Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

14 İyun 2023 16:25

Şəhidlik məqamına ucalan ömür

Vətən uğrunda canını fəda edən oğulların sırasına bir ad da yazıldı: Orxan Novruzəlizadə.
Orxan Novruzəlizadə 10 dekabr 1998-ci ildə Ağstafa rayonunun Vurğun qəsəbəsində torpağa, elə, obaya bağlı olan zəhmətkeş bir ailədə  dünyaya göz açmışdı. Dörd uşaqlı  ailənin övladı olan Orxan da torpağına, Vətəninə sevgiylə böyümüşdü. Bu ruhu ona evdə valideynləri, məktəbdə müəllimləri aşılamışdı. Şəhid Habil Əzizov adına Vurğun qəsəbə tam orta məktəbində oxuyarkən intizamı, savadı, təfəkkürü, məsuliyyəti, təmkini ilə sinif yoldaşlarının, müəllimlərinin hörmətini qazanmışdı. Qazax Dövlət Sosial-İqtisadi Kollecində təhsil aldığı illərdə orta məktəbdə qazandığı nailiyyətlərini daha da mükəmməlləşdirmişdi, sinif nümayəndəsi seçilmişdi. O illərdə belə etimad hər şagirdə nəsib olmurdu. Kolleci uğurla başa vurduqdan sonra müddətli həqiqi hərbi xidmətə çağırılmışdı. Ailəsi, qohum-əqrəbası onu hərbi xidmətə böyük coşqu ilə  yola salmışdılar.
"N" hərbi hissəsində xidmət keçən əsgər Orxan Novruzəlizadə qəbul etdiyi Hərbi Anda sadiq qalaraq, Vətənin keşiyində ayıq-sayıq dayanır, hərbi vərdişlərə yiyələnir,  komandirlərinin, yoldaşlarının hörmətini qazanır, verilən tapşırıqları məsuliyyətlə və vaxtında yerinə yetirirdi. O yaxşı bilirdi ki, illərlə torpaqlarımızı işğal altında saxlayan erməni silahlı birləşmələri yaşadıqları əraziyə yaxın olan Qazax, Tovuz istiqamətində atəşkəsi tez-tez pozur. Hərbi xidməti dövründə o da digər əsgərlər kimi işğal ağrıları yaşayır. Xidmətini başa vurandan sonra yenidən ordu sıralarına dönməyə qərar verir...
Azərbaycan Ordusunun müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu Orxan Novruzəlizadə "N" hərbi hissəsinin tank heyətlərinin birində mexanik-sürücü kimi xidmətə başlayır. Vəzifəsinin öhdəsindən daha bacarıqla gəlmək üçün təcrübəsini artırır, idarə etdiyi zirehli texnikanın sirlərinə dərindən yiyələnir.  
27 sentyabr 2020-ci ildə torpaqlarımızın  azadlığı uğrunda döyüşlər başlayanda Orxan Novruzəlizadə də cəbhə xəttinə düşmənlə döyüşlərə göndərilir. Qubadlının azadlığı uğrunda gedən döyüşlərdə fərqlənir.  
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq Sərəncamı ilə Orxan Novruzəlizadə "Qubadlının azad olunmasına görə" medalı ilə təltif olunub.
O fəxr edirdi ki, Vətən torpaqlarının azad olunmasında, ölkəmizin ərazi bütövlüyünün bərpa edilməsində  az da olsa xidməti var. Vətən müharibəsindən sonra döyüşlərdə fəal iştirakına və nümunəvi xidmətlərinə  görə dəfələrlə komandanlığın fəxri fərmanlarına layiq görülüb, ona təşəkkür elan olunub.
Müharibədən sonra Kəlbəcər rayonu istiqamətində, Azərbaycanla Ermənistanın sərhədində yerləşən "N" hərbi hissəsində xidmət edirdi. O da düşmənin törədə biləcəyi təxribatların qarşısını qətiyyətlə almağa hər an hazır idi. Bu il mayın 11-də səhər saatlarından etibarən erməni hərbi birləşmələri Basarkeçər rayonunun Zod kəndi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun üzbəüz mövqelərini minaatanlardan atəşə tutur. Ermənistan silahlı qüvvələrinin bölmələrinin törətdiyi təxribat nəticəsində Orxan döyüş tapşırığını yerinə yetirərkən şəhid olur. Onun nəşi mayın 12-də Ağstafa rayonunun Vurğun qəsəbəsində anasının məzarı yanında torpağa tapşırılır - Azərbaycan Ordusunun şəhid hərbi qulluqçusu Orxan Novruzəlizadə böyük izdihamla son mənzilə yola salınır.
Şəhid hərbi qulluqçu Orxan Novruzəlizadə ailənin sonbeşiyi idi. Qalib, Bülbül, Tüyqunə  Orxanın ölümü ilə heç cürə barışa bilmir. "Sanki qapını açıb indicə içəri girəcək", - deyirlər. "Orxan bizdən kiçik olsa da, arxamız-dayağımız idi. Hər birimizə ağıllı məsləhətlər verirdi. Vətənpərvər, dosta, yoldaşa  hər zaman sədaqətli olub. Onda heç bir qorxu hissi yox idi. Çox danışmağı sevməzdi. Dəfn zamanı  müəllimləri, hərbçi yoldaşları onunla bağlı xatirələrini danışdılar. Qardaşımızla qürur duyduq. Vətən yolunda şəhid olub..."
24 yaşında Vətən uğrunda şəhid olan Orxanın məsum simasını, gülər gözlərini heç kim unutmayacaq. Onun şəhidlik məqamına ucalan ömrü müqəddəs abidəyə dönəcək. Adı yaddaşlarda, əziz xatirəsi qəlblərdə əbədi yaşayacaq.

Lalə HÜSEYNOVA "Azərbaycan Ordusu"