Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

10 İyun 2023 12:35

“Əsgərlərimiz tapşırıqları cəld və nöqsansız yerinə yetirirlər”

"N" hərbi hissəsində olduğumuz zaman şəxsi heyət günün nizam qaydasına uyğun olaraq gün ərzində müxtəlif məşğələlərlə məşğul olur, nəzəri və praktiki vərdişlərini təkmilləşdirirdi. İlk maraqlandığımız məşğələ prosesi sıra hazırlığı oldu. Burada əsgərlərimiz baş leytenant İbrahim Nəbiyevin nəzarəti altında sıranın müqəddəsliyini, elementlərini və incəliklərini dərindən öyrənirdilər. Sıra hazırlığının elementlərini icra edən əsgərlərin ayaq səsləri isə hər kəsin diqqətini özündə cəmləyirdi. Şəxsi heyətin ayağını eyni anda yerə vurması, verilən komandaları cəld və çevik yerinə yetirməsi hər birimizə xoş ovqat aşılayırdı.
Məşğələ rəhbəri baş leytenant İbrahim Nəbiyev məşğələ barədə məlumat verərək bildirdi ki, sıra hazırlığı hərbi qulluqçular üçün ən vacib dərs proseslərindən biridir. Bu səbəbdən də əsgərlərimiz digər məşğələlərdə olduğu kimi, sıra hazırlığında da yüksək əzmkarlıq göstərirlər. Hər hansısa bir elementi səhv etdikləri zaman, ilk öncə əyani, daha sonra isə praktiki olaraq izah edib, səhvlərini düzəldirik.
Zabit dedi ki, sıranın idarə edilməsi komandirlərin səsi, şəxsi nümayişi, habelə siqnal və texniki səyyar rabitə vasitələri, komanda və sərəncamları ilə həyata keçirilir. "Komanda komandirlərin verdiyi əmrin qısa ifadəsidir. Sırada böyük komandir komanda vermək üçün münasib yerdə durmalıdır. Komandalar xəbərdarlıq və icra komandalarından, yaxud yalnız icra komandasından ibarət ola bilər. Xəbərdarlıq komandası komandirin sıradakılardan nə tələb etdiyini düzgün anlamaları üçün ucadan, aydın və uzadılaraq verilir. Hər hansı xəbərdarlıq komandası veriləndə sırada və sıradan kənarda olan hərbi qulluqçular "Farağat" vəziyyəti alırlar. Sırada hərəkət edənlər isə ayaqlarını yuxarı qaldıraraq yerə daha möhkəm basmalıdırlar".
- Beləliklə, komandir heyəti keçirilən istənilən dərs və məşğələ zamanı bütün bilik və bacarıqlarını səfərbər edərək, şəxsi heyətin hərtərəfli inkişafını yüksək səviyyədə təmin etməlidir. Çünki bizim əsas borcumuz hərbi xidmət keçən gənclərin hərbi bilik və vərdişlərini artıraraq, onları əsl döyüşçü kimi formalaşdırmaqdır. Onlar da öz növbələrində dərs və məşğələlərə həvəslə qatılır, verilən əmr və tapşırıqları cəld və nöqsansız yerinə yetirirlər.
Zabitlə söhbətimiz zamanı öyrəndik ki, o, Vətən müharibəsinin iştirakçısıdır. Döyüşlər zamanı qarşıya qoyulan bütün tapşırıqları dəqiq yerinə yetirərək, şücaət və igidlik nümayiş etdirdiyi üçün Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamlarına əsasən "Cəbrayılın azad olunmasına görə", "Xocavəndin azad olunmasına görə", "Füzulinin azad olunmasına görə"  və "Vətən müharibəsinin iştirakçısı" medalları ilə təltif edilib. Həmçinin haqq savaşımızda cəsur zabitimizin qardaşı gizir Cilingir Nəbiyev Xocavənd istiqamətində gedən ağır döyüşlər zamanı şəhidlik zirvəsinə yüksəlib.
Əsgər Elçin Muxtarov keçirilən dərslərin sayəsində hərbi vərdişlərə yiyələndiyini dedi. "Baş leytenant İbrahim Nəbiyev kimi peşəkar komandirlərimizin sayəsində verilən bütün tapşırıqların öhdəsindən çətinlik çəkmədən gəlməyə qadirik. Əlbəttə, bununla kifayətlənən deyilik. Zabitlərimizin köməkliyi ilə hərbi biliklərimizi hər gün daha da artıracaq, əsl peşəkar döyüşçü kimi formalaşacağıq. Çünki bilirik ki, cəsur oğullarımızın qanı və canı bahasına azad edilən torpaqların müdafiəsi bu gün bizim üzərimizə düşür. Əminəm ki, bu vəzifəni düzgün və dəqiq yerinə yetirəcək, ailəmizin yanına başıuca qayıdacağıq".
Əsgər Babək Əliyev dedi ki, xidmətə başladığı ilk gündən etibarən komandirləri sıra hazırlığına xüsusi diqqət yetirirlər. Bu səbəbdən biz də hər zaman çalışmışıq ki, sıra hazırlığının bütün incəliklərini tam mənimsəyək. Təcrübəli komandirlərimizin əziyyəti və əməyi nəticəsində çox keçmədən buna nail olduq. Bu gün sıra hazırlığı ilə yanaşı, hərbin, demək olar ki, bütün sirlərinə dərindən yiyələnməkdə davam edirik. Xidməti dövrümün bir qismi artıq geridə qalıb, amma yenə də öz üzərimdə çalışacaq və xidmətimi Azərbaycan əsgəri adına layiq olaraq başa vuracağam.
Əsgərlər Zakir Məmmədli, Yusif Eyvazlı, Xəyal Məhərrəmov və digərləri də qeyd etdilər ki, sıra hazırlığı məşğələsi yüksək səviyyədə keçirilir. Sıra elementlərinin bütün vərdişlərinə dərindən yiyələnən igid oğullarımız verilən komandaların icrasında çətinlik çəkmirlər.

Orxan HÜSEYNLİ "Azərbaycan Ordusu"