Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

3 İyun 2023 17:45

Düşmən bilir ki, Azərbaycan Ordusu yenilməzdir

Azərbaycan tarixinə nəzər saldıqda birmənalı şəkildə Qarabağın daima Vətənimizin ayrılmaz parçası olduğunu görürük. Erməni xalqı isə saxta tarixlərindən danışarkən bunu inkar etməyə çalışsa da, heç vaxt yetərli bir sübut gətirə bilmir. Qurma faktlarla uzun illər Azərbaycana qarşı ərazi iddiası sürən ermənilər bir çox təxribata əl atmaqla məşğul olublar. 1988-ci ildən başlayaraq bu təxribatlar tamamilə yeni şəkildə həyata keçirilərək millətimizə qarşı etnik təmizləmə və soyqırımı siyasətinə çevrildi. Azərbaycan Sovet İttifaqından ayrılaraq müstəqilliyinə qovuşarkən nankor Ermənistan elan edilməyən müharibəyə başladı. Qeyri-humanist, açıqca faşist üsulları ilə dinc əhalimizə qarşı silahlı hücumlar etdi, tarixi torpaqlarımızın işğalına başladı. Bu silahlı münaqişə tarixə Birinci Qarabağ müharibəsi kimi yazıldı. 1994-cü ilin mayında atəşkəs elan olunaraq Qarabağ münaqişəsi dondurulmuş münaqişələr siyahısına əlavə edildi.
Düşmən işğalında olan torpaqlarımızın azadlığı uğrunda ordumuz dövlətçilik tarixinə Aprel və Tovuz döyüşləri, Günnüt əməliyyatı və s. qələbələr yazsa da, Ermənistan sülh danışıqlarından hər zaman boyun qaçırırdı, yeni hərbi təxribatlar həyata keçirirdi. Bunlardan biri də 2020-ci il sentyabrın 27-də baş verdi. Səhər saatlarında Ermənistan silahlı qüvvələri daha bir genişmiqyaslı təxribat törədərək cəbhə boyu zonada iriçaplı silahlardan, artilleriyadan, minaatanlardan istifadə edərək ordumuzun mövqelərini, habelə bir sıra yaşayış məntəqələrimizi atəşə tutdu. Döyüş aktivliyinin qarşısını alaraq mülki əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə Azərbaycan Ordusu əks-hücum əməliyyatına keçdi.
Torpaqlarımızın işğaldan azad olunması, Azərbaycan Ordusunun düşmənə sarsıdıcı zərbələr endirməsi xəbəri xalqımızın döyüş ruhunun yüksəlməsinin səbəblərindən biri oldu. Şəhər və rayonlarımızda minlərlə həmvətənlimiz könüllü olaraq orduya qatılmaq, Azərbaycan əsgəri ilə çiyin-çiyinə doğma Qarabağımızı azad etmək üçün Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə müraciət etdilər. Sentyabrın 28-də Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə ölkədə qismən səfərbərlik elan edildi. Artıq bu əks-hücum əməliyyatı Vətən müharibəsinə çevrildi. Ordumuzun gücünü və qüdrətini əsgərlərimiz ilə yanaşı, xalqımız da bütün dünyaya göstərdi. Məhz Müzəffər Ali Baş Komandanın güclü iradəsinin, rəşadətli Azərbaycan Ordusunun qüdrəti və xalq-ordu birliyinin möhkəmliyi sayəsində tarixi Zəfər qazanıldı.
44 günlük haqq savaşımızda dünyaya nümayiş edilən ordu potensialının daim yüksək səviyyədə qorunub saxlanılması məqsədilə orduda hərbi vəzifəli vətəndaşlarımızla mütəmadi olaraq təlim toplanışlar keçirilir. Bu cür təlimlərin əsas məqsədi ehtiyatda olan hərbi vəzifəlilərin döyüş vərdişlərini və təcrübələrini təkmilləşdirməkdir. Habelə, toplanışların keçirilməsi zamanı onlar müasir silah və texnikalarla da tanış olur, hərbi ixtisasları haqda biliklərini inkişaf etdirirlər.
