Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

7 İyun 2023 11:00

Zəfərdən sonra dağlar əzəmətli görünür

Zabitlərdən Elsevər Hüseynov, Nicat Ağayev və Nemət Vəliyevlə birgə düşmənlə üz-üzə olan mövqelərə tələsirik. Qarşımızdakı dağların yüksəkliyində sıralanmış döyüş mövqelərini göstərən zabit Elsevər Hüseynov deyir:
- İkinci Qarabağ müharibəsindən öncə bu yerlərin dincliyini pozan düşmən silahlarından açılan atəş səsləri az qala qulaq batırırdı. Əsgərlər dəfələrlə mövqelərimizə hücum çəkən işğalçıların arzusunu ürəyində qoymuşdular. 44 günlük Vətən müharibəsində olduğu kimi...
Yüksəklikdə döyüş növbətçiliyi aparan əsgərlərin yanına yollanırıq. Avtomobil dərələri, təpələri aşa-aşa torpaq yolla irəliləyir. Sərt yamaca çatmamış yol bir neçə istiqamətə ayrılır. Bu yollar bizi döyüş mövqelərinə  aparır.

 

... İkinci Qarabağ müharibəsinə gedən yol


Otuz ilə yaxın idi ki, torpaqlarımızın 20 faizi erməni silahlı birləşmələri tərəfindən işğal edilmişdi. Düşmən bütün cəhdləri ilə bu işğalı rəsmiləşdirmək istəyirdi. Lakin Azərbaycan xalqı və dövləti heç vaxt mənfur düşmənin işğalçılıq siyasəti ilə barışmadı. Ulu Öndər Heydər Əliyev kimi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev də Ermənistan rəhbərliyini işğalçılıq siyasətindən əl çəkməyə çağırmışdı.
Əgər torpaqlar sülh, danışıqlar yolu ilə qaytarılmasa, müharibə qaçılmaz olacaq. Lakin düşmən işğalçılıqdan əl çəkmədi, əksinə, yeni ərazilərimizi də zəbt etmək iddiasına düşdü. Qüdrətli Azərbaycan Ordusu düşmənin bütün cəhdlərinin qarşısını məharətlə aldı. Cəbhə bölgəsində həmsöhbət olduğum əsgər və zabitlərin dediyi kimi - bundan sonra da düşmənin arzu və istəkləri ürəyində qalacaq.
 İkinci Qarabağ müharibəsinin iştirakçısı baş leytenant Arzu Allahverdiyevlə həmsöhbət oluruq. Deyir ki, burada xidmət etmək üçün istənilən şərait yaradılıb. Mövqedə olduğumuz zaman zabitin dediklərinin canlı şahidi oluruq. Bununla yanaşı, əsgərlərin mənəvi-psixoloji vəziyyətinin yüksək olduğunu görürük. Səngərdə düşmənlə üz-üzə gecə-gündüz döyüş növbətçiliyi aparmasına baxmayaraq, hər bir əsgərin görkəmindən məğrurluq yağır. Üzlərindəki gülüş, təbəssüm onların hərbi xidmətdən razılığının ifadəsidir.
Müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu baş əsgər Hüseyn Məmmədov burada həm əsgərlərdə hərbi intizamın yaradılmasında, həm də döyüş növbətçiliyinin düzgün təşkil edilməsində məsuliyyət daşıyır. Baş əsgər xidmətə başladığı ilk gündən üzərinə düşən vəzifənin öhdəsindən layiqincə gələcəyini öhdəlik götürüb. Xidmət gününün sonunda özü-özünə gördüyü iş barədə hesabat verir. Buna görə də Hüseyn yuxarı rəislərdən həmişə təşəkkür alıb.
Baş əsgər H.Məmmədov deyir:
- Dörd ildir ki, hərbi xidmətdəyəm. İkinci Qarabağ müharibəsinin başlanmasına Tovuz döyüşləri bir qığılcım oldu. Düşmənin qəfil fəallaşması bizdə də narahatlıq yaradırdı. Buna görə də müşahidəmizi daha da artırdıq. Ermənilərin atəş açdığı mövqeləri müəyyən edib, onları susdururduq. Buna baxmayaraq, düşmən yeni atəş mövqeləri qurur  və oradan güllə yağdırırdı. Düşmənlə aramızdakı məsafə xeyli az olduğu üçün onun mövqelərimizə qəfil soxulmaq ehtimalı çox idi. Bu səbəbdən də təhlükə gözlənilən bir neçə istiqamətdə müşahidə postları qurduq. Düşmən istəyinə çata bilməyəndə mövqelərimizi artilleriya silahlarından atəşə tutdu. Biz artıq artilleriyadan, hava hücumundan müdafiə olunmaq üçün qabaqlayıcı tədbirlər görmüşdük.
Bir neçə gün fasiləsiz ağır döyüşlərin getdiyini deyən manqa komandiri əsgərlərin sayıqlığından, onların yüksək döyüş bacarıqlarından da söz açdı. Həmin əsgərlər artıq hərbi xidmətlərini başa vurublar. Onları yeni əsgərlər əvəz ediblər.

