Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

10 İyun 2023 12:35

Məktəbdən səngərə - səngərdən məktəbə

Keçmiş döyüşçü gələcəyin Vətən müdafiəçilərini yetişdirir

Vətənpərvərlik tərbiyəsi başlanğıcını ailədən, ata-anadan götürsə də, formalaşması təhsil müəssisələrinin üzərinə düşən vəzifədir. Ona görə də təhsil ocaqları tərbiyə müəssisəsi hesab edilir. Uşaq, yeniyetmə və gənclərdə vətənpərvərliyi formalaşdırmaq üçün müəllimlərin Vətən sevgisi ilə yanaşı, peşəkarlığı da mühüm rol oynayır. Vətənpərvər və işinin peşəkarı olan müəllimlərimiz tam orta məktəblərdə "Gənclərin çağırışaqədərki hazırlığı" fənnini tədris edən hərbi rəhbərlərimiz gələcəyin Vətən müdafiəçilərini yetişdirirlər.
Peşəkarlığı, vətənpərvərliyi və mənəvi keyfiyyətləri ilə seçilən gənclərin çağırışaqədərki hazırlığı rəhbərlərimizdən biri də 44 günlük Vətən müharibəsinin veteranı ehtiyatda olan polkovnik-leytenant Muraz Sadıqovdur. Bakı şəhəri Binəqədi rayonu Famil İsgəndərov adına 157 nömrəli tam orta məktəbin müəllimi Muraz Arif oğlu Sadıqov 26 iyun 1980-ci ildə Gürcüstanda Dmanisi rayonu Dəllər kəndində müəllim ailəsində anadan olub. 1997-ci ildə orta məktəbi fərqlənmə atestatı və 2001-ci ildə Azərbaycan Texniki Universitetini fərqlənmə diplomu ilə bitirib.
Muraz 2001-ci ildə leytenant hərbi rütbəsi ilə taqım komandiri vəzifəsində həqiqi hərbi xidmətə başlayır. 20 ildən artıq bir çox hərbi vəzifələrdə xidmət edir. Müxtəlif vaxtlarda ölkəmizdə, Türkiyə və İsraildə təlim və kurslara cəlb edilərək, bilik və bacarıqlarını, eləcə də döyüş vərdişlərini təkmilləşdirir.
Muraz Sadıqov Aprel döyüşlərində, Tovuz əməliyyatında və Vətən müharibəsində şəxsi igidlik və mərdlik nümayiş etdirib. Öyrəndik ki, o, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Vətən müharibəsində vəzifəsinin öhdəsindən layiqincə gələrək tarix yazan zabitlərimizdəndir. Vətən müharibəsi zamanı Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı, Laçın rayonları və Şuşa şəhəri istiqamətində döyüşüb.
Ehtiyatda olan polkovnik-leytenant Muraz Sadıqov döyüşlərdə göstərdiyi xüsusi igidlik və şücaətə görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq sərəncamları ilə "İgidliyə görə", "Hərbi xidmətlərə görə", "Cəbrayılın azad olunmasına görə", "Qubadlının azad olunmasına görə" medalları ilə təltif olunub.
Uğurlu hərbi xidmət yolu keçən Muraz Sadıqov 2021-ci ilin sentyabrında ehtiyata buraxılıb. Hərbi peşəni gənclərə sevdirməyi qarşısına məqsəd qoyan Muraz Sadıqov gələcəyin Vətən müdafiəçilərini yetişdirmək arzusu ilə 2022-ci ilin martında Bakı şəhəri üzrə Təhsil İdarəsində imtahan verərək, Famil İsgəndərov adına 157 nömrəli tam orta məktəbin gənclərin çağırışaqədərki hazırlığı rəhbəri təyin olunub. Bu gün keçmiş döyüşçü həm övladlarına, həm də dərs dediyi tam orta məktəbdə övladı kimi yanaşdığı şagirdlərə ilkin hərbi bilikləri və Vətən sevgisini aşılayır.
Muraz Sadıqov bildirdi ki, ordu sıralarına çağırılan gənclərimiz hərbi xidmətin hər bir vətəndaşın müqəddəs borcu olduğunu dərindən dərk etməlidir. "Gənclərin çağırışaqədərki hazırlığı" fənninin məqsədi yeniyetmələri Azərbaycan Respublikası Konstitusiyası və qanunları çərçivəsində hərbi xidmətə dair müddəalarla tanış etmək, məktəblilərin tam orta təhsil illərindən hərbi və vətənpərvər ruhda tərbiyəsinə nail olmaq, şagirdlərə atəş hazırlığı, mülki müdafiə və ilk tibbi yardım üzrə bilik, bacarıq və vərdişlərin aşılanmasını təmin etməkdən ibarətdir. Bu fənn yetişməkdə olan Azərbaycan gəncinin qürurla "Mən" deyərək şəxsiyyət kimi formalaşmasına, hüquq və vəzifələrini dərk edən, xalqına və dövlətinə sadiq vətəndaşın yetişdirilməsinə xidmət edir. Fənni tədris edərkən milli-mənəvi dəyərlərimizə, dövlət rəmzlərimizə, hərbi atributlara sevgi və rəğbət hissi aşılamaq üçün əlimdən gələni əsirgəmirəm".
Milli Qəhrəmanımızın adını daşıyan tam orta məktəbdə ehtiyatda olan keçmiş döyüşçünün gələcəyin Vətən müdafiəçilərini Azərbaycan sevgisi ilə yetişdirməsi hər bir vətəndaşımızı qürurlandırır. Bu gün fəxrlə deyə bilərik ki, məktəblərimizdə vətənpərvər nəsil yetişir.
Göründüyü kimi məktəbdən səngərə və səngərdən məktəbə həyat yolu qət edən gənclərin çağırışaqədərki hazırlığı rəhbərləri gələcəyin vətənpərvər və savadlı gənclərini peşəkarlıqla yetişdirirlər. Bir sözlə, məktəblərimizdə vətənpərvər gəncliyin yetişməsi hərbi təhsil sahəsinə marağı daha da artırır.

Nəriman NƏCƏFOV Bakı şəhəri