Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

12 İyul 2023 15:25

Azərbaycan əsgəri qəhrəmanlıq nümunəsidir

Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin diqqət və qayğısı nəticəsində rəşadətli Azərbaycan Ordusu artıq yeni inkişaf mərhələsinə qədəm qoyub. Hərbi hissələrin müasir standartlara uyğun tikilməsi, şəxsi heyətin sosial-məişət şəraitinin yüksək səviyyəyə çatdırılması, ordumuzun müasir silahlarla təmin olunması istiqamətində görülən işlər sayəsində Azərbaycan Ordusu dünyanın ən güclü orduları sırasındadır. Yeni inkişaf mərhələsinə qədəm qoyan ordumuz qarşıya qoyulan bütün döyüş tapşırıqlarının öhdəsindən gəlməyə hazırdır. Şəxsi heyətin döyüş qabiliyyəti, cəsurluğu, qorxmazlığı və vətənpərvərliyi isə göz önündədir. Aprel döyüşləri, Günnüt əməliyyatı, Tovuz hadisələri və ən önəmlisi 44 günlük Vətən müharibəsi dediklərimizin əyani sübutudur.
Belə Vətən müdafiəçiləri ilə tanış olmaq məqsədilə işğaldan azad olunan ərazilərə yollandıq. Xalqımızın mərd oğulları ilə görüşmək, onlarla həmsöhbət olmaq bizə xoş hisslər yaşatdı. Çünki onlar çətin relyefli ərazilərdə xidmət etsələr də, Vətən keşiyində dayandıqları üçün qürurludurlar. Əminliklə deyirlər ki, dövlətimizin suverenliyinə, ərazi bütövlüyünə qarşı istənilən təxribatın qarşısını almağa daim hazırdırlar.
Söhbətimizə müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kiçik çavuş Elvin Hüseynli ilə başlayırıq. O, Vətənə xidməti özünə həm övladlıq, həm vətəndaşlıq, həm də mənəvi borc bildiyini deyir. Uşaqlıqdan hərbi peşəyə həyatını bağlayan zabitlər haqda kitablar oxuyar, filmlər izləyərdim. "Yadımdadır ki, kiçik yaşlarımda atamla birgə filmə baxırdıq. Bu film müharibə haqqında idi və orada bir səhnə vardı. Şəxsi heyətini döyüşə aparan komandirin şəxsi heyətin döyüş ruhunu qaldırmaq üçün işlətdiyi söz mənə həyatımın istiqamətini seçməyə kömək oldu. "Vətəni qorumaq da bir peşədir. Biz bu peşəni özümüzə borc bildik. Son damla qanımıza qədər döyüşməyə, döyüşdə qələbə qazanmağa hazırıq". Bu sözlər mənim üçün çox təsirli oldu. Daha sonra yaşa dolduqca hərb peşəsinə həvəsim artırdı. Ordu sıralarına qatılmadan öncə hərbi xidmət keçən dostlarıma məni maraqlandıran suallar verirdim. Aldığım cavablardan isə daha da çox həvəslənir və hərbi xidmətə çağrılacağım günü səbirsizliklə gözləyirdim. Nəhayət, o gün gəldi, sevincimin həddi-hüdudu yox idi. Azərbaycan əsgəri adını şərəflə daşımaq mənə də nəsib oldu. Xidmət dövrümdə şəxsi heyət üçün yaradılan sosial-məişət şəraiti, orduda olan maddi-texniki təminat, təlimlərdə qazandığım bilik və bacarıqlar hərb peşəsinə sevgimi daha da artırırdı. Tərxis olunduqdan sonra ordu sıralarına müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kimi qayıdacağıma qərar vermişdim. Bu gün qalib ordunun hərbi qulluqçusu olmağımla fəxr edirəm, öz üzərimdə durmadan çalışıram və komandirlərim tərəfindən verilən əmr və tapşırıqları vaxtında icra edirəm.
