Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

14 İyun 2023 16:25

Milli Müdafiə Universitetinin Hərbi İdarəetmə İnstitutunda buraxılış mərasimi keçirildi

Milli Müdafiə Universitetinin Hərbi İdarəetmə İnstitutunun Strateji araşdırmalar və dövlət müdafiəsi idarəetmə akademik kursunun 26-cı buraxılışına həsr olunmuş mərasim keçirildi.
Növbəti buraxılış mərasimində Milli Müdafiə Universitetinin, Hərbi İdarəetmə İnstitutunun, Hərbi Elmi-Tədqiqat İnstitutunun rəhbər, zabit, professor-müəllim heyəti, dinləyicilər və başqa qonaqlar iştirak etdilər.  
Milli Müdafiə Unuversitetinin Hərbi İdarəetmə İnstitutunda keçirilən buraxılış mərasimində əvvəlcə Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin və respublikamızın suverenliyi, müstəqilliyi, ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad olundu. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildi.
Mərasimin proqramı diqqətə çatdırıldıqdan sonra Hərbi İdarəetmə İnstitutunun rektoru polkovnik Bəbir Quliyev çıxış edərək Milli Müdafiə Universitetinin rektoru professor, general-leytenant Heydər Piriyevin adından kursun buraxılışı, qarşıdan gələn 15 İyun -  Milli Qurtuluş Günü, Azərbaycan Silahlı Qüvvələrinin yaradılmasının 105-ci ildönümü münasibətilə dinləyiciləri təbrik etdi.
Rektor çıxışına davam edərək bildirdi ki, dövlət orqanlarında çalışan vəzifəli şəxslərə respublikanın müdafiəsi və təhlükəsizliyi ilə bağlı hərbi-strateji, hərbi-iqtisadi, hərbi-siyasi məsələlərin təhlil edilməsi vəzifəsini Strateji araşdırmalar və dövlət müdafiəsi idarəetmə akademik kursu yerinə yetirir.
Polkovnik Bəbir Quliyev  Strateji araşdırmalar və dövlət müdafiəsi idarəetmə akademik kursunda beş ay ərzində strategiya və müdafiə planlaşdırması, respublikamızın  beynəlxalq əlaqələri, iqtisadiyyatımızın inkişaf strategiyası və dünya iqtisadiyyatına inteqrasiyası, sosial-mədəni və milli təhlükəsizliyimizi əhatə edən digər məsələlərə dair dinləyicilərə mühazirələrin oxunduğunu və eyni zamanda,  kursun tədris proqramı çərçivəsində Azərbaycan Respublikasının müxtəlif nazirlik və təşkilatlarında, ali təhsil müəssisələrində çalışan yüksək ixtisaslı mütəxəssislər tərəfindən müxtəlif mövzularda geniş çıxışların edildiyini vurğuladı.
Həmçinin, güc nazirliklərinin mütəxəssisləri kursun tədris proqramına uyğun olaraq Azərbaycan Respublikası Silahlı Qüvvələrinin yaradılması və təşəkkül tapması, onların strukturu, vəzifələri haqqında və digər mövzularda akademik kursun dinləyicilərinə ətraflı məlumatlar çatdırdığını deyən rektor çıxışının sonunda əminliklə bildirdi ki, müasir tələblərə cavab verən ali hərbi təhsilli komandir və qərargah zabitlərinin hazırlanması, hərb elminin təşkili, inkişaf etdirilməsi, ölkənin müdafiəsinin və dövlət təhlükəsizliyinin təmin edilməsi məqsədilə Azərbaycan Ordusu ilə mülki dövlət qurumlarının birgə fəaliyyətinin təşkili məsələləri bundan sonra da Hərbi İdarəetmə İnstitutunun fəaliyyətinin əsas istiqamətləri olacaqdır. İnstitutun rəhbəri kursu müvəffəqiyyətlə bitirən dinləyiciləri bir daha təbrik edərək, onlara çətin və şərəfli xidmətlərində uğurlar arzuladı.
Sonra məzunlara diplomlar və döş nişanları təqdim edildi.
Professor-müəllim heyəti adından çıxış edən professor Rasim Həsənov akademik kursun dövlətin müdafiə strategiyasında və idarə edilməsində böyük əhəmiyyətindən danışaraq, burada qazanılan nəzəri və təcrübi biliklərin məzunların gələcək fəaliyyətlərində tətbiqinin zəruriliyini xüsusi vurğuladı, onların hər birinə uğurlar dilədi.
Sonra məzunlar adından çıxış edən Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının nümayəndəsi Mahir Hacıyev Milli Müdafiə Universitetinin rəhbərliyinə, Hərbi İdarəetmə İnstitutunun və Hərbi Elmi-Tədqiqat İnstitutunun zabit, professor-müəllim heyətinə dərin minnətdarlığını bildirərək, əldə etdikləri bilgilərin onların gələcək fəaliyyət istiqamətlərində əhəmiyyətli rolundan danışdı və yaş kötüyünə xatirə lövhəsini vurdu.
Buraxılış mərasiminin sonunda xatirə şəkli çəkdirildi.

Lalə HÜSEYNOVA  "Azərbaycan Ordusu"