Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

24 İyun 2023 09:12

Müasir Azərbaycan Azərbaycan Cümhuriyyətinin, müasir ordumuz cümhuriyyət ordusunun varisidir

Azərbaycanın dövlət müstəqilliyi bərpa edildikdən sonra onun dövlətçilik atributları yaradıldı - bayrağı, gerbi, ordusu. 1991-ci il sentyabrın 5-də Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin, sentyabrın 9-da Silahlı Qüvvələrinin yaradılması haqqında qanun qəbul olundu - ordu rəsmən yaradıldı...
İlk vaxtlar ordu yerli müdafiə taborları kimi fəaliyyət göstərirdi, taborlar arasında qarşılıqlı əlaqə yox idi. Buna görə də ərazilərin müdafiəsi son dərəcədə çətinləşirdi.
Azərbaycanda hakimiyyət boşluğu, yerli müdafiə taborlarının ambisiyalara xidmət etməsi, separatçılıq dövləti iflasa aparırdı. Xalq son çarə kimi ciddi təkidlə böyük tarixi şəxsiyyət Heydər Əliyevi hakimiyyətə dəvət etdi. Bu dəvət Azərbaycanın qurtuluş dəvəti idi...
Böyük tarixi şəxsiyyət Heydər Əliyev hakimiyyətə qayıtdı. Qısa müddətdə yaranmış siyasi gərginlik aradan qaldırıldı, ordu quruculuğunun yeni mərhələsi başladı - yerli müdafiə taborları buraxıldı, orduda vahid komandanlıq yaradıldı, ordu dövlət üçün prioritet sahəyə çevrildi. 1994-cü ilin yanvarında Horadiz əməliyyatında qazanılan qələbə ordunun şəxsi heyətinin mənəvi-psixoloji vəziyyətinə müsbət təsir etdi. Bu, sonrakı əməliyyatlarda (Aprel 2016, may 2018, iyul 2020, sentyabr 2020) böyük mənəvi təsirə malik oldu...
Ordu quruculuğunun yeni mərhələsində silahlanmaya yeni silahlar daxil edildi. Zabit kadrları hazırlığında - hərbi təhsil sahəsində yeni islahatlar həyata keçirildi, təlimlərin həm məzmunu, həm də miqyası genişləndirildi, beynəlxalq təlimlər ordunun şəxsi heyətinin döyüş əzmini, qələbə ruhunu yüksəltdi...
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ordu quruculuğunda iri miqyaslı islahatlar keçirildi ki, bu da ordunun formalaşmasında əhəmiyyətli oldu. İkinci Qarabağ müharibəsi Azərbaycan Ordusunun tarixi Zəfəri ilə tamamlandı.
26 İyun - Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin yaranması günüdür. Ali Baş Komandanın istənilən döyüş əmrinə hazır olan hərbi qulluqçular bu bayramı böyük coşqu ilə qeyd edirlər...
Polkovnik-leytenant Mübariz Şabanov:
- Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin formalaşdırdığı ordumuz dahi şəxsiyyətin siyasi kursunu ordu quruculuğunda uğurla davam etdirən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin həyata keçirdiyi uğurlu islahatlar nəticəsində dünyanın ən nizami ordularından birinə çevrilib. Ordumuzun maddi-texniki təminatı ən yüksək səviyyəyə çatdırılıb. İkinci Qarabağ müharibəsində qazanılan tarixi Zəfər də ordumuzun qüdrətinin təsdiqidir. Bunu dünyanın iri dövlətlərinin hərbi ekspertləri də etiraf edirlər.
Ulu Öndər Heydər Əliyevin 1998-ci il mayın 22-də imzaladığı fərmanla 1918-ci ildə - Azərbaycan Xalq Cümhuriyyəti dövründə general Səməd bəy Mehmandarovun rəhbərliyi ilə ilk əlahiddə Azərbaycan korpusunun yaradıldığı gün - 26 iyun Azərbaycan Respublikasının Silahlı Qüvvələri Günü elan edildi.
Bu tarixi gün Azərbaycan ictimaiyyətinin bayramıdır. Ordu sıralarından tərxis edilmiş veteran hərbçiləri, müharibə veteranlarını, şəhidlərin ailə üzvlərini, əsgər və zabitlərimizi 26 İyun - Silahlı Qüvvələr Günü münasibətilə təbrik edir, hamısına cansağlığı arzulayıram.
Polkovnik-leytenant Orxan Yusifov:
