Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

8 İyul 2023 11:00

“Şəhid zabitin zabit oğluyam...”

1989-cu ildə Cəlilabad rayonunun Göytəpə kəndində anadan olub. Müharibə illəri onun da uşaqlığının mənəvi sıxıntısına dönüb. 31 ildi yaddaşında qalanları ömür kimi əzizləyir; Elman Əsgərov bir ömürdə iki ömür yaşadır...
Atası hərbçi idi. Birinci Qarabağ müharibəsində “baş leytenant” rütbəsində Füzuli istiqamətində döyüşlərdəydi. Qırmızı Bazar qəsəbəsində yerləşən düşmən bölmələrini məhv etmək əmrini yerinə yetirənlərin sırasında tankçı baş leytenant Şahin Əsgərov da vardı. 1992-ci il sentyabrın 18-də döyüşdə şəhid oldu...
"Atamın şəhid olduğunu eşitmişdim. Şəhidliyin nə olduğunu böyüyəndə bilmişdim. Hərbçi olmağı qərara aldım. Atam şəhid olan yerə hərbçi kimi getmək mənim arzum olmuşdu...".
Elman Əsgərov Cəmşid Naxçıvanski adına Hərbi Liseyi, sonra indiki Heydər Əliyev adına Hərbi İnstitutu bitirdi. Xatırlayır ki, buraxılış günündə Hərbi And içdikdən sonra bir anlığa tədbirə gələn atalara baxıb, ona elə gəlib ki, atasının ruhu da onların sırasındadı. Atalar "leytenant" rütbəsi almış oğullarına xeyir-dua verəndə Elman da ruhən şəhid baş leytenant Şahin Əsgərovun - atasının səsini eşidirmiş: "Nümunəvi zabit ol, oğul!.."; Elman nümunəvi zabit oldu. 2010-cu ildə niyyətinə çatmışdı, diləyinin gerçəkləşəcəyi günün astanasındaydı...
Leytenant Elman Əsgərov xidmətində intizamıyla fərqləndi, tabeliyində olan əsgərlərin həm döyüş, həm də mənəvi-psixoloji hazırlığının yüksəldilməsini təmin etdi. Onların yüksək mənəvi keyfiyyətlərə malik vətəndaş kimi formalaşmasına çalışırdı...
Müxtəlif hərbi hissələrdə xidmət etdi. Artilleriyaçı idi.
Mayor Elman Əsgərovun xidmət etdiyi hərbi hissə də əks-hücum əməliyyatı ilə başlayan İkinci Qarabağ müharibəsində iştirak edirdi - döyüşən ordu hissələrimizin hücumlarına artilleriya dəstəyi də verir, verilən tapşırıqları yerinə yetirirdi. Qazanılan qələbələrdə Füzuli, Qubadlı, Zəngilan, Cəbrayıl, Şuşa istiqamətlərində Elmanın döyüşdüyü batareyanın da xidmətləri vardı.
- Düşmənin mövqeyə hərbi sursat, ərzaq, canlı qüvvə aparan maşın karvanını məhv etmək əmri almışdıq. Koordinatları verilmişdi. Görünməyən mövqeyi sevgi işığında görmək mümkündür. Bu sevgi Vətənə sevgidir.
Batareyanın şəxsi heyəti döyüş əmrini yerinə yetirdi, düşmənin maşın karvanı ünvanına çatmadı...
Mayor Elman Əsgərovun artilleriyaçıları Vətən müharibəsində neçə-neçə belə döyüş tapşırığı yerinə yetirdilər.
Qırmızı Bazarın düşməndən təmizlənməsini, bəlkə də hamıdan çox mayor Elman Əsgərov arzulayırdı - atasının şəhid olduğu yeri görmək, atasının ruhu ilə kəlmələşmək istəyirdi.
- Qırmızı Bazar hələ ermənilərdən təmizlənməmişdi. Uzaqdan-uzağa atamın ruhuna sarı pıçıldadım: Qalmaz belə, qalmaz dünya...
Mayor Elman Əsgərov  "Cəbrayılın azad olunmasına görə", "Qubadlının azad olunmasına görə", "Füzulinin azad olunmasına görə", "Şuşanın azad olunmasına görə" və "Cəsur döyüşçü" medalları ilə təltif edilib.

Rəşid HÜSEYNOV "Azərbaycan Ordusu"