Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

31 May 2023 13:28

Hərbi Tibb İdarəsində “Heydər Əliyev və Azərbaycan Həmkarlar İttifaqları” mövzusunda tədbir keçirildi

Müdafiə Nazirliyi Birləşmiş Həmkarlar İttifaqı Komitəsinin təşkilatçılığı ilə Hərbi Tibb İdarəsində Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş tədbir keçirildi. Müdafiə Nazirliyi Tibb İdarəsinin rəisi tibb xidməti general-mayoru Firudin Nəbiyev, Müdafiə Nazirliyi Birləşmiş Həmkarlar İttifaqı Komitəsinin sədri Zakir Müslümov və qonaqlar əvvəlcə Baş Klinik Hospitalın həyətində Ulu Öndərin xatirəsinə ucaldılmış abidəni ziyarət etdilər, önünə tər qızıl güllər düzdülər.
Tibb Baş İdarəsinin akt zalında reallaşan tədbirdə Müdafiə Nazirliyinin birlik, birləşmə, idarə və müəssisələrində fəaliyyət göstərən həmkarlar təşkilatlarının sədrləri, hərbçilər və başqa qonaqlar iştirak etdilər.
Tədbirdə Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin və Vətənimizin ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə canlarını fəda etmiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildi.
Ulu Öndərin həyatı və siyasi fəaliyyətini əks etdirən qısametrajlı sənədli film nümayiş olundu.
Bildirildi ki, müstəqil Azərbaycanın qurucusu, görkəmli siyasi və dövlət xadimi Heydər Əliyevin anadan olmasının 100 illiyi ilə əlaqədar Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamına əsasən, ölkəmizdə 2023-cü il "Heydər Əliyev İli" elan olunmuşdur. Bu məqsədlə ölkəmizin hər yerində Ulu Öndərin xatirəsinə ehtiram olaraq silsilə tədbirlər keçirilir. Müdafiə Nazirliyinin Tibb Baş İdarəsində keçirilən tədbir də Müdafiə Nazirliyi Birləşmiş Həmkarlar İttifaqı Komitəsinin keçirdiyi silsilə tədbirlərin davamıdır.
Məruzə ilə çıxış edən Müdafiə Nazirliyinin Birləşmiş Həmkarlar İttifaqı Komitəsinin sədri Zakir Müslümov bildirdi ki, Ulu Öndər Heydər Əliyevin həm sovet Azərbaycanına, həm də