Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

24 İyun 2023 09:15

“Hər zaman Vətənə, xalqa layiqli xidmət edəcəyəm”

Azərbaycan xalqını hər zaman xoşbəxt, müstəqil, heç bir dövlətdən asılılığı olmayan, güclü orduya sahib respublikanın vətəndaşları olaraq görmək istəyən Ulu Öndər Heydər Əliyev bu istiqamətdə gördüyü işlərlə xalqın dərin sevgisini qazanmağı bacardı. Şərəfli ömür tarixində daima xalqın rifahını düşünərək dövlətimizin inkişafı üçün bütün gücü və qüvvəsi ilə çalışdı. Azərbaycan tarixində atılan ən vacib addımlar, görülən mühüm işlər Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin adı ilə bağlıdır. Məhz onun təşəbbüsü ilə 1971-ci ildə Cəmşid Naxçıvanski adına hərbi təmayüllü məktəbin yaradılması dahi şəxsiyyətin uzaqgörənliyinin sübutu idi. Yarandığı gündən yüzlərlə Azərbaycan vətəndaşının hərbi təhsil alması, milli kadrların hazırlanması Silahlı Qüvvələrimizin formalaşması üçün mühüm zəmin yaratdı.
Bu gün də hərbi təhsil almaq üçün yüzlərlə gənc Cəmşid Naxçıvanski adına Hərbi Liseyə qəbul olur, hərbin sirlərini öyrənərək ordu sıralarında uğurla xidmət edir. Gələcək həyatını orduya bağlayan, hazırda Cəmşid Naxçıvanski adına Hərbi Liseydə təhsil alan gənclərdən biri də liseyin kursantı Tamerlan İsmayılovdur. Onunla Cəmşid Naxçıvanski adına Hərbi Liseyin 51-ci buraxılış mərasimində tanış olduq. Öyrəndik ki, Tamerlan İsmayılov 28 iyun 2007-ci ildə Bakı şəhərində anadan olub. Birinci Qarabağ müharibəsi şəhidi Etibar Şirəliyevin adını daşıyan 274 nömrəli tam orta məktəbdə təhsil alan Tamerlan 2022-ci ildə 292 bal toplayaraq Cəmşid Naxçıvanski adına Hərbi Liseyə qəbul olur. Kursant Tamerlan İsmayılov kiçik yaşlarından hərbçi olmaq istədiyini, arzusuna çatmaq üçün ilk addımlarını Cəmşid Naxçıvanski adına Hərbi Liseydə təhsil almaqla atdığını bildirdi: "Orta məktəbdə təhsil aldığım zaman gələcəkdə hərbçi olmaq qərarına gəlmişdim. Bu istəyimi ailəmlə bölüşdüyümdə onların da dəstəyini almaq məni daha da cəsarətləndirdi. Cəmşid Naxçıvanski adına Hərbi Liseyə qəbul qaydaları barədə məlumatı internet resurslarında araşdırdıqdan sonra müvafiq sənədləri toplayaraq qəbul imtahanlarında iştirak etdim. Yüksək nəticə toplayıb liseyə qəbul olduğumda özümü çox xoşbəxt hiss etdim. Sevinirəm ki, bu təhsil müəssisəsində hərbi təhsil alıram. Bura artıq mənim ikinci evim, buradakılar isə ikinci ailəmdir. Peşəkar zabitlərimizin, savadlı müəllimlərimizin köməkliyi ilə bilik və bacarıqlarımı artıraraq Azərbaycan Ordusunun layiqli zabitlərindən olmaq üçün öz üzərimdə çalışıram.  Söz verirəm ki, ölkəmizin müstəqilliyi, ərazi bütövlüyü uğrunda şücaət göstərmiş oğullarımızın layiqli davamçısı olacaq, hər zaman Vətənə, xalqa layiqli xidmət edəcəyəm".

Oruc MUSTAFAYEV "Azərbaycan Ordusu"