Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

7 İyun 2023 11:00

Günnüt əməliyyatı: qüdrətin tarixi

Tarix hadisələrdir. Xalqın, dövlətin, dövlətçiliyin tarixi belə hadisələrlə müəyyənləşir. 1918-ci ilin 28 mayı Müstəqilliyi kimi, 1991-ci ilin 18 oktyabrı Müstəqilliyin Bərpası kimi, 2016-cı il Aprel döyüşləri kimi, 2018-ci ilin mayı Günnüt əməliyyatı kimi, 2020-ci il Vətən müharibəsi kimi...
Azərbaycana qarşı elan etmədən müharibə aparan Ermənistan sülh danışıqlarından yayınır, regionda mövcud status-kvonu saxlamağa çalışırdı. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin qətiyyətli bəyanatı onları işğalçılıq niyyətindən daşındırmağa çağırırdı: "Azərbaycan xalqı, Azərbaycan dövləti heç zaman Azərbaycan ərazisində ikinci erməni dövlətinin yaranmasına imkan verməz". Aprel döyüşləri də, Günnüt əməliyyatı da bu qətiyyətin təzahürü idi...
Günnüt əməliyyatı ilə 11 min hektardan çox ərazi düşməndən təmizləndi. Bu, əməliyyatın hərbi dəyəri kimi qiymətləndirildi. Əlahiddə Ümumqoşun Ordunun döyüş qabiliyyəti, mənəvi-psixoloji hazırlığı ilə yerinə yetirilən bu əməliyyat Azərbaycan Ordusunun qüdrəti kimi tarixləşdi...

 

"Azərbaycan Ordusu"


90-cı illər yaddaşlarda Azərbaycan xalqı üçün çətin, ağrı-acılı günlərlə qaldı. Torpaqlarımız işğal olundu, yüzlərlə kənd dağıdıldı, minlərlə azərbaycanlı qaçqın-köçkün taleyi yaşadı. Xalqın mübarizə ruhu bu çətinliklərin sonunda qələbələr olacağının zəmanəti idi.  Müasir silah və texnikalarla təmin olunan ordumuz günü-gündən güclənərək regionun  güclü ordusuna çevrildi.
Müdafiə və hücum potensialı gücləndirilən, düşmənin istənilən təxribatının qarşısını almağa qadir ordumuz 2016-cı ilin aprelində əks-hücum əməliyyatı ilə Lələtəpə yüksəkliyini və ətraf əraziləri düşməndən azad etdi. Aprel döyüşlərində qazanılan zəfər 2018-ci il mayın 20-də başlayan Günnüt əməliyyatı ilə uğurla davam etdirildi.
2018-ci il mayın 20-dən 27-dək Naxçıvan Muxtar Respublikasında Əlahiddə Ümumqoşun Ordunun keçirdiyi əməliyyat nəticəsində Şərur rayonunun Günnüt kəndi, Ağbulaq yüksəkliyi, Qızılqaya dağı, Qaravağa dağı  ilə birlikdə ümumilikdə 11 min hektar ərazi düşmən işğalından azad edildi, strateji yollar qoşunlarımızın nəzarəti altına keçdi.
Hərbi qulluqçu Qurban Nərimanlı da Günnüt əməliyyatında iştirak edib. Babək rayonunun Payız kəndində doğulub boya-başa çatan Qurban əməliyyat zamanı tapşırıqları uğurla icra edib. "İnsan üçün torpaq, Vətən hər zaman önəmli olmalıdır", - deyən Qurban iştirakçısı olduğu Günnüt əməliyyatını qürurla xatırlayır: "Təmas xəttinə yaxın kəndlərdə yaşayan dinc əhalimiz mütəmadi olaraq qarşı tərəfin atəşlərinə məruz qalırdı. Bölmələrimiz tərəfindən həyata keçirilən uğurlu əməliyyat nəticəsində ilk olaraq düşmənin atəş nöqtələri zərərsizləşdirildi, hakim yüksəkliklər nəzarətə götürüldü. Günnüt əməliyyatı İkinci Qarabağ müharibəsi ərəfəsində şəxsi heyətin əzmini, qələbə ruhunu yüksəltdi. Azərbaycan xalqının torpaqlarının işğalda olması ilə barışmayacağını bilən düşmən Aprel döyüşlərindən, Günnüt əməliyyatından, Tovuz döyüşlərindən sonra Vətən müharibəsində böyük məğlubiyyət yaşadı. Azərbaycan Ordusu döyüş meydanında düşməni darmadağın edərək 30 illik işğala son qoydu. Doğma torpaqlarından didərgin düşən soydaşlarımızın yurd həsrəti sonlandırıldı. Mən də bir hərbçi olaraq sevinirəm ki, xalqımıza bu sevinci yaşadanların sırasındayam. Uğurlu Günnüt əməliyyatında iştirak etdiyim kimi, Vətən müharibəsində də iştirak etdim. Füzuli, Xocavənd, Hadrut istiqamətində qarşıya qoyulan döyüş tapşırıqlarını yerinə yetirdim. Ali Baş Komandanımızın müvafiq sərəncamları ilə "Xocavəndin azad olunmasına görə", "Füzulinin azad olunmasına görə", "Şücaətə görə" və "Döyüşdə fərqlənməyə görə" medalları ilə təltif olundum. Bundan sonra da Vətənim uğrunda canımdan keçməyə hər zaman hazıram"...

