Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

10 İyul 2023 17:14

Şəhidlərin xatirəsi ehtiramla yad edildi

Ulu Öndərin siyasi kursunu layiqincə davam etdirən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Ermənistan-Azərbaycan arasında mövcud olmuş münaqişə nizamlanmasını dövlət siyasətinin prioritetinə çevirmişdi. Ali Baş Komandan ilk gündən münaqişənin beynəlxalq hüququn norma və prinsiplərinə, xalqın və dövlətin qətiyyətinə əsaslanaraq qəti şəkildə bildirdi: "...Azərbaycan heç vaxt öz torpağında ikinci qondarma erməni dövlətinin yaranmasına icazə verməyəcək. Azərbaycan heç vaxt bu vəziyyətlə barışmayacaq. İşğalçı rejim, Ermənistan rəhbərliyi bunu nə qədər tez dərk etsə, bu, onlar üçün o qədər də yaxşı olacaq".
Dövlət başçısının uzaqgörən siyasəti nəticəsində bu illər ərzində Azərbaycanın inkişafı, güclü iqtisadiyyata, qüdrətli orduya sahib olması istiqamətində gərgin və məqsədyönlü iş aparıldı. Bu uzaqgörən siyasətin nəticəsində ərazi bütövlüyümüz bərpa olundu. Əzəli torpaqlarımızı işğaldan azad edən qəhrəman şəhidlərimizin ruhu əbədi olaraq xalqımızın qəlbində yaşayır və yaşayacaq.  
Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbin (indiki Heydər Əliyev adına Hərbi İnstitut) 2007-ci il məzunları Tovuz döyüşlərində və Vətən müharibəsində şəhid olan kurs yoldaşlarının İkinci Şəhidlər xiyabanında məzarlarını ziyarət etdilər.
Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin və Vətənimizin azadlığı, müstəqilliyi, ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildi.
Kurs yoldaşlarının məzarları üzərinə tər gül dəstələri düzən zabitlər bildirdilər ki, Azərbaycan Ordusu uzun illər davam edən işğala son qoymaq iqtidarında olduğunu hələ 2020-ci ilin iyulunda Tovuz döyüşlərində əldə etdiyi qələbə ilə bütün dünyaya nümayiş etdirmişdi. Ermənistan bu döyüşlərdən nəticə çıxarmadı. Azərbaycana qarşı təxribatları davam etdirdi.  27 sentyabr 2020-ci ildə Azərbaycanın yaşayış məntəqələri və döyüş mövqeləri şiddətli artilleriya atəşinə tutuldu. Düşmənin hərbi təxribatının qarşısını almaq və təcavüzünə son qoymaq məqsədilə Ali Baş Komandan əks-hücum əmri verdi...
Müzəffər Ali Baş Komandanın sərkərdəliyi, rəşadətli Azərbaycan Ordusunun şücaəti, qəhrəmanlığı sayəsində işğal altında olan tarixi torpaqlarımız azad olundu. 44 günlük Vətən müharibəsi Böyük Zəfərlə başa çatdı. Bu müqəddəs yolda şəhid olanların Vətən sevgisi xalqımıza sonsuz qürur yaşatmaqdadır. Xalqımıza məxsus ən ali mənəvi keyfiyyətləri şəxsiyyətlərində cəmləyən vətəndaşlarımızın Vətənə xidmətləri heç zaman unudulmayacaq və ehtiramla anılacaq.
İkinci Şəhidlər xiyabanında anım anları müqəddəsliyə borcödəmədir, şəhidlərə bu ehtiram Vətənə ehtiramdır...

Günay TAĞIYEVA  "Azərbaycan Ordusu"