Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

7 İyun 2023 11:00

Müstəqil və qüdrətli dövlətimiz, güclü ordumuz Ulu Öndərin siyasi irsinin nəticəsidir

Müasir Azərbaycan dövlətçiliyinin formalaşmasında misilsiz xidmətləri olan Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin xatirəsi bütün xalqımızın qəlbində yaşayır və yaşayacaqdır. Özünün də qeyd etdiyi kimi, müstəqil Azərbaycan yaşadıqca, o da daim ürəklərdə qalacaqdır. Müdrik dövlət xadimi siyasi hakimiyyətinin müxtəlif tarixi mərhələlərində  iradə və qətiyyət  nümayiş etdirərək böyük gələcəyə hesablanmış islahatları həyata keçirib. Ölkəmizə rəhbərlik etdiyi bütün dövrlərdə Heydər Əliyev Azərbaycanın hərtərəfli inkişafına, qüdrətlənməsinə öz töhfəsini vermiş, təkcə bu gün üçün deyil, qarşıdakı onilliklər, yüzilliklər üçün dövlətimizin inkişaf strategiyasını müəyyən etmişdir. Ömrünü bütünlüklə xalqına həsr etmiş müdrik dövlət xadiminin Azərbaycan xalqı qarşısındakı tarixi xidmətlərindən biri də müasir Azərbaycan Ordusunun memarı olmasıdır. Müstəqilliyimizin və ərazi bütövlüyümüzün etibarlı qarantı olan bugünkü güclü, rəşadətli Azərbaycan Ordusu Ulu Öndərin şah əsərlərindən biridir. Rəşadətli Azərbaycan Ordusunun qazandığı qələbələri təmin edən əsas amil məhz Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev tərəfindən işlənib hazırlanmış ordu quruculuğu strategiyasının müasir dövrdə Prezident, Ali Baş Komandan İlham Əliyev tərəfindən uğurlu davamıdır.
Azərbaycan xalqı qarşısında Ümummilli Liderin bütün xidmətlərini nəzərə alan Prezident İlham Əliyev 29 sentyabr 2022-ci il tarixdə imzaladığı Sərəncamla 2023-cü ili Azərbaycanda "Heydər Əliyev İli" elan edib. Sərəncamda qeyd edilib: "Heydər Əliyev öz xalqını zamanın mürəkkəb tarixi-siyasi sınaqlarından uğurla çıxarmış və ardıcıl mübarizə apararaq onu müstəqilliyə qovuşdurmuş qüdrətli şəxsiyyətdir. Azərbaycan xalqı yeni əsrə və yeni minilliyə məhz Heydər Əliyev zəkasının işığında qədəm qoymuşdur. Davamlı yüksəliş yolunda inamla irəliləyən müasir Azərbaycan Heydər Əliyevin həyat amalının təntənəsidir".  2023-cü ilin "Heydər Əliyev İli" elan olunması öz xalqını tarixin mürəkkəb sınaqlarından uğurla çıxaran Ulu Öndərə böyük ehtiramın təcəssümüdür.
İşğaldan azad edilən ərazilərimizdə dislokasiya olunan "N" hərbi hissəsində Dahi Rəhbərin anadan olmasının 100-cü ildönümü ilə əlaqədar  hərbi qulluqçuların Əbədiyaşar Komandan haqqında təəssüratlarını qeyd etdim.
Leytenant Ürfan Məmmədov:
- Neçə illər ötməsinə baxmayaraq, Azərbaycan xalqı öz xilaskarını - Ümummilli Liderini heç zaman unutmur, daim onu ehtiramla yad edir. İnsanlar mütəmadi olaraq Fəxri xiyabana gedərək onun məzarını ziyarət edir, ruhu qarşısında baş əyirlər. Ulu Öndərin əbədiləşən ömür yolunu düşünəndə belə qənaətə gəlirəm ki, ömrünü xalqına həsr edən, milləti, dövləti üçün misilsiz xidmətlər göstərən rəhbərlər heç zaman unudula bilməzlər. Orduda xidmət edən gənclərə yüksək diqqət və qayğı göstərən, onların xidmətini hər zaman yüksək qiymətləndirən Əbədiyaşar Komandan çıxışlarının birində Azərbaycan əsgərinə olan rəğbətini belə ifadə etmişdi: "Bütün peşələr şərəflidir, lakin hərb peşəsi bütün peşələrdən şərəflidir. Hərbçi olmaq sizlərin də ən birinci seçiminiz olmalıdır. Çünki bu yol mərdlik, cəsurluq, vətənpərvərlik yoludur. Bu yol qəhrəmanlıq yoludur". Onun bu kəlamları mənim kimi minlərlə zabitin xidmət yoluna stimul olur. Müdrik şəxsiyyət daim tövsiyə edirdi ki, zabit peşəsini seçərək taleyini Vətəni qorumağa həsr edən hər kəs nəcib mənəvi keyfiyyətlərə malik olmalı, Vətənə, dövlətçiliyə və xalqa sədaqəti ilə seçilməlidir. Onun tövsiyələrini rəhbər tutaraq xidmət edir, qəlbindəki tükənməz Vətən sevgisini, doğma xalqına, millətinə dərin məhəbbətini həyat  və xidmət yolumuza nümunə bilirik.  