- Böyük tarixi şəxsiyyət Heydər Əliyevin nizami ordu kimi formalaşdırdığı ordumuzda  ordu quruculuğu siyasəti uğurla davam və inkişaf etdirildi. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin diqqət və qayğısı sayəsində hərbçilərin peşəkarlığının artırılması, şəxsi heyətin döyüş və mənəvi-psixoloji hazırlığının yüksəldilməsi, Azərbaycan Ordusunun ən müasir silah və texnika ilə təchizatı dövlət üçün prioritetdir. Bunun nəticəsidir ki, Azərbaycan Ordusu regionun ən qüdrətli ordusuna çevrilib. Ordumuz öz gücünü və qüdrətini 2016-cı ilin Aprel döyüşlərində, 2018-ci ilin Günnüt əməliyyatında və İkinci Qarabağ müharibəsində tarixi qələbəsi ilə sübut etdi. Bu tarixi zəfərimiz təkcə Azərbaycan tarixində deyil, dünya hərb tarixində də mühüm izlər qoydu.
İkinci Qarabağ müharibəsində döyüşən hərbi qulluqçuların əsas gücü vətənpərvərlikləridir. 26 İyun - Silahlı Qüvvələr Günü münasibətilə İkinci Qarabağ müharibəsində qələbə qazanmış əsgər və zabitləri, döyüşlərdə şəhid olanların ailə üzvlərini, bu gün hərbi xidmətdə olanları təbrik edir, onlara möhkəm cansağlığı diləyirəm. Biz həm hərbçi kimi seçdiyimiz peşəmizlə, həm də xalqın nümayəndəsi kimi rəşadətli Azərbaycan Ordusu ilə qürur duyuruq. Dövlətimizin və xalqımızın bizə olan etimadını, güvəncini doğrultmaq üçün Vətəni qorumaq kimi şərəfli vəzifələrimizin öhdəsindən fərəhlə gəlir, xidmətimizi yüksək peşəkarlıqla davam etdirir, işğaldan azad edilmiş ərazilərimizin mühafizəsi və müdafiəsini qətiyyətlə yerinə yetiririk.
 Leytenant Əli Vəliyev:
- Azərbaycan Ordusunun peşəkar zabit və əsgərləri Böyük Qələbənin qazanılmasında misilsiz fədakarlıq, qəhrəmanlıq nümunələri göstərdilər. Bu gün çox qürurluyam ki, mən də doğma Azərbaycanımızın ərazi bütövlüyü uğrunda gedən döyüşlərin iştirakçısıyam. İkinci Qarabağ müharibəsində Şuşa uğrunda gedən döyüşlərdə vuruşmuş bütün döyüşçülər adından, Zəfər qazanmış bütün hərbi qulluqçuları 26 İyun - Silahlı Qüvvələr Günü münasibətilə səmimi-qəlbdən təbrik edirəm. Əminəm ki, bu günün çağırışçıları İkinci Qarabağ müharibəsində qazanılmış tarixi Zəfəri dövlətə, dövlətçiliyə böyük sədaqətləri ilə davam etdirəcəklər.
Gizir Qafar Bahadurov:
- Quba rayonu Bağbanlı qəsəbəsi Rövşən Mütəllimov adına tam orta məktəbi bitirmişəm. Torpaqlarımızın 20 faizi Ermənistan ordusu tərəfindən işğal edilmişdi. Bu işğal məndə düşmənə kəskin nifrət hissi yaratmışdı. O günlərdə hərbçi olacağıma and içmişdim. Sonra ordu sıralarına çağırıldım. Cəbhə bölgəsində müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu kimi Vətən qarşısında borcumu yerinə yetirdim. Tərxis olunandan sonra gizir hazırlığı kursunu bitirdim. On ildən artıqdır ki, ordu sıralarında xidmət edirəm.
Ali Baş Komandanın döyüş əmrini mən də arzulayırdım. Bu əmrlə döyüşəcək, torpaqlarımızı işğaldan azad edəcək əsgərlərin sırasında olmaq istəyirdim. İkinci Qarabağ müharibəsi başlayanda bizim hərbi hissəmiz də döyüşə səfərbər edildi. Cəbrayıl, Qubadlı, Laçın uğrunda döyüşlərdə iştirak etdim. Ali Baş Komandanın sərkərdəliyi ilə ordumuz tarixi qələbə qazandı, Azərbaycan əsgəri əsl qəhrəmanlıq, igidlik göstərdi. Bununla da ölkəmizin ərazi bütövlüyü bərpa olundu. Qüdrətli ordumuz öz gücünü döyüşdə bir daha təsdiq etdi. Bütün dünyaya göstərdi ki, Azərbaycan Ordusu yenilməzdir. Azərbaycanın ərazi bütövlüyünü hər an qorumağa hazır olan qüdrətli ordusu var.
Azərbaycan Silahlı Qüvvələrinin yaranmasının 105-ci ildönümü münasibətilə İkinci Qarabağ müharibəsində iştirak etmiş döyüşçüləri, bu gün xidmət edən əsgər və zabitləri səmimi-qəlbdən  təbrik edirəm. Ordumuzun həmişə güclü, qüdrətli olmasını arzulayıram.

"Azərbaycan Ordusu"