 

 

* * *


 2016-cı ilin Aprel döyüşləri Azərbaycan əsgərinin döyüş əzminin, qələbə ruhunun kükrəyişi oldu, Lələtəpə, Bayraqtəpə kimi strateji yüksəkliklər də daxil olmaqla, 2000 hektardan çox ərazi işğaldan azad edildi. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bu döyüşlər haqqında dedi: "Aprel döyüşləri dərsliklərə salınmalıdır". Bu qürur Böyük Qələbənin başlanğıcı kimi yaşanıldı. 2018-ci il mayın 20-də Naxçıvanda həyata keçirilən Günnüt əməliyyatı da bu ovqatla tarixləşdi.
Hərbi qulluqçu Elgün Əliyev 1987-ci ilin aprelində Babək rayonunun Vayxır kəndində anadan olub. Tay-tuşlarına, dostlarına deyərmiş: "Torpaqlarımızın qurtuluş döyüşlərində iştirak etməliyəm...". Bu niyyətlə xidmətini müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kimi davam etdirib...
Aprel döyüşlərində əsgər idi. Xidmət etdiyi hərbi hissə Lələtəpədən çox uzaqlardaydı, döyüşlərdə iştirak etmədi. Digərləri kimi o da qürurla, "Biz də ruhən qələbə qazanan əsgərlərin sırasındaydıq...", - deyirdi...
Günnütün taleyinə çökmüş işğal buludunun dağıdılacağı günün həsrətini çəkənlərdən biri kimi Elgün Əliyev komandirindən soruşmuşdu ki, ermənilər Lələtəpədən sıxışdırılıb çıxarıldı, ermənilərin nəfəsini digər torpaqlarımızdan nə vaxt üzəcəyik? Elgünün döyüş əzmi, qələbə ruhu komandirə xoş anlar yaşatmışdı, əlini onun çiyninə qoymuşdu, "Vaxtı çatanda...", - demişdi. Vaxtı 2018-ci il mayın 20-də çatmışdı...
Bu döyüşlərdə iştirak edən Elgün Əliyev deyir ki, qazandığımız qələbə döyüşlərdə şəhid olan Adil Tatarovun ruhuna gözaydınlığı oldu.
Günnüt əməliyyatı Əlahiddə Ümumqoşun Ordunun yüksək döyüş qabiliyyətinə və yüksək mənəvi-psixoloji hazırlığa malik olduğunu təsdiqlədi. Düşmən  qarşısında çox güclü ordu olduğunu dərk elədi. Gizir Elgün Əliyev Günnüt əməliyyatını qürurla xatırlayır: "Döyüşənlərin sırasında olmağımdan qürurlanıram. Böyük qələbənin ilkinlərindən biri olan Günnüt əməliyyatında iştirakım ömrümün bir hissəsi idi. Torpaqlarımızın işğaldan azad edilməsi ilə tamamlanacaq döyüşlərdə də iştirak etmək istəyirdim..."...
2020-ci il sentyabrın 27-də İkinci Qarabağ müharibəsi başladı. Bu tarixi döyüşlərdə Elgün Əliyev də iştirak etdi. Füzuli, Xocavənd, Şuşa uğrunda döyüşənlərin sırasında Elgün də olub. O da qətiyyətlə döyüşüb. O da döyüşə-döyüşə son döyüşə yaxınlaşanların səngərdaşı olub...
"Hamımız eyni niyyətlə yaşayırdıq: Torpaqlarımız işğaldan azad edilsin. 2020-ci il noyabrın 8-də Şuşa işğaldan azad edildi. Bu gün niyyətimizin gerçəkləşdiyi gün oldu...", - o da tarixi günün işığını hamımızın ömründə görənlərdəndir...
Elgün Əliyev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq sərəncamları ilə "Şuşanın azad olunmasına görə", "Vətən uğrunda" medalları ilə təltif olunub...
Elgün Əliyev qürurla deyir ki, mən də Azərbaycan hərbçisiyəm, mən də İkinci Qarabağ müharibəsinin iştirakçısı olmuşam, mən də Şuşa döyüşlərində iştirak etmişəm. Günnütdən Şuşaya bir döyüş əzmi, bir qələbə ruhu qədər məsafə varmış... Azərbaycan əsgəri o məsafəni qalibiyyətlə keçdi...

