər topun yaxınlığında ərazinin rənginə uyğun alaçıqlar quraşdırılıb. İsti havalarda heyətlər bu alaçıqların altında günəş şüalarından qorunurlar. Vaxt itirmədən alaçıqlara yaxınlaşıram. İlk qarşılaşdığım zabit Faiq Mehdiyevi illərdir tanıyıram. Bacarıqlı, işində məsuliyyətli bir zabit kimi yaddaşıma həkk olunub. Sarışın, xoş rəftar bu zabitlə görüşmək həmişə xoşdur.
Zabit Faiq Mehdiyev bacarıqlı, nümunəvi top heyətlərindən söz açır. Bu hərbi hissə İkinci Qarabağ müharibəsində hücum edən piyada bölmələrimizin irəliləməsi üçün artilleriya dəstəyini təmin edib. Birləşmənin bölmələri cəbhənin müxtəlif istiqamətlərində uğurlu döyüş əməliyyatları aparıblar. Onlar düşmən hədəflərini vaxtında aşkar edərək sərrast atəşlə məhv ediblər. Zabit deyir ki, nümunəvi heyət olaraq birini göstərsəm, o birilərinin haqqına girmiş olaram. Hamısı bacarıqlı və peşəkardı. Amma döyüşlərdə yüksək peşəkarlıq nümayiş etdirmiş zabit Elşən Vəliyevin tabeliyində olan bölməyə getmək daha məqsədəuyğundur.
Bizi məşğələ yerində kapitan Elşən Vəliyev qarşılayır. Ortaboylu, gülərüz, öz işini mükəmməl bilən bu zabit indiki Heydər Əliyev adına Hərbi İnstitutu bitirib. Zabit olmaq Elşənin ən böyük arzusu olub. Arzusuna çatan zabit ali hərbi təhsil aldığı illərdə hərb elminə mükəmməl yiyələnməyi qarşıya məqsəd qoyub.  Məqsədinə nail olub. Zabit kimi xidmətə başladığı ilk gündən komandiri olduğu əsgərlərə təhkim edilmiş silahdan istifadə qaydalarını lazımınca öyrətməyə çalışıb. Kapitan Elşən Vəliyevdə formalaşan xarakter - tabeliyində olanlara qarşı zabit qayğısı, zabit tələbkarlığı hər zaman onu uğura aparıb. 44 günlük Vətən müharibəsində qazanılan qələbə isə ən böyük uğurudur.
- Vaxtilə düşmənin işğalı altında qalan torpaqlarımıza görə həm vətəndaş, həm də zabit olaraq narahat olurdum. Hər dəfə əsgərlərə təlim keçəndə, onları hərbi bilikləri mənimsəməyə ruhlandıranda erməni tapdağı altında qalan yurd yerlərimizin azad ediləcəyi günün gələcəyini deyirdim. 27 sentyabr 2020-ci il unudulmayan tarix oldu. Həmin gün Ali Baş Komandan əks-hücum əmri verdi. Komandirlik etdiyim bölmə ilə birlikdə Xocavənd istiqamətində döyüş tapşırığının yerinə yetirilməsi üçün hərəkətə başladıq. Qısa müddətdə komandirlik etdiyim bölmə müəyyən mövqeyə çatdı və döyüş düzülüşünə açıldı. Bütün cəbhə boyu şiddətli döyüşlər gedirdi. Vaxt itirmədən verilən hədəflərə toplardan atəş açmağa başladıq. Sevinirdik, qürurlanırdıq. Çünki səbirsizliklə gözlədiyimiz əmri icra edirdik. Füzuli, Cəbrayıl istiqamətində düşmən daha güclü müqavimət göstərməyə çalışırdı. Biz həmin istiqamətdə hücum edən piyada bölmələrimizin irəliləməsi üçün dəstək verirdik. Ermənilərin ön xəttə köməyə gələn canlı qüvvəsi və silah-sursatlarının daşınmasının qarşısını aldıq. Düşmənin müdafiə rayonunun dərinliyində hərəkətdə olan döyüş texnikaları və atəş mövqelərini sıradan çıxarmaqla onun müdafiə qabilyyətini zəiflətdik. Beləliklə, piyada bölmələrimiz üzbəüz döyüşdə düşməni məhv edərək əzəli torpaqlarımızı hissə-hissə azad etməyə başladı.
Zabit Elşən Vəliyev döyüşlərdə göstərdiyi xidmətlərə görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq sərəncamları ilə "Cəbrayılın azad olunmasına görə" və "Füzulinin azad olunmasına görə"  medalları ilə təltif olunub.
Heyətlər çöl məşqlərini davam etdirirlər. Top komandiri müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Cavidan Usubov heyət üzvləri ilə məşqlərinə davam edir. Bölmə komandirindən aldığı komandanı vaxtında, dəqiq yerinə yetirmək topçuların başlıca vəzifəsidir. Burada hər bir heyət üzvünün öz döyüş tapşırığı var. Hər kəs döyüş zamanı hansı tapşırığı icra edəcəyini yaxşı bilir. Baş tuşlayıcı Ruslan Məmmədovun da üzərinə mühüm vəzifə düşür. Belə ki, o, aldığı döyüş tapşırığını yerinə yetirmək üçün topu hədəfə doğru istiqamətləndirir. Topu sağa-sola, aşağı-yuxarı hədəfləyən qurğuları son dərəcə yaxşı öyrənmək lazımdır ki, atılan mərmi hədəfə dəqiq dəysin. Digər heyət üzvlərinin də xidməti fəaliyyəti heç də tuşlayıcıdan, yaxud digərlərindən az deyil. Burada hər bir heyət nəfərinin əsas vəzifəsi döyüş tapşırığının icrası zamanı müsbət nəticə əldə etməkdi.
Heyət üzvlərindən əsgərlər Anar Abbasov, Ceyhun Mustafayev, Tayfun Cavadzadə, Kənan Musayev və Emin Səmədov xidmət dövründə topdan mükəmməl istifadə etməyi bacaran hərbçilərdir. Onlar İkinci Qarabağ müharibəsindən sonra hərbi xidmətə gəlsələr də, yaxşı dərk edirlər ki, komandirlərinin onlara öyrətdiklərinə dərindən yiyələnmək lazımdır. Vətənimizin ərazi bütövlüyünə qarşı hər an düşmən təhdidi ola bilər. İstənilən hücumun qarşısını almaq və düşməni sarsıdıcı zərbələrlə geri çəkilməyə məcbur etmək üçün həm nəzəri, həm də praktiki bilikləri təkmilləşdirmək lazımdı.
Zabit Elşən Vəliyevlə daha bir çalışma nöqtəsinə yaxınlaşıram. Burada əsgər Elşən Səfərbəyovun qarşısında balaca masa var. Əsgər komandirin verdiyi rəqəmləri masanın üzərindəki planşetin üzərinə köçürməklə hədəfə olan məsafəni hesablayır. Ona bir neçə hədəfə olan məsafənin hesablanması tapşırığı verir. Əsgər Elşən Səfərbəyov qısa müddətdə tapşırığı yerinə yetirir. O, bu barədə məruzə edir. Komandir əsgərin verdiyi çalışmanın icrasını yoxlayır. Məlum olur ki, hesablayıcı heç bir səhvə yol verməyib.
Beləliklə, biz artilleriyaçılarla daha bir təlim nöqtəsində görüşümüzü yekunlaşdırırıq.  Onlara təlimlərdə və çöl məşğələlərində uğurlar arzulayıb yolumuza davam edirik...

Bəxtiyar ƏLİYEV "Azərbaycan Ordusu"