Manqa komandiri ilə söhbətimizi yekunlaşdırır, Vətən keşiyində dayanan mərd əsgərlərimizlə tanış oluruq. Onların gözlərindəki Vətən sevgisini gördüyümüz zaman bir daha əmin oluruq ki, xalqımızın dinc yaşayışını təmin etmək üçün torpaqlarımızın keşiyində ayıq-sayıq dayanırlar.
Azərbaycan əsgərinin qaməti, duruşu, qətiyyəti Vətən müharibəsində düşmənin kabusuna çevrilmişdi. Cəmi 44 gün ərzində doğma torpaqlarımızı işğaldan azad edən döyüşçülərimizin yazdığı qəhrəmanlıq salnaməsi indiki Vətən keşikçilərinə nümunədir. Bu müharibədə qazanılan Zəfərin unudulmaz tarix olduğunu bildirən əsgər Şahmar Ədilxanov sözünə başlayır. "Əgər kimsə bizim müstəqilliyimizə, suverenliyimizə qarşı təxribat törətməyə çalışarsa, rəşadətli Azərbaycan Ordusu istənilən təxribatın qarşısını almağa, qarşı tərəfi məğlub etməyə hazırdır. Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə ordumuz İkinci Qarabağ müharibəsində dövlətimizin gücünü və qüdrətini düşmənə nümayiş etdirdi. Cəsur döyüşçülərimizin yazdığı qələbə tarixi sosial şəbəkələrdə paylaşılır, məktəblərdə tədris olunur, dillərdə dastanlara çevrilir. Əminliklə deyə bilərəm ki, Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə Azərbaycan Ordusunun qazandığı qələbə dünya hərb tarixində layiqli yerini tutmaqdadır. Hər bir azərbaycanlı bu Zəfərin bir parçası olmaqla fəxr edir. Mən də öz növbəmdə qeyd etmək istəyirəm ki, işğaldan azad olunan ərazilərdə xidmət etdiyim üçün çox qürurluyam".
Əsgər Mahir Hüseynov hərbi xidmətinin çox hissəsini geridə qoyduğunu bildirir. "Mən də Vətənimizin müdafiəsində dayanan Azərbaycan əsgəri adını daşımağımla fəxr edirəm. Xidmətdə olduğum müddət ərzində öz üzərimdə daim çalışmışam. Hərbi xidmətə gəldiyim gündən, çoxlu dostlar qazanmışam. Deyirlər ki, əsgər dostluğu əbədidir. Mən buna əminəm”.
Növbəti müsahibimiz əsgər  Sadiq Hüseynov göstərilən qayğı və diqqət üçün ordu rəhbərliyinə öz minnətdarlığını bildirir. "Xidmətimizin təşkili üçün lazım olan hər cür şəraitimiz mövcuddur. Burada həm döyüş növbəsini təşkil edir, Vətənimizin müdafiəsində dayanırıq. Qarşıya qoyulan istənilən döyüş tapşırığı icra etməyə hazırıq".
Əsgərlər Faiq Qasımov və Hüseyn Hüseynzadə də qeyd edirlər ki, azad olunan ərazilərdə dalğalanan müqəddəs üçrəngli bayrağımız onları fərəhləndirir. Xalqımıza böyük zəfər sevincini yaşadan şəhidlərimizə Allahdan rəhmət, yaralılarımıza şəfa diləyir və müharibə veteranlarımıza cansağlığı arzulayırlar.
Ana Vətənin keşiyində mərdliklə dayanan, təmas xəttində igidliklə döyüş növbətçiliyi aparan əsgərlərimizlə görüş bizdə xoş təəssüratlar yaradır. İgidlərimizlə  söhbətdən bir daha əmin oluruq ki, ordu sıralarında mətinlik, məğrurluq, cəsarət kimi mənəvi dəyərlər qorunub saxlanır, gündən-günə inkişaf edir.
Onların simasında bütün ordumuzun yenilməz gücünün bir daha əmin oluruq. Bütün dünya şahiddir ki, dövlətimizin dayağı, xalqımızın güvənc yeri və qürur mənbəyi olan Azərbaycan Ordusu müstəqilliyimizi əbədi qorumaq gücünə malikdir.

İbrahim MƏMMƏDBƏYOV

fotolar Namiq PƏNAHOVUNDUR "Azərbaycan Ordusu"