Cari il mayın 29-da Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənovun təsdiq etdiyi 2023-cü il üçün hazırlıq planına əsasən, "N" hərbi hissəsində bir qrup hərbi vəzifəlilərin təlim toplanışı yekunlaşdı. Təlim prosesinin gedişatı ilə maraqlanmaq, hərbi vəzifəlilərlə həmsöhbət olmaq məqsədilə "N" hərbi hissəsinə yollandıq.
Öyrəndik ki, təlim toplanışı zamanı şəxsi heyətə sıra, taktiki, hərbi tibbi hazırlıqlarla yanaşı, rabitə, hərbi topoqrafiya və ixtisas hazırlığından nəzəri və praktiki məşğələlər keçirilir. Bundan başqa, nizamnamələr və hüquq dərsləri, həmçinin ictimai-siyasi hazırlıq dərsləri keçirilir, siyasi məlumatlandırma aparılırdı. Cəlb olunan şəxsi heyətin dözümlülüyünün, dəqiqlik və mətinliyinin artırılması məqsədi ilə fəaliyyətlər icra olunur, atıcı silahlardan və qumbaraatanlardan atış çalışmaları yerinə yetirilirdi.
Daha ətraflı məlumat üçün mayor Azər Hümbətov ilə həmsöhbət olduq. O bildirdi ki, ilk növbədə, təlim toplanışına cəlb olunan hərbi vəzifəlilər hərbi hissədə qeydiyyatdan keçərək həkim müayinəsində yoxlanılıb, hərbi geyim və digər təminat növləri ilə təmin olunublar. "Sözsüz ki, keçirilən bütün dərs və məşğələlər Vətən müharibəsi və son əməliyyatlarda qazanılan təcrübə nəzərə alınmaqla keçirildi. İcra edilən çalışmalarda təhlükəsizlik qaydalarına tam ciddi riayət olundu. Bu cür təlimlərin mütəmadi keçirilməsi ehtiyatda olan hərbi vəzifəlilərin həm döyüş və mənəvi-psixoloji hazırlığının artırılmasına, həm də vətənpərvərliyin aşılanmasına müsbət töhfə verir. Belə təlimdən bir daha görünür ki, hər bir azərbaycanlı Vətəni üçün döyüşməyə, qələbə qazanmağa hazırdır. Artıq dünya da bunun şahididir. Düşmən də bilir ki, Azərbaycan Ordusu yenilməzdir", - mayor Azər Hümbətov dedi.
Baş leytenant Rəşad Abdullayev, leytenantlar Zəka Həsənov və İlkin Əliyev, gizir Nurlan Rəfizadə də zabitin sözləri ilə razı olduqlarını bildirdilər. Qeyd etdilər ki, başa çatmış təlimdə qarşıya qoyulan bütün məqsədlərə tam nail olundu. Azərbaycan Ordusunda həm həqiqi hərbi xidmətdə olanların, həm də ehtiyatda olan hərbi vəzifəlilərin hazırlıq səviyyəsinin yüksək olmasının vacib şərt olduğunu vurğuladılar.
Təlim toplanışına cəlb olunan şəxsi heyətlə də həmsöhbət olduq. Ehtiyatda olan hərbi qulluqçu Emil Məmmədov bildirdi ki, qalib ordunun hərbi mundiri daşımaq insana qürur dolu hisslər yaşadır. Azərbaycan xalqı hər zaman igid və mərd oğulları ilə seçilib və həmin qəhrəmanlar Vətən müharibəsində dünya hərb tarixinə qızıl hərflərlə yeni səhifə yazdılar.
Təlimə cəlb olunan Rüfət Abbasov qeyd etdi ki, hərbi vəzifəlilərlə keçirilən təlim toplanışları şəxsi heyətin peşəkarlığının artırılması baxımından müstəsna rola malikdir. "Təlimin gedişatında komandirlər tərəfindən bizə silahların taktiki-texniki xüsusiyyətləri, natamam sökülüb-yığılma və istifadə qaydalarını əhatə edən dərslər, ilkin tibbi yardımın göstərilməsi və yaralıların döyüş meydanından təxliyə edilməsi məşqləri keçirilirdi.
Təlimə cəlb olunan şəxsi heyətlə söhbət etdikcə daha çox qürurlanırdıq. Hər birində yüksək vətənpərvərlik, inam və cəsarət hiss olunurdu. Bunun başlıca səbəbi milli birliyimizdən irəli gəlir.

İbrahim MƏMMƏDBƏYOV "Azərbaycan Ordusu"