Gizir Elmar İsazadə:
- Ulu Öndərin banisi olduğu rəşadətli orduda xidmət etməkdən qürur duyuram. Bu yerləri azad görmək, doğma yurdumuza yenidən qayıtmaq onun arzuları idi. Çıxışlarına qulaq asanda, haqqında yazılan kitabları oxuyanda Vətənimizə necə böyük sevgi ilə bağlı olduğunu anlamaq olur. Bu gün biz müstəqiliksə, ərazi bütövlüyümüz təmin olunubsa, bu, dahi şəxsiyyətin siyasi irsinin bəhrəsidir. Ali Baş Komandan İlham Əliyevin Azərbaycan xalqının Ümummilli Liderinin siyasətini layiqincə davam etdirməsi nəticəsində torpaqlarımız azad olundu. Aprel döyüşlərində və Vətən müharibəsində Azərbaycan Respublikası Prezidentinin ordu quruculuğu sahəsində apardığı uğurlu islahatların nəticəsində ordumuzun güclü maddi-texniki bazasının, peşəkar zabitlərinin, yüksək döyüş hazırlığına və vətənpərvərlik ruhuna malik əsgərlərinin olduğunu bütün dünya gördü. Ümumiyyətlə, günü-gündən inkişaf edən və çiçəklənən ölkəmizin bütün sahələrində Ulu Öndərin izləri var. Dünyanın hansı yerində olmasından asılı olmayaraq hər bir Azərbaycan vətəndaşı onun xalqımız qarşısındakı misilsiz xidmətlərini heç vaxt unutmur, əziz xatirəsini hər zaman böyük ehtiramla yad edir. Dahi Lider hər birimiz üçün vətənpərvərliyin, milli-mənəvi dəyərlərə sədaqətin, dövlətə və dövlətçiliyə bağlılığın nümunəsidir.
Kiçik çavuş Ruslan Əsgərov:
- Azərbaycan xalqının Ümummilli Liderinin kəlamlarını, gənclərə tövsiyələrini çox oxumuşam. Xüsusən də ordu quruculuğu haqqında dediyi kəlamları yaddaşıma həkk etmişəm. Onun "Azərbaycanın hər bir vətəndaşı mənim üçün əzizdir, amma Azərbaycan əsgəri, zabiti mənə hər bir vətəndaşdan daha əzizdir, daha yaxındır" kəlamı, dahi şəxsiyyətin əsgərə, onun timsalında orduya verdiyi yüksək qiymətin göstəricisidir. Bu qəbildən kəlamları oxuduqca xidmətimizin müqəddəsliyini bir daha dərk edirik. Vətənimizə layiqli hərbçi olmaq üçün nümunəvi xidmət etməyə səy göstəririk. Ərazi bütövlüyümüzün müdafiəsində qətiyyətlə dayanırıq. Yüksək əhval-ruhiyyədə xidmətimizi davam etdiririk. Bir sözlə, Ulu Öndər yaradıcılığı ilə tanışlıq hər birimizin mənəvi-psixoloji hazırlığına müsbət təsir edir. Onun şəxsiyyəti hər birimizə ilk öncə Vətən sevgisi, müsbət əxlaqi keyfiyyətlər aşılayır. Biz çox şanslı xalqıq ki, onun kimi dahi rəhbərimiz hakimiyyətə gəlib. Ölkəmizin ağır günlərində xalqımızın çağırışına hay verərək, bizə işıqlı sabahlar bəxş edib. Bütün həyatını xalqının tərəqqisi və inkişafına həsr etmiş liderin müstəqil Azərbaycanın gələcəyi naminə gördüyü nəhəng işlərin bu gün bəhrəsini görürük. Azərbaycan xalqının Ümummilli Lideri hər birimizin, eləcə də gələcək nəsillərin qəlbində əbədi yaşayacaq. Onun mənalı və şərəfli ömür yolu bizim üçün Vətənə və xalqa sədaqətlə xidmət etməyin  nümunəsidir.  
