Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

7 İyun 2023 11:00

“Fiziki hazırlığımızı yüksəltmək üçün hər bir şərait yaradılıb”

"N" hərbi hissəsində şəxsi heyətin günün nizam qaydasına uyğun olaraq idmanla məşğul olmasının şahidi olduq. Məşğələnin gedişatını izlədikcə əsgərlərin fiziki hazırlıq məşğələsinə necə maraq göstərmələrini, idman elementlərini həvəslə icra etmələrini gördük.
Fiziki hazırlıq məşğələsi başa çatdıqdan sonra onlarla həmsöhbət olduq. Əsgərlərə həvəslə idman elementlərini izah edən məşğələ rəhbəri müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kiçik çavuş Elvin Həsənov söhbətə başladı: "Şəxsi heyət yaxşı bilir ki, hərbçi hər an döyüş tapşırığını icra etməyə hazır olmalıdır. Verilən tapşırığı uğurla yerinə yetirmək üçün isə döyüş hazırlığı ilə yanaşı fiziki cəhətdən güclü və dözümlü olmaq vacib amillərdəndir. Bütün bunları anlayan şəxsi heyət fiziki hazırlıq məşğələlərinə xüsusi diqqət göstərir, idmana ayrılmış saatlardan səmərəli istifadə edirlər".
Hərbi xidmətə Zaqatala rayonundan çağırılan əsgər Lesan Həmidov idmanla məşğul olmağın əhəmiyyətindən və vacibliyindən söz açdı: "Hərbi xidmətdən öncə həvəskar şəkildə idmanın sərbəst güləş növü ilə məşğul olmuşam. Buna görə də istənilən tapşırığın icrasında çətinlik çəkmirəm. Həmçinin özümü sağlam və gümrah hiss edirəm. Hərbi hissəmizdə də fiziki hazırlığımızı yüksəltmək üçün hər bir şərait yaradılıb. Geniş idman şəhərciyində müxtəlif idman alətləri quraşdırılıb. Əsgər yoldaşlarımın hər biri idmana böyük maraq göstərir. Komanda şəklində icra etdiyimiz idman çalışmaları fiziki güc qazanmağımız ilə yanaşı, dostluq münasibətlərimizə də müsbət təsir edir. Hərbi xidmətə yeni başlayan dostlarımız artıq verilən bütün çalışmaları düzgün və vaxtında icra edə bilirlər. Bu da fiziki hazırlıq məşğələlərinə həvəslə yanaşmağımızın və komandirlərimizin rəhbərliyi altında idmanın bütün sirlərinə dərindən yiyələndiyimizin əyani sübutudur".
Əsgər Şəmil Məmmədzadə bir çox idman hərəkətlərini hərbi xidmət zamanı öyrəndiyini vurğuladı: "Etiraf edim ki, hərbi xidmətə gəlmədən əvvəl heç bir idmanla məşğul deyildim. Bu səbəbdən də hər zaman düşünürdüm ki, xidmətdə çətinlik çəkəcəyəm. Amma idman saatlarında fiziki hərəkətləri icra edərək dözümlülüyümüzü və çevikliyimizi inkişaf etdirmişik. Günün nizam qaydalarına uyğun olaraq gün ərzində keçirilən idman məşğələləri sayəsində fiziki gücüm artdı. Artıq turnikdə dartınma, paralel qollarda enib-qalxma, ipə çıxma və digər idman hərəkətlərini rahatlıqla icra edə bilirəm".
Əsgər Elgün Şəhmətov Lənkəran Dövlət Universitetinin məzunudur. Hərbi xidmətdən əvvəl futbolla məşğul olub. "Xidmətə başladığımız ilk gündən komandirlərimizin diqqət və qayğısı ilə əhatə olunmuşuq", - deyə əsgər E.Şəhmətov söhbətə başladı. "Hərbi xidmətimiz zamanı hər bir saatımız səmərəli və maraqlı keçir. Burada fiziki hazırlıq məşğələlərindən əlavə olaraq müxtəlif növ idman yarışları keçirilir. Yarışlar zamanı bir-birimizlə rəqabət aparmağımıza baxmayaraq, yarışdan sonra yoldaşlarımızın qələbəsinə sevinirik. Bu cür yarışlar bizi daha da yaxınlaşdırır, bir yumruq kimi birləşdirir. Məhz bu birliyin nəticəsidir ki, Vətən müharibəsi zamanı ordumuz düşmən üzərində şanlı qələbə qazandı".
Əsgərlərimizdən Ramazan Əhmədov, Fəxri Məmmədov, Rüfət Xamiyev, Elçin Muxtarov və başqaları da öz fikirlərini bizimlə bölüşdülər. Hərbi hissədə fiziki hazırlığın artırılması üçün yüksək şəraitin yaradıldığını, həvəslə və yorulmadan idmanla məşğul olduqlarını qeyd edən əsgərlərimiz Vətəni sevməyi, ona sadiq olmağı və layiqli xidmət etməyi özlərinə müqəddəs borc bildiklərini, onun keşiyində durmaqdan şərəf duyduqlarını bildirdilər.
Komandirlərin nəzarəti altında müasir idman vasitələrindən, trenajorlardan, maneə zolaqlarından və digər vasitələrdən istifadə edən məğrur oğullarımızın hər birinin fiziki və mənəvi cəhətdən sağlam, Vətəninə və millətinə bağlı əsgər kimi formalaşdıqlarını görmək bizi qürurlandırdı.

Oruc MUSTAFAYEV "Azərbaycan Ordusu"