Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

7 İyun 2023 11:00

Azərbaycanın ilk hərbi qadın təyyarəçisinə həsr edilmiş kitabın təqdimatı oldu

"Azərbaycan Hava Yolları" Qapalı Səhmdar Cəmiyyətinin Milli Aviasiya Akademiyasının Mülki Aviasiya Muzeyi tərəfindən hazırlanmış Azərbaycanın ilk hərbi qadın təyyarəçisi Züleyxa Seyidməmmədovaya həsr edilən kitabın təqdimat mərasimi keçirildi.
Tədbirdə ilk öncə Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin və Azərbaycanın suverenliyi, müstəqilliyi, ərazi bütövlüyü uğrunda şəhid olan Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad olundu. Azərbaycan Respublikasının Dövlət himni səsləndirildi.
Təyyarəçinin ailə üzvləri, akademiyanın professor-müəllim və tələbə heyətinin iştirak etdiyi tədbiri muzeyin direktoru, Əməkdar mədəniyyət işçisi Firəngiz Hüseynova açaraq, kitabın Züleyxa Seyidməmmədovanın əziz xatirəsinə həsr olunduğunu bildirdi və çap məhsulunun muzeyin fond materialları, "Təyyarəçinin qeydləri" (Z.Seyidməmmədova, Bakı, 1969-cu il) adlı kitabın materialları əsasında hazırlandığını vurğuladı.
Muzeyin direktoru kitabda təyyarəçinin N.E.Jukovski adına Hərbi Hava Akademiyasında təhsil alması, İkinci Dünya müharibəsi illərində qadın qırıcı alayındakı döyüş xidmətləri və müharibədən sonrakı fəaliyyəti haqqında məlumatların verildiyini tədbir iştirakçılarının diqqətinə çatdırdı.
Sonra Milli Aviasiya Muzeyi və İctimai Televiziyanın yaradıcı heyətinin birgə hazırladığı hərbi təyyarəçi Züleyxa Seyidməmmədovanın şanlı həyat və döyüş yolunu əks etdirən sənədli film nümayiş olundu.
Milli Aviasiya Akademiyasının "Dil və ictimai fənlər" kafedrasının müdiri, Xalq şairi Nəriman Həsənzadə çıxışında qadınlarımızın Azərbaycanın ictimai-siyasi həyatında əsas rol oynadığını, cəmiyyətimizin önəmli hərəkətverici qüvvəsi olduğunu vurğuladı. İkinci Dünya müharibəsindəki faşizm üzərində qələbədə təyyarəçinin və Vətənimizin digər övladlarının şücaətindən danışaraq, bu gün də sələflərinin yoluna sədaqət göstərən qadın hərbi qulluqçularımızın Vətən qarşısındakı vəzifə borclarını şərəflə yerinə yetirdiyini bildirdi.
Azərbaycanlı pilot, "Şöhrət" ordenli təyyarəçi Əzimbala Əzimov çıxışında Züleyxa Seyidməmmədova ilə bağlı xatirələrini bölüşdü.
Daha sonra tədbirdə təyyarəçinin oğlu Aydın Seyidməmmədov çıxış edərək kitabın ərsəyə gəlməyində əməyi olan hər kəsə öz təşəkkürünü çatdırdı.
Tədbirin sonunda iştirakçılara kitab hədiyyə olundu.

Lalə HÜSEYNOVA "Azərbaycan Ordusu"