Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

8 İyul 2023 11:01

Arzunun muradı

Düşmənlə təmas xəttindəyik. Bölmənin dayaq məntəqəsində ilk görüşdüyüm baş leytenant Arzu Allahverdiyev oldu. Bəstəboy, qaraşın bu zabitin çöhrəsindəki təbəssüm ön xətdə xidmətin lazımınca təşkil edilməsinə bir işarədi. Əsgər yataqxanası, səngərlər, əlaqə yolları əraziyə uyğun maskalanıb. Ətrafda gözoxşayan səliqə-sahman var.
Kapitan Rəhman Abdurəhmanov düşmənlə üzbəüz xidmət edən bölmələrin fəaliyyətinə gəlincə qeyd etdi ki, əsgərlər mövqelərdə həmişə ayıq-sayıq xidmət edirlər. "Dəfələrlə olub ki, ermənilər mövqelərimizi atəşə tutublar. Hər dəfə də düşmən layiqli cavabını alıb. Biz imkan vermərik ki, erməni əsgəri cürət edib torpaqlarımıza ayaq bassın. İkinci Qarabağ müharibəsində ordumuz tarixi qələbəyə imza atdı. Müharibəyə qədər ermənilərin işğal etdikləri torpaqlardan heç vaxt çıxmayacaqlarını deyirdilər. Amma tarix, zaman göstərdi ki, Azərbaycan xalqı və dövləti nə torpaq itkisi ilə barışdı, nə də bir milyona yaxın soydaşının taleyinə biganə qaldı. Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə xalq-ordu birliyi 30 ilə yaxın davam edən işğalı sonlandırdı".
Zabit R.Abdurəhmanov İkinci Qarabağ müharibəsindən söz düşəndə onun da komandiri olduğu bölmənin döyüş fəaliyyətindən danışdı. Əlavə etdi ki, baş leytenant A.Allahverdiyev müharibə vaxtı taqım komandiri olub. Həm şəxsi şücaəti ilə, həm də tabeliyində olan bölmələri döyüşdə bacarıqla idarə etdiyinə görə fərqlənib.
Baş leytenant Arzu Allahverdiyevin xidmət yerində necə tələbkar və şəxsi heyətə qarşı qayğıkeş komandir olduğunu hiss etdik. Bölmənin dayaq məntəqəsinə gələndə buradakı səliqə-sahman, hərbi qulluqçulardakı intizam, döyüş növbətçiliyinin təşkili bir daha deyilənləri təsdiqlədi. Atalar yaxşı deyib: "Görünən dağa nə bələdçi".
Arzuyla qısa tanışlıqdan sonra məlum oldu ki, o, ailənin tək övladıdır. Göygöl rayonunun Üçtəpə kəndindən olan zabit kiçik yaşlarında anasını, daha sonra atasını itirib. O, qohumlarının himayəsində böyüyüb. Gəncə Dövlət Universitetini "Fizika və texniki fənlər" ixtisası üzrə bitirib. Ali təhsili başa vurandan sonra ordu sıralarına çağırılıb. Müddətli həqiqi hərbi xidmətdə olanda Vətənin müdafiəsində məharətlə dayanıb. Torpaqlarımızın 20 faizi yağı tapdağı altında olduğu bir vaxtda yenidən zabit kimi ordu sıralarında xidmət etmək qərarına gəlib. Arzunun muradı düşmən işğalında olan ərazilərimizin azad edilməsi uğrunda gedən döyüşlərdə iştirak etmək idi.
İkinci Qarabağ müharibəsi başlayanda Arzu cəbhənin ən qaynar nöqtələrindən birində olub. Arzugilin əks-hücum tapşırıqlarını yerinə yetirdiyi istiqamətdə düşmən möhkəm müqavimət göstərib. Buna baxmayaraq, ermənilərə sarsıdıcı zərbələr vuranların sırasında olub.
Hakim yüksəklikdə düşmənlə üzbəüz və olduqca yaxın məsafədə xidmət edən mərd, igid oğullar yüksək döyüş təcrübəsinə malik zabitin tabeliyində xidmət etməkdən qürur duyurlar. Onlar bir an belə sayıqlıqlarını itirmirlər. Belə yerlərdə düşməni bircə an nəzarətsiz qoymaq olmaz.
Zabit Arzu Allahverdiyev döyüş növbəsinə çıxmazdan əvvəl postdakı şəxsi heyəti təlimatlandırır. Onlara müşahidəni necə aparmaq lazım olduğunu izah edir. Əsgərlər döyüş növbəsinə çıxanda təkcə düşməni müşahidə etməklə kifayətlənmir, eyni zamanda onun hərəkətini nəzarətdə saxlamaqla niyyətini öyrənirlər.
Bölmə komandiri deyir ki, müşahidə aparan əsgərlərin yanında tez-tez olur.
- Dağlıq və meşəlik ərazi olduğu üçün daha da sayıq olmağımız tələb olunur. Düşmənə aman vermərik ki, bir də təxribata cürət etsin.
Öyrənirik ki, baş leytenant Arzu Rəfayıl oğlu Allahverdiyev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq sərəncamları ilə döyüşlərdə fərqləndiyinə görə "Cəsur döyüşçü" və "Kəlbəcərin azad olunmasına görə" medalları ilə təltif olunub.

Bəxtiyar ƏLİYEV "Azərbaycan Ordusu"