Əsgər Qiyas Manafov:
- Heydər Əliyev dedikdə ağlıma ilk gələn  dövlətimizin xilaskarı, dahi şəxsiyyət, gənclərin dostu, hərbçilərə xüsusi sevgisi olan əbədiyaşar lider olur. Cəmiyyətimiz Ulu Öndərin xatirəsini o qədər əziz tutur ki, onun ruhu daim aramızda yaşayır. Hərbi hissədə ictimai-siyasi hazırlıq saatlarında, ideoloji dərslərdə Ulu Öndərin siyasi irsini, xüsusən də ordu quruculuğu istiqamətində apardığı islahatları dərindən öyənirik. Oxuduqca, öyrəndikcə hər birimiz yaxşı dərk edirik ki, Ali Baş Komandan İlham Əliyevin Ulu Öndər siyasi irsini layiqincə davam etdirməsinin nəticəsidir ki, bu gün müstəqil və qüdrətli dövlətimiz, güclü ordumuz var. Hər gənc kimi, mən də qürurluyam ki, bu dövlətin vətəndaşı, rəşadətli və qalib ordunun əsgəriyəm. İşğaldan azad olunmuş ərazilərimizdə  xidmət etməkdən fərəhlənirəm. Müqəddəs vəzifələrimin öhdəsindən layiqincə gəlməyə səy göstərirəm. Biz gənclər hansı sahədə olmağımızdan asılı olmayaraq onun siyasi kursuna sadiqik və Ali Baş Komandanın ətrafında sıx birləşmişik.
Əsgər Riyad Nuriyev:
- Ordumuzun inkişaf mərhələlərindən bəhs edən kitablara, fotostendlərə, videoçarxlara baxanda görürük ki, Ulu Öndər daim əsgərlərə yüksək diqqət göstərib. Tez-tez hərbçilərlə görüşüb, səmimi ünsiyyət qurub, qayğıları ilə maraqlanırmış. Bu da dahi şəxsiyyətin zabit və əsgərlərə böyük ehtiram bəslədiyini göstərir. Bu ehtiramı bu gün biz də hiss edirik. Onun layiqli davamçısı, bütün ənənələrini yaşadan dövlət başçısının diqqətini hər addımda duyuruq. Bu diqqətin nəticəsidir ki, sosial-məişət şəraitimiz, təminatlarımız yüksək səviyyədədir. Heç nədən korluq çəkmədən Vətənimizin müdafiəsində inamla dayanmışıq.
Əsgər Murad Cavadov:
- Ulu Öndərdən danışarkən onun "Azərbaycan" şeirini səsləndirdiyi video gözümün önündə canlanır. Şeiri elə təsirli intonasiya ilə oxuyur ki, səsindən qəlbində olan sonsuz Vətən, xalq, millət sevgisi hiss olunur. Onun bayrağımıza, dilimizə, dinimizə və digər milli atributlarımıza, milli-mənəvi dəyərlərimizə verdiyi yüksək qiymət biz gənclər üçün hər zaman örnəkdir. Biz şanslı gənclərik ki, onun kimi dahi şəxsiyyətin memarı olduğu qüdrətli dövlətin vətəndaşlarıyıq. Həm də şanslıyıq ki,  Ulu Öndər İlham Əliyev kimi bir lider yetişdirib, xalqımıza miras qoyub. Onun hər sahədə Ümummilli Lider siyasi kursunu layiqincə davam etdirməsi nəticəsində bugünkü gündə dünya arenasında söz sahibi olan dövlətimiz, öz ərazi bütövlüyünü qorumağa qadir olan güclü ordumuz var. Digər silahdaşlarım kimi, mən də fərəhlənirəm və sevinirəm ki, qalib ordunun əsgəriyəm və işğaldan azad olunan doğma yurdumuzda əsgəri xidmət edirəm.

Mahmud MÖHBALIYEV "Azərbaycan Ordusu"