Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

21 İyun 2023 17:32

Sağlıq varlıqdan irəlidir

Sağlamlıq hər bir insanın diqqət mərkəzində olmalı məsələdir və həyat keyfiyyətini təyin edən vacib amil sayılır. Azərbaycan Ordusunda da ən çox diqqət yetirilən sahələrdən biri məhz şəxsi heyətin sağlamlığını qoruyan hərbi səhiyyədir. Hərbi hospitallarda, poliklinikalarda və tibb məntəqələrində həkimlərimiz Vətənə xidmət edən hərbi qulluqçularımızın səhhətinin yüksək səviyyədə qorunub saxlanılması üçün çalışırlar. "N" hərbi hissəsində həkim və feldşerlərlə tanış olmaq, əsgərlərimizin səhhəti ilə maraqlanmaq məqsədilə tibb məntəqəsinə üz tutduq.
Məntəqəyə daxil olarkən təmiz, səliqə-sahmanlı otaqlar və gülərüz tibb personalı ilə qarşılaşdıq. Qəbul otağında həkim yoxlanışına  gələnlərin müayinə edilməsinin şahidi olduq. Tələb olunan profilaktik tədbirləri görən gizir Amil Məmmədzadə əsgərin səhhəti ilə bağlı şikayətlərini qeyd etdi və ilkin olaraq qızdırmasını ölçdü. Daha sonra əsgər Mətləb Hüseynovu müayinə edərək ambulator tibbi müalicə təyin etdi. Prosedur bitdikdən sonra feldşerlə söhbətləşdim. Öyrəndim ki, gizir Amil Məmmədzadə 1990-cı il avqustun 15-də Kəlbəcər rayonunun Çaykənd kəndində anadan olub. Kəlbəcər işğal olunduqdan sonra ailəsi ilə birlikdə Qəbələ rayonuna köçməli olub. "Birinci Qarabağ müharibəsi hər azərbaycanlının taleyinə ciddi təsir göstərmişdir. Bir milyondan çox soydaşımız dədə-baba yurdlarından məcburi köçkün vəziyyətinə düşüb. Vətənimiz erməni işğalçılarının vandallığı ilə üz-üzə qalıb. Düşmən millətimizə qarşı etnik təmizləmə siyasəti aparmış, əzəli torpaqlarımızı işğal etmişdir, həmçinin doğma Qarabağımızın təbii sərvətlərini də öz malı kimi qələmə vermişdi. Doğulduğum torpaqlardan didərgin düşdüyüm üçün  intiqam hissi ilə böyümüşəm. Bilirdim ki, gün gələcək, Azərbaycan Ordusu şəhidlərimizin qisasını nankor ermənilərdən alacaq. Həm də əmin idim ki, qalib ordunun sıralarında mən də olacağam. Atama "evimizə qayıtdıq" xəbərini verəcəyəm.
Beləliklə, 2020-ci il sentyabrın 27-də erməni silahlı birləşmələri yenidən genişmiqyaslı təxribat törədərək ordumuzun mövqelərini və mülki yaşayış məntəqələrini atəşə tutdu. Ali Baş Komandan İlham Əliyevin əmri ilə Azərbaycan Ordusu bütün cəbhə boyu əks-hücum əməliyyatına keçdi. Cəmi 44 gün ərzində düşmənə sarsıdıcı zərbələr endirildi. Onların uzun illər yaratdığı hərbi istehkamları, maneələri, qurduqları müdafiə sədləri darmadağın edildi. Azərbaycan xalqı birlik nümunəsi göstərərək bütün dünyaya göstərdi ki, biz işğalla barışmaq fikrində deyilik. Nəhayət ki, 30 ilə yaxın müddətdən sonra yüz minlərlə həmyerlimiz öz doğma yurdlarına qayıtmaq imkanı qazanıb. İlkin mərhələlər icra edilib. Böyük qayıdış başlanıb və bu xəbər hər bir azərbaycanlını sevindirir", - deyə bildirdi.
Suqovuşan kəndinin işğaldan azad edilməsi uğrunda gedən döyüşlərdə igidlik və mərdlik göstərdiyi üçün gizir Məmmədzadə Amil Zahid oğlu Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamı ilə "Suqovuşanın azad olunmasına görə" medalı ilə təltif edilib.
Tibb məntəqəsində həkim personalı, xəstələr və burada gördüyümüz şərait bir daha əmin etdi ki, hərbi qulluqçuların sağlamlığı əmin əllərdədir. Vətənin keşiyində durmaq nə qədər şərəflidirsə, Vətən müdafiəçilərinin sağlamlığının keşiyində durmaq da bir o qədər şərəflidir.

İbrahim MƏMMƏDBƏYOV "Azərbaycan Ordusu"