 

* * *


Hərbi qulluqçu İlkin Baxşəliyev böyüdükcə eşitmişdi ki, ermənilər Vətənimizin bir hissəsi olan Qarabağı özününküləşdirmək istəyib. Bunun üçün insanlığa sığmayan hər cür vəhşiliyə əl atıb. Təkcə Qarabağda deyil, Ermənistanla sərhəd boyu ərazilərdə yerləşən kəndlərimizə basqınlar edirdilər, insanları ən ağır işgəncələrlə öldürməkdən çəkinmirdilər.
İlkin doğulduğu Naxçıvan Muxtar Respublikasının Babək rayonunun Payız kəndində orta məktəbə gedirdi. Naxçıvanla sərhəddə də erməni silahlı dəstələri dinc sakinlərin rahatlığını əlindən almışdı. Xarici havadarlardan güc alan erməni silahlı dəstələri daha da fəallaşır, Azərbaycana qarşı elan olunmamış müharibə getdikcə genişlənirdi. Ermənilərdən qisas almaq üçün böyüyəndə mütləq hərbçi olacağını düşünürdü.
İllər keçir, İlkin böyüyürdü, uşaqlıq arzularını gerçəkləşdirməyə çalışırdı. Müddətli həqiqi hərbi xidmətini düşmənlə təmas xəttində keçirdi. Vətənə qarşı övladlıq borcunu şərəflə yerinə yetirib doğmalarının yanına qayıtdı. Çox keçmədi İlkin Baxşəliyev ordu sıralarına qayıtdı. Hərbi bilikləri mükəmməl mənimsədi, təlimlərdə fəal iştirak etdi. 2018-ci ilin mayında "Günnüt" əməliyyatında o da iştirak etdi, komandanlıq tərəfindən mükafatlandırıldı.
2020-ci il sentyabrın 27-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin əks-hücum əmri ilə 30 ilə yaxın ermənilərin işğalında qalan torpaqlarımızın azad edilməsi istiqamətində gedən döyüşlərdə İlkinin xidmət etdiyi bölmə də döyüşlərə cəlb olundu. İlkin Baxşəliyev Xocavəndin, Hadrutun və Şuşanın azad olunması uğrunda gedən döyüşlərdə fəal iştirak etdi. Dövlət başçısının müvafiq sərəncamları ilə "Xocavəndin azad olunmasına görə", "Şuşanın azad olunmasına görə", "Şücaətə görə" medalları ilə təltif olundu.

 

 

* * *


2016-cı ilin Aprel döyüşləri Azərbaycan Ordusunun şəxsi heyətinin döyüş əzmini, qələbə ruhunu daha da yüksəltdi.
2018-ci il mayın 20-də Günnüt əməliyyatı da qələbə ilə nəticələndi. Günnüt əməliyyatının iştirakçısı olan hərbi qulluqçu Həsən Həsənov 1999-cu ildə Naxçıvan Muxtar Respublikasında Babək rayonunun Vayxır kəndində anadan olub. Məktəb vaxtlarından hərbçi olmaq arzusuyla böyüyüb. Dostlarına, sinif yoldaşlarına, müəllimlərinə deyərmiş ki, "Bir gün gələcək siz mənimlə hərbi mundirli qəhrəman kimi salamlaşarsınız".
Həsən Həsənov Günnüt əməliyyatında iştirak edib. O, Günnüt əməliyyatını qürurla xatırlayır: "Günnüt əməliyyatı zamanı əldə olunan qələbə Azərbaycan Ordusunun qələbəsidir, xalqın uğurudur. Bu qələbə ordumuzun şəxsi heyətinin döyüş əzmini, qələbə ruhunu daha da yüksəltdi. İkinci Qarabağ müharibəsində qazanılan Zəfər ovqatı həm Aprel döyüşləriylə, həm də Günnüt əməliyyatıyla bağlıdır...".
Hərbi qulluqçu Həsən Həsənov həm də İkinci Qarabağ müharibəsinin iştirakçısıdır. Həsən Füzuli, Hadrut, Xocavənd, Şuşa istiqamətlərində gedən qızğın döyüşlərdə iştirak edib.
Həsən Həsənov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq Sərəncamı ilə "Xocavəndin azad olunmasına görə", "Füzulinin azad olunmasına görə", "Şuşanın azad olunmasına görə" medalları ilə təltif olunub.