Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

10 İyun 2023 12:35

“Ən güclü silahımız vətənpərvərliyimizdir”

Böyük Qələbəmizin başlanğıcı, eləcə də  Qarabağa Böyük qayıdışın müjdəsi olan Aprel döyüşlərində və İkinci Qarabağ müharibəsində qazanılan şanlı zəfərimizi heç kim unutmur, unutdurmur. Həmin günlər Azərbaycan Ordusu təxribat törətməyə cəhd edən düşmənin arzusunu ürəyində qoydu. İllərdir öz gözlərində böyütdükləri erməni xofunu igid oğullarımız darmadağın etdilər. Ordumuzun gücünü, Azərbaycan əsgərinin Vətən sevgisini, mərdliyini, qorxmazlığını bütün dünyaya göstərdilər.
Bu şanlı qəhrəmanlıq tarixini xalqımıza yaşadan, düşmən təxribatının qarşısının alınmasında şücaətlə döyüşən  igidlərimizdən biri də gizir Babək Həmidovdur. 10 ildən çoxdur ki, ordu sıralarında xidmət edən Babək 2012-ci ildə Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzində "Gizir hazırlığı kursu"nu bitirib. Lələtəpə istiqamətində döyüş növbətçiliyi aparan bölmədə xidmətə başlayıb. Nümunəvi xidməti ilə seçilən Babək atış çalışmalarında həmişə yüksək qiymətlər alıb. Buna görə də yuxarı komandlıq onu ixtisası üzrə təkmilləşmə kursuna cəlb edib. 2016-cı ildə düşmənin təxribatına qarşı bölmələrimiz əks-hücuma keçəndə gizir B.Həmidovun illərdir öyrəndiyi bilik və bacarıqları bəhrəsini verib. Əks-hücuma keçən heyətə atəş dəstəyi verən Babəkin nişangahına tuş gələn heç bir düşmən sağ qalmayıb. "Sərrast atıcılıqla yanaşı, hədsiz səbrli olmalı, ustalıqla maskalanmalı görünmədən görməlisən. Bu və ya digər bacarıqları həm kursda öyrənmişdim, həm də keçirilən təlim-məşqlərdə daha da təkmilləşdirmişdim. Mütəmadi olaraq keçirilən təlimlərimiz ixtisasından asılı olmayaraq hər bir hərbi qulluqçunun peşəkarlaşmasında, döyüş vərdişlərinin artırılmasında mühüm rol oynayır. Aprel döyüşlərində və İkinci Qarabağ mühaibəsində yüksək döyüş hazırlığı nümayiş etdirməyimizin əsas səbəblərindən biri də mütəmadi olaraq keçirilən təlimlərdə qazandığımız döyüş vərdişləri oldu. Aprel döyüşləri zamanı ağır yaralanmışdım. Aprelin 4-ü idi. Artıq döyüşlər dayandırılmış, atəşkəs elan olunmuşdu. Lakin ermənilər yenə xaincəsinə atəşkəsi pozaraq minaatandan atəş açdılar. Döş qəfəsi nahiyyəsindən və sağ ayağımdan ağır yaralandım. Sağalaraq xidmətimi davam etdirdim. Qismət elə gətirdi ki, İkinci Qarbağ müharibəsində də iştirak edə bildim. Hər iki tarixi zəfərimizdə iştirakçı olmaqdan böyük iftixar hissi duyuram".
Xidməti vəzifələrini layiqincə yerinə yetirən gizir Babək Həmidov Füzuli, Hadrut, Cəbrayıl istiqamətində gedən döyüşlərdə şücaət göstərib. Aprel döyüşlərində ağır yaralandığına görə ixtisasını dəyişməyə məcbur qalan Babək, bu dəfə təminat bölməsində döyüşlərə atılıb. Verilən bütün tapşırıqların öhdəsindən bacarıqla gəlib. Döyüşün ən qızğın nöqtələrinə qədər təminatın çatdırılmasında böyük cəsarət və qəhrəmanlıq nümayiş etdirib. Göstərdiyi şəxsi igidliyə  və şücaətə görə Azərbaycan Respublikasının Prezidenti tərəfindən bir neçə medalla mükafatlandırılıb. Hal-hazırda "N" hərbi hissəsində xidmət edir və nümunəvi xidməti ilə seçilir. Babək yüksək döyüş və mənəvi-psixoloji hazırlığın əsasının Vətən sevgisi olduğunu qeyd etdi: "Bizim ən güclü silahımız vətənpərvərliyimizdir. Vətənpərvərlik Vətən sevgisindən yaranan müqəddəs duyğudu. Vətəni sevmək, onun bütövlüyü uğrunda mübarizələrdə şücaət göstərmək hər birimizin mənəviyyat borcudur. Çünki Vətən bizim anamız, müqəddəs qibləgahımızdır. Böyük qürur hissi ilə bildirirəm ki, bizim qətiyyətimiz, igidliyimiz və yüksək döyüş qabiliyyətimiz məhz vətənpərvərliyimizdən qaynaqlanır".
Ordu sıralarında Babək kimi Vətənimizə sonsuz məhəbbətlə bağlı və ərazi bütövlüyümüz uğrunda canından belə keçməyə hazır olan igidlərimiz kifayət qədərdir. Döyüş meydanında qəhrəmanlıq salnamələri yazan belə igidlərimizin sayəsində ərazi bütövlüyümüz təmin olundu və qətiyyətlə qorunur.
       
Mahmud MÖHBALIYEV "Azərbaycan Ordusu"