Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

1 İyun 2023 17:14

Heydər Əliyev adına Hərbi İnstituta orta ixtisas təhsili (subbakalavr) pilləsinə ("Gizir hazırlığı kursu"na) 2023/2024-cü tədris ili üçün qəbul qaydaları

I.ÜMUMİ MÜDDƏALAR
Tədris dili: Azərbaycan dili
Təhsil forması: əyani
Təhsil müddəti: 2 il
Yaş həddi: Cari ildə ümumtəhsil müəssisələrində tam orta təhsil səviyyəsini bitirmiş, qəbul ilində 17 yaşı tamam olan və 20 yaşı tamam olmayan Azərbaycan Respublikasının kişi cinsli vətəndaşları, habelə 18 yaşından 23 yaşınadək kişi cinsli hərbi qulluqçular (zabit və gizir (miçman) hərbi rütbəsi olanlar istisna olmaqla) və hərbi vəzifəlilər qəbul edilirlər.
Heydər Əliyev adına Hərbi İnstituta orta ixtisas təhsili pilləsinə qəbul olan şəxslər təhsil müddətində bütün təminat növləri ilə təmin olunurlar.
Heydər Əliyev adına Hərbi İnstitutun orta ixtisas təhsili pilləsinin məzunlarına hərbi ixtisasla yanaşı, müvafiq mülki ixtisas üzrə subbakalavr peşə-ixtisas dərəcəsi də verilir.
II. SƏNƏDLƏRİN QƏBULU
Heydər Əliyev adına Hərbi İnstituta orta ixtisas təhsili pilləsinə qəbul olmaq istəyən namizədlər 1 iyun 2023-cü il tarixindən 10 iyul 2023-cü il tarixinədək ərizə ilə hərbi institutun rektoruna müraciət etməlidirlər.
Ərizəyə aşağıdakı sənədlər əlavə olunmalıdır:
– abituriyentin təsdiq olunmuş elektron ərizəsindən çıxarış;     
– şəxsən yazılmış tərcümeyi-hal (əlyazma ilə 1 nüsxədə və çap edilmiş 2 nüsxədə);
– oxuduğu (bitirdiyi) təhsil müəssisəsindən (iş və ya yaşayış yerindən) verilmiş xasiyyətnamə;
– tam orta təhsil haqqında sənədin notarial qaydada təsdiq edilmiş surəti (cari ilin məzunları üçün arayış);
– doğum haqqında şəhadətnamənin və şəxsiyyət vəsiqəsinin notarial qaydada təsdiq edilmiş surəti;
– nikah haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surəti (evli olduqda);
– uşaqların doğum haqqında şəhadətnamələrinin notarial qaydada təsdiq edilmiş surəti (uşaq olduqda);
– ailə tərkibi və yaşayış yeri haqqında arayış;
– rəngli fotoşəkil (baş geyimsiz, anfas) – 6 ədəd 3x4 sm və 2 ədəd 4.5x6 sm ölçüdə;
– 18 yaşı tamam olmayan namizədlər üçün valideynlərin və ya qəyyumlarının notarial qaydada təsdiq edilmiş razılıq ərizələri;
– elektrokardioqram;
– qanın ümumi analizi, qan qrupu və rezus-faktor;
– qanın QİÇS və sifilisə görə seroloji reaksiyalara dair müayinələrinin nəticələri;
– qanın hepatit C və hepatit B-yə dair müayinələrinin nəticələri;
– sidiyin ümumi analizi;
– psixonevroloji, narkoloji, vərəm və dəri-zöhrəvi dispanserlərindən (kabinetlərdən) qeydiyyatda olub-olmaması haqqında arayışlar.
Şəxsiyyət vəsiqəsi, doğum haqqında şəhadətnamə, hərbi qeydiyyat haqqında sənəd və tam orta təhsil haqqında sənədin əsli namizəd tərəfindən komissiyaya şəxsən təqdim edilir.
III. HEYDƏR ƏLİYEV ADINA HƏRBİ İNSTİTUTA ORTA İXTİSAS TƏHSİLİ PİLLƏSİNƏ QƏBUL AŞAĞIDAKI QAYDADA HƏYATA KEÇİRİLİR
Namizədlər Heydər Əliyev adına Hərbi İnstitutda yaradılmış hərbi həkim komissiyasında müayinədən keçməlidirlər. Hərbi həkim komissiyasından keçmənin tarixi sənəd qəbulu zamanı qəbul komissiyası tərəfindən müraciət etmiş şəxsə bildirilir.
Naxçıvan Muxtar Respublikasında yaşayanlar hərbi həkim komissiyasında müayinədən Heydər Əliyev adına Hərbi Liseydə (Naxçıvan şəhəri) keçməlidirlər.
Müraciət edən şəxslərin məhkumluğu barədə arayışın alınması hərbi institut rektorunun sorğusuna əsasən Müdafiə Nazirliyinin müvafiq idarəsi tərəfindən həyata keçirilir.
Götürülməmiş intizam cəzası olan (yalnız hərbi qulluqçular), məhkumluğu ödənilməmiş və ya üzərindən götürülməmiş, həmçinin ağır və xüsusilə ağır, habelə hərbi xidmət əleyhinə cinayət törətmiş, hərbi institutdan xaric olunan, hərbi həkim komisiyyası tərəfindən institutda təhsil almağa yararsız hesab olunan və öyrənilmə tədbirləri keçirilən zaman Heydər Əliyev adına Hərbi İnstituta qəbula mane olan digər hallar müəyyən edilən şəxslər Heydər Əliyev adına Hərbi İnstitutda təhsil almaq üçün namizdlər siyahısına daxil edilmirlər.
Müvafiq yoxlamalardan müvəffəqiyyətlə keçən namizədlərin siyahısı müsabiqədə iştirak etmək üçün Dövlət İmtahan Mərkəzinə göndərilir.
Namizdlərin Heydər Əliyev adına Hərbi İnstituta qəbulu müvafiq tədris ilində tam orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı verən abituriyentlərin buraxılış imtahanında, digər abituriyentlərin isə müvafiq tədris ilində keçirilən qəbul imtahanında əldə etdikləri nəticələrə əsasən Dövlət İmtahan Mərkəzi tərəfindən həyata keçirilir.
Sənədlər Heydər Əliyev adına Hərbi İnstitutda yaradılmış komissiya tərəfindən qəbul olunur.
Ünvan: Bakı şəhəri, Polad Həşimov küçəsi 9 (əlaqə telefonu: 012-479-78-40).
Naxçıvan Muxtar Respublikasında yaşayan şəxslər sənədlərini Heydər Əliyev adına Hərbi Liseyə (Naxçıvan şəhəri) təqdim edirlər (əlaqə telefonu: 036-544-00-15, 036-544-00-16).
Qəbul imtahanının tarixi Dövlət İmtahan Mərkəzi tərəfindən elan olunduqdan sonra əlavə olaraq bildiriləcək.
Əlavə məlumat Azərbaycan Respublikası Müdafiə NazirliyininHeydər Əliyev adına Hərbi İnstitutun internet saytında yerləşdiriləcək.
www.mod.gov.az
www.aahm.mod.gov.az