Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

17 İyun 2023 11:24

Cəmşid Naxçıvanski adına Hərbi Liseyin 51-ci buraxılış mərasimi keçirildi

Milli Müdafiə Universitetinin Cəmşid Naxçıvanski adına Hərbi Liseyinin kursantlarının 2023-cü il üzrə buraxılışına həsr olunan təntənəli mərasim keçirildi.
Buraxılış mərasimi münasibətilə keçirilən tədbirdə Milli Müdafiə Universitetinin rəhbərliyi, liseyin şəxsi heyəti, müəllimlər, məzunlar, valideynlər və KİV-in nümayəndələri iştirak etdilər.
Tədbirdən əvvəl Milli Müdafiə Universitetinin və Cəmşid Naxçıvanski adına Hərbi Liseyin rəhbərliyi tərəfindən hərbi liseydə ucaldılan Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin və Cəmşid Naxçıvanskinin büstləri ziyarət olundu.
Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin və Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla anıldıqdan və hərbi orkestrin müşayiəti ilə Azərbaycan Respublikasının Dövlət Himni ifa edildikdən sonra tədbir açıq elan olundu. Liseyin Döyüş bayrağı təntənəli surətdə sıra meydanına gətirildi.
Milli Müdafiə Universitetinin rektoru professor, general-leytenant Heydər Piriyev çıxış edərək əlamətdar gün münasibətilə məzunları Azərbaycan Respublikasının müdafiə nazirinin adından və öz adından təbrik etdi, onlara gələcək xidmətlərində uğurlar arzuladı.
General-leytenant H.Piriyev qeyd etdi ki, buraxılış mərasiminin təsadüf etdiyi 15 iyun tarixi həm də Azərbaycan xalqının Milli Qurtuluşu, dövlətçiliyin və mənəvi dəyərlərin xilası günüdür. Ulu Öndər Heydər Əliyevin atdığı mühüm addımlardan biri də C.Naxçıvanski adına Hərbi Liseyin yaradılmasıdır. Milli zabit kadrlarının hazırlanmasında xüsusi rolu olan C.Naxçıvanski adına Hərbi Lisey bu gün də Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin layiqli davamçısı, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin diqqət və qayğısı ilə əhatə olunub. Sizin hər birinizə məlumdur ki, Ulu Öndər Heydər Əliyev böyük sınaqlara və təzyiqlərə baxmayaraq bu təhsil ocağının yaradılmasına nail olub. O, bu liseyin əsasını qoyanda əmin idi ki, Azərbaycan xalqı öz azadlığını əldə edəcək və müstəqil Azərbaycan dövləti yaranacaqdır. Yəni, Heydər Əliyev sizin timsalınızda burada təhsil alanları müstəqil Azərbaycan Ordusunda xidmət edəcək zabitlər kimi görürdü. Bu gün Azərbaycan müstəqil, dünyanın sayılıb-seçilən dövlətlərindən biridir. Siz Ulu Öndər Heydər Əliyev tərəfindən yenidən qurulan və Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə inkşafının ən yüksək nöqtəsində olan Azərbaycan Ordusunda xidmət edəcəksiniz. Bu orduda xidmətə hazırlıq üçün indi sizin qarşınızda yeni bir həyat açılır. Siz bu hərbi liseydə aldığınız bilikləri davam etdirməli və Azərbaycan zabiti kimi yetişməlisiniz. Əminəm ki, siz gələcək hərbi təhsilinizi də uğurla davam etdirəcəksiniz", - deyə general-leytenant H.Piriyev bildirdi.
Sonra çıxış edən liseyin müəllimi Rəna Seyidrzayeva məzunlara uğurlar diləyərək onlara Vətənə layiqli zabit olmaları yolunda uğurlar arzuladı. Bildirdi ki, keçirilən liseydaxili qiymətləndirmədən, eləcə də Dövlət İmtahan Mərkəzi tərəfindən keçirilən XI siniflərin buraxılış imtahanında yüksək nəticə (274 bal) toplayan kursant Emil Bayramlı olub.
Kursantlar adından çıxış edən kurs birincisi Emil Bayramlı onlara göstərilən etimadı doğruldacaqlarına, növbəti ali hərbi təhsilləri dövründə daha da inamla çalışaraq gələcəkdə orduya dəyərli zabit olacaqlarına, Vətən, dövlət və xalq qarşısında vəzifələrini layiqincə yerinə yetirəcəklərinə, hərbçi şərəfini hər zaman uca tutacaqlarına söz verdi. "Bu gün biz kursantlar üçün əlamətdar və qürurverici bir gündür. Sevinc və eyni zamanda, kədər hissi ilə deyə bilərəm ki, bizə doğma olan, təhsil aldığımız bu liseydə artıq son günümüzdür. Vətən müharibəsindən əvvəl məzunlar öz çıxışlarında qeyd edirdilər ki, gələcəkdə savadlı, bilikli zabit olub işğal olunmuş torpaqlarımızı azad edəcəklər. Onlar verdikləri sözə, icdikləri anda sadiq qalaraq bizlərə Zəfər sevincini yaşatmağı bacardılar. Sevinirəm ki, əsl vətənpərvər, Vətən torpağına olan sevgisini əməlləri ilə sübut etmiş, döyüş meydanında qəhrəmanlıq nümunələri göstərmiş zabitlər tərəfindən hərbin sirlərinə yiyələnmişik. Təhsil aldığımız hər gün hərbi lisey rəhbərliyinin, komandir və müəllimlərimizin diqqət və qayğısını öz üzərimizdə hiss etmişik. Onların tələbkarlığı sayəsində hərbi biliklərə mükəmməl sahib olmuşuq. Kursant yoldaşlarım adından söz verirəm ki, gələcəkdə harada olmağımızdan asılı olmayaraq , Vətən, dövlət, xalq qarşısında üzərimizə düşən vəzifələri layiqincə yerinə yetirəcək, hərbçi şərəfini uca tutacağıq. Vətənimizin müdafiəsində məğrur dayanacaq, şəhid qardaşlarımızdan bizə əmanət olan torpaqlarımızı göz bəbəyimiz kimi qoruyacağıq" , - kursant E.Bayramlı dedi.
Mərasimdə iştirak edən valideynlərdən kursant Elxan Səfərlinin anası Təranə Səfərli sevinc gözyaşları ilə çıxış edərək övladının hərbçi peşəsini seçdiyi üçün qürurlandığını bildirdi. Onun timsalında bütün məzunları təbrik edərək hər zaman Vətənə sədaqətlə xidmət etmələrini tövsiyə etdi.  
Çıxışlardan sonra tədrisdə və intizamda fərqlənən liseyin kursantlarına attestat və liseyin döş nişanı təqdim olundu. Kurs birincisi kursant Emil Bayramlı tərəfindən 2023-cü ilin məzunlarının rəmzi simvolu yaş kötüyünə vuruldu.
Daha sonra Cəmşid Naxçıvanski adına Hərbi Liseyin Döyüş bayrağının təhvili və qəbulu mərasimi keçirildi. Döyüş bayrağı növbəti buraxılışın kursantları tərəfindən təhvil alındı.
Sonda kursantlar hərbi orkestrin müşayiətilə lisey marşını ifa etdikdən sonra şəxsi heyətin təntənəli marşla tribunanın önündən keçidi oldu.
 
Oruc MUSTAFAYEV "Azərbaycan Ordusu"