Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

8 İyul 2023 11:03

“Sosial-məişət şəraitimiz yüksək səviyyədədir”

Müzəffər Ali Baş Komandan İlham Əliyevin diqqət və qayğısı nəticəsində hərbi qulluqçuların döyüş hazırlığı ilə yanaşı, sosial-məişət şəraiti də artan templə inkişaf etməkdədir. Belə ki, hərbi qulluqçuların məişət şəraitinin yaxşılaşdırılması istiqamətində mütəmadi olaraq müvafiq işlər görülür. Hərbi hissələrdə yaradılan sosial-məişət şəraiti görülən işlərin əyani sübutudur. “N” hərbi hissəsinin əsgər yeməkxanası və yataqxanasındakı səliqə-sahman, müvafiq standartlara uyğun tərtib olunmuş ideoloji otaq, müasir avadanlıqlarla təchiz olunan və tam avtomatlaşdırılmış sistemdə fəaliyyət göstərən hamam və camaşırxanada gördüklərimiz hər birimizə xoş təəssüratlar bəxş etdi.
Kapitan Şahmar Piriyevlə əsgər yataqxanasına üz tutduq. Burada əsgərlər Elgün Mütəllimov və Hilal Şəkərov, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu çavuş Müşfiq Məsiyevlə həmsöhbət olduq. Təmizliyin imandan gəldiyini deyən çavuş Müşfiq Məsiyev bildirdi ki, təmizliyə riayət etmək hər birimizin borcudur. Çünki hər bir insanın fərdi təmizliyi vacib amillərdəndir ki, şəxsi heyət bu nüansa xüsusi diqqət edir. Fərdi təmizliyə baxmayaraq ətraf mühit təmiz olmasa, xəstəlik tapma ehtimalı daha çoxdur. Məhz bu səbəbdən də əsgər yataqxanasının təmiz və səliqəli saxlanılması üçün daim lazımi tədbirlər həyata keçiririk.
Əsgər Elgün Mütəllimov isə bildirdi ki, hər bir Azərbaycan gənci kimi onun da arzusu əsgər olmaq, Vətənə övladlıq borcunu layiqincə yerinə yetirmək olub. "Xidmətə başladığım ilk gündən etibarən komandirlərimizin qayğısı ilə əhatə olunmuşuq. Onlar hər birimizin problemləri ilə yaxından maraqlanır və həllinə köməklik göstərirlər. Bununla yanaşı, hər cür şəraitlə təmin olunmuşuq. İsti yataqxanamızın, qida və geyim təminatımızın qaydasında olması çətinlikləri bizdən uzaq tutur. Hər həftə yataq dəstlərimiz yuyulur, təmizlənir, daha sonra isə ütülənərək dəyişdirilir. Bu qayğının qarşısında üzərimizə yalnız bir vəzifə düşür - torpaqlarımızın keşiyində ayıq-sayıq dayanmaq".
Əsgər Hilal Şəkərov isə onlar üçün yaradılan şəraitdən söz açaraq dedi ki, Müzəffər Ali Baş Komandanın diqqət və qayğısı sayəsində sosial-məişət şəraitimiz olduqca yüksək səviyyəyə çatdırılıb. “Əlbəttə, şərait bizdə ruh yüksəkliyi yaradır. Bu cür diqqət və qayğının qarşısında isə bizim öhdəmizə düşən tək vəzifə - Vətən torpaqlarının müdafiəsində mətin dayanmaqdır. Biz də bu vəzifənin öhdəsindən bacarıqla gəlmək üçün çalışırıq".
Növbəti həmsöhbətim Yevlax rayonundan hərbi xidmətə çağırılan əsgər Əziz Həsənovdur. O, mülki həyatda bərbər olduğunu bildirdi. "Hərbi xidmətdə intizamlı olmaqla yanaşı, həmçinin səliqəli olmalıyıq. Məhz bu səbəbdən ilk gündən etibarən əsgər yoldaşlarımın saç düzümlərini yaxşı etmişəm ki, onların hər biri səliqəli görünsün. Əlbəttə, saç düzümünü mənim və yaxud onların istədiyi kimi yox, təlimata müvafiq olaraq düzəldirəm".
Sonra kapitan Şahmar Piriyevlə müasir avadanlıqlarla təchiz olunan və tamamilə avtomatlaşdırılmış sistemdə fəaliyyət göstərən camaşırxanaya yollandıq. Müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu baş çavuş Araz Babazadə buranın fəaliyyəti barədə geniş məlumat verdi. Bildirdi ki, çirkli camaşırların qəbulu, yuyulması, ütülənməsi, təmiz camaşırların saxlanc otaqlarında çeşidlənib saxlanılması və hərbçilərimizə geri qaytarılması prosesləri burada həyata keçirilir. Xüsusi geyim formasında olan qadın operatorlar əl əməyindən demək olar ki, istifadə etmədən avtomatlaşdırılmış xüsusi avadanlıqlar vasitəsilə öz xidməti vəzifələrinin öhdəsindən layiqincə gəlirlər.
Camaşırxana işçisi Samirə Qasımova uzun müddətdir bu hərbi hissədə çalışaraq, cəsur əsgərlərimizə qulluq edir. "Burada xidmət edən məğrur əsgərlərimizi öz övladlarımdan seçmirəm. Onların hər biri mənim üçün əzizdir, doğmadır. Çünki onlar şərəfli vəzifəni qətiyyətlə yerinə yetirirlər - Vətən torpaqlarının müdafiəsində dayanırlar. Məhz onların sayəsində biz evimizdə rahat və firavan yaşayırıq".
Camaşırxana işçisi Xatirə Əliyeva Vətən keşikçilərinə xidmət etməkdən qürur duyduğunu bildirdi. "Şəxsi heyətin geyimləri və çirkli yataq dəstləri bölmələrdən təhvil alınaraq buraya gətirilir. Burada isə onlar növünə görə çeşidlənir və gigiyenik qaydada yuyulur. Yuyulma prosesi təyin olunmuş istilik dərəcəsində müasir aparatlarla həyata keçirilir. Yuyulmadan çıxan camaşırlar xüsusi avadanlıqlarla qurudularaq ütülənir. Ütülənmə mərhələsindən sonra əsgərlərin paltarlarını və yataq dəstlərini saxlanca göndəririk. Təyin olunmuş vaxtda isə saxlancdan götürülən təmiz əşyalar əsgərlərimizin istifadəsinə göndərilir. Bu gün məğrur Azərbaycan əsgərinə qulluq göstərmək şərəfdir".
Beləliklə, hərbi hissədə yaradılan yüksək şərait bir daha sübut edir ki, hərbi qulluqçuların sosial-məişət şəraitinin yaxşılaşdırılması, ordunun maddi-texniki təminatının gücləndirilməsi dövlət rəhbərliyinin daim diqqət mərkəzindədir və bu istiqamətdə aparılan işlərin təkmilləşməsi uğurla davam etdirilir. Bu cür şəraitdə xidmət edən Vətən müdafiəçiləri isə üzərlərinə düşən vəzifələrin öhdəsindən layiqincə gəlirlər.

Orxan HÜSEÜNLİ "Azərbaycan Ordusu"