Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

14 İyun 2023 16:25

Xidmətimlə mən də qürurlanıram

İkinci Qarabağ müharibəsi başlayanda minlərlə məktəbli də, tələbə də döyüşlərə getmək istəmişdi. Ehtiyac olmadığına görə onların xahişinə əməl edilməmişdi. Vətənpərvər yeniyetmələr, gənclər müharibəni televiziyada verilən informasiyadan izləyirdi, Zəfərdən sonra müharibənin tarixi döyüşlərini, Vətən müharibəsinə həsr olunan verilişlərdən, kitablardan öyrənirdilər.
Laçının Minkənd kəndi əsgər Malik Vəliyevin ruhuna daha doğmadı - onun ata yurdu görmədiyi bu kənddədi.
2001-ci ildə Ceyranbatan qəsəbəsində anadan olub, 1 saylı tam orta məktəbi bitirib. Azərbaycan Memarlıq və İnşaat Universitetinin məzunudur...
Yeniyetməliyindən idmanın cüdo növü ilə məşğul olub. Müxtəlif yarışlarda iştirak edib. Şamaxıda və Qubada keçirilən yarışlarda onun həmyaşıdları arasında birinci yeri tutub. Bu uğur onun istəyini daha da artırıb - məşqləri ciddiləşib, intensivləşib. Hərbi xidmətə çağırılanda püxtələşmiş idmançı idi...
"Mən də nümunəvi xidmətimlə komandirlərimizin rəğbətini qazanmışam. Mənə təhkim edilmiş texnikanın istismar xüsusiyyətlərini mükəmməl öyrənmişəm. Vətən müharibəsi başlayanda, tələbə idim, döyüşlərdə iştirak edə bilmədim. Qazanılan Zəfər hamımızın Zəfəridir", - əsgər Malik Vəliyev belə dedi. O həm əsgər kimi, həm də vətəndaş kimi bu Zəfərlə qürurlandığını da bildirdi.
Orduda xidmətini başa vurduqdan sonra sevdiyi idman növü ilə daha ciddi məşğul olacağını, beynəlxalq yarışlarda qələbələr qazanacağını, bu qələbələri Azərbaycan Ordusuna həsr edəcəyini deyən əsgər Malik Vəliyev onu da bildirdi ki, arzusu Azərbaycan bayrağını beynəlxalq arenalarda dalğalandırmaqdır.
Əsgər Malik Vəliyev hərbi hissədə hamının rəğbətini qazanıb - nümunəvi xidməti ilə, nəzakətli davranışı ilə, vətənsevərliyi ilə, Azərbaycan bayrağına böyük sevgisi ilə...

Hüsniyyə NƏSİROVA "Azərbaycan Ordusu"