 

 

"Müdafiədə daha mətin dayanmışıq"


Həmin yüksəklikdə döyüş növbətçiliyi aparan pulemyotçu əsgər Sahil Qaybalıyev ayıq-sayıqlığı ilə seçilən əsgərlərdən biridir. O, təhkim olunmuş silahından istifadə etməyi mükəmməl bacarır. Silahını düşmənə tərəf istiqamətləndirib və ermənilərin olduğu mövqeləri müşahidə edir. "Sanki qarşımızdakı əvvəlki düşmən deyil. Ancaq biz uzaqdan-uzağa onların hərəkətlərini müşahidə edirik. Bəzən naməlum istiqamətə avtomatdan atəş açsalar da, cavab atəşindən sonra dərhal susurlar. Biz düşmənin bu sakitliyinə arxayın olmaq fikrində deyilik. Hər an yenə atəşkəsi pozub yeni təxribatlar törədə bilərlər".
Əsgər Nofəl Bilalov Vətənə ləyaqətlə xidmət edir. Ordumuzun keçirdiyi "Qisas" əməliyyatının iştirakçısıdır. Vətən qarşısındakı şərəfli xidmətləri ilə qürur duyur. Silahdaşlarını da ləyaqətlə xidmət etməyə ruhlandırır.
Əsgərlər İlkin Səfərov, Rafiq Qəniyev, Natiq Hacızadə, Saleh Hüseynov ayıq-sayıq xidmət edirlər. Onlar deyirlər ki, biz Vətənin müdafiəsində daha da mətin dayanırıq ki, düşmən bir də torpaqlarımıza ayaq basa bilməsin.

 

Çapılmış qayalıqlar, dərin səngərlər


Yüksəklik boyu uzanan dərin səngərlərdən düşmənə tərəf atəş sektorları açılıb. Üstüaçıq və üstüörtülü atəş sahələrinin hər biri bir döyüşçünün atəş mövqeyidir. İstehkamçıların bu səngərləri qazmaq üçün nə qədər əmək sərf etdiyini yarılan dağlardan, çapılan nəhəng qayalıqlardan görmək olur. Onların çəkdiyi bu zəhmət, bu əmək Vətən torpaqlarını yağılardan qorumaq kimi müqəddəs amala xidmət edir. İstehkamlar döyüşçülərimizi işğalçıların gülləsindən etibarlı müdafiə edir. Burada səngərlər elə qazılıb ki, qarşıdakı düşməni daim nəzarətdə saxlamaq mümkündür.
Hərbçilərimizlə budəfəki görüşüm mənə olduqca xoş ovqat bəxş edir. Dağların da, təbiətin də üzü gülürdü. Dağ vüqarlı oğullarımızın çöhrələrindəki təbəssüm sabahlarda qazanılacaq uğurlardan xəbər verirdi. Bu təbəssümün tək ünvanı var: o da güclü, qüdrətli Azərbaycan Ordusudur.

Bəxtiyar ƏLİYEV "Azərbaycan Ordusu"