Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

21 İyun 2023 17:32

Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin 100 illik yubileyi münasibətilə qəbul olunmuş əfv sərəncamı humanist siyasətin növbəti təcəssümüdür

Bütün dövrlərdə ümumbəşəri humanist dəyərlərin bərqərar olmasına və insan hüquqlarının təminatına xidmət edən əfv və amnistiya aktları cəmiyyətdə olduqca yüksək qiymətləndirilib. Demokratik dəyərlərin başlıca meyarlarından sayılan insan hüquq və azadlıqlarının müdafiəsinə böyük önəm verən Azərbaycan dövləti cəmiyyətdə humanizm ənənələrinin təşəkkül tapmasına və möhkəmlənməsinə hər zaman həssaslıqla yanaşmışdır. Hər bir fərdin mənafeyinin əsas götürüldüyü hüquqi dövlət quruculuğu prinsiplərinə sadiqliyin əyani təcəssümü olaraq Azərbaycan Respublikasında cinayət törətməyə görə müxtəlif cəzalara məhkum edilmiş şəxslərin əfv edilməsi, bağışlanması artıq bir ənənəyə çevrilmişdir. Bu da respublikamızın humanizm prinsipləri əsasında inkişaf yolu seçdiyini bir daha nümayiş etdirir, xalqın dövlətə, ədalətə inamını artırır.
Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin həyata keçirdiyi humanist siyasətin mühüm istiqamətlərindən biri də cinayət törətmiş və əməlindən peşman olmuş şəxslərin əfv edilməsi olmuşdur. Azərbaycan Prezidenti yanında Əfv Komissiyasının yaradılması və əfvetmə institutunun bərpa olunması da Ulu Öndərin bu yöndə müstəsna xidmətlərindəndir. Ulu Öndər Heydər Əliyevin 1995-2003-cü illərdə imzaladığı 32 əfv aktı ilə üç mindən artıq məhkum azadlığa buraxılmış, minlərlə məhkum müxtəlif cəzalardan azad edilmiş və ya cəzaları yüngülləşdirilmişdir.
Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin bəşəri amallara, qanunçuluq və ədalət ideallarına söykənən zəngin mənəvi irsinə sadiqlik nümayiş etdirən möhtərəm Prezident İlham Əliyev hər zaman humanizm, mərhəmət və insanpərvərlik ənənələrini davam etdirərək bayram ərəfəsində, əlamətdar tarixi günlərdə əfv sərəncamları imzalayır. Dövlət başçısı bu təşəbbüsləri ilə törətdiyi əməldən səmimi peşmanlıq hissi keçirən təqsirkar şəxslərin islah olunaraq düz yola qayıtmaları, onların cəzaçəkmə müəssisəsindən çıxdıqdan sonra layiqli vətəndaş kimi azad cəmiyyətə qovuşmaları, bir daha cinayət əməli törətməmələri üçün xeyirxah addımlar atır, minlərlə məhkuma yenidən azadlıq bəxş edir. Bu kimi addımlar həmin şəxslərin və onların ailə üzvlərinin hədsiz sevincinə səbəb olmaqla yanaşı, onların dövlətimizin rifahına və gələcək inkişafına öz töhfələrini verməyə stimul yaradır.
Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə əsasən, əfvetmə fərdi qaydada müəyyən edilmiş şəxs barəsində Azərbaycan Respublikasının Prezidenti tərəfindən həyata keçirilir. Cinayət törətməyə görə məhkum olunmuş şəxs əfvetmə aktı ilə cəzanın qalan hissəsini çəkməkdən azad edilə, yaxud ona təyin olunmuş cəzanın müddəti azaldıla və ya belə şəxsin cəzasının çəkilməmiş hissəsi daha yüngül cəza növü ilə əvəz edilə bilər. Ömürlük azadlıqdan məhrumetmə cəzası əfv qaydasında iyirmi beş ildən çox olmayan müddətə azadlıqdan məhrum etmə cəzası ilə əvəzlənə bilər. Əfvetmə aktı ilə cəzasını çəkmiş şəxsin məhkumluğu götürülə bilər.
Möhtərəm Prezident İlham Əliyevin 20 ilə yaxın müddətdə konstitusion səlahiyyətlərindən istifadə edərək imzaladığı 36 əfvetmə aktı on minlərlə insanı fərəhləndirmiş, ailələrinə sevinc bəxş etmişdir. Dövlət başçısının əfvlə bağlı imzaladığı sərəncamlar Azərbaycanda insan hüquqlarının etibarlı təminatının və demokratikləşməyə xidmət edən strateji siyasi kursun layiqincə davam etdirilməsinin göstəricisidir.
Cənab Prezidentin rəhbərliyi altında həyata keçirilən humanist siyasətin növbəti təzahürü ölkəmizin tarixində əlamətdar hadisə olan Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin 100 illik yubileyi münasibətilə qəbul olunmuş 08 may 2023-cü il tarixli Əfv Sərəncamı olmuşdur. Xüsusi qeyd etmək lazımdır ki, həmin Sərəncam müstəqillik tariximizin ən böyük əfv aktıdır. Ümumilikdə 801 məhkumu əhatə edən Sərəncamla 463 nəfər azadlıqdan məhrumetmə cəzasından azad edilmiş, 220 nəfərin cəzasının çəkilməmiş hissəsi yarıyadək azaldılmış, həmçinin azadlıqdan məhrumetmə ilə bağlı olmayan cəzalara məhkum edilmiş 118 nəfər əfv olunmuşdur. Onlardan 88 nəfəri cərimə, 18 nəfər azadlığın məhdudlaşdırılması, digərləri isə islah və başqa cəzalardan azad edilmişlər.
Bir tərəfdən demokratik hüquqi dövlət quruculuğu istiqamətində fundamental islahatların həyata keçirilməsində misilsiz xidmətlər göstərmiş, insan hüquq və azadlıqlarının qorunmasına xüsusi önəm vermiş Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunması, digər tərəfdən isə əvvəlki əfv aktlarına nisbətən daha çox şəxsi əhatə etməsi baxımından sözügedən akt xüsusi əhəmiyyət kəsb edir və çox sayda ailənin böyük sevincinə səbəb olmuşdur.
Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyi ərəfəsində Əfv Sərəncamının imzalanması Ümummilli Liderin müdrik, humanist siyasətinə, zəngin mənəvi irsinə verilən böyük qiymət, onun bu sahədə qoyduğu ənənənin davamıdır. "Heydər Əliyev İli"ndə dövlət başçısı İlham Əliyevin həmin sərəncamla cinayət törətmiş şəxsləri əfv edərək çoxsaylı ailələri sevindirməsi ölkəmizdə insan amilinə verilən yüksək dəyərin göstəricisidir. Möhtərəm Prezidentin imzaladığı Əfv Sərəncamı dövlətin humanist siyasətinə, ölkəmizdə insan hüquqlarının etibarlı müdafiəsinə və haqq-ədalətə cəmiyyətdə olan inamı daha da artırmışdır.
Eyni zamanda, əfv aktlarının stimullaşdırıcı, çəkindirici təsirlərini də unutmamaq lazımdır. Belə aktlar məhkumların törətdikləri cinayət əməllərinə görə peşmanlıq hissi keçirməklə islah meyillərini gücləndirir, həmin şəxslərdə cəzadan azad edildikdən sonra cəmiyyət üçün faydalı şəxsiyyətə çevriləcəklərinə inam, qanunauyğun davranış sərgiləməyə motivasiya yaradır, onları pis əməllərdən çəkindirir.
Mərhəmət, bağışlamaq həmişə ən ali keyfiyyətlər kimi qiymətləndirilib və əfv etmək böyük, müdrik insanlara, dövlət xadimlərinə xas olan yüksək keyfiyyətdir. Humanist Prezident, xeyirxah dövlət başçısı İlham Əliyev tərəfindən imzalanan və çox sayda şəxsləri əhatə edən sözügedən əfvetmə aktı da xalqımızın həmrəyliyinə müsbət təsir edəcək mühüm addımlardan biri olmaqla cəmiyyətimizə böyük töhfələr verəcəkdir.

Samir QARABƏYLİ Azərbaycan Respublikası Hərbi Prokurorluğunun
Hərbi prokurorluqlarda  istintaqa nəzarət şöbəsinin prokuroru,
ədliyyə polkovnik-leytenantı, hüquq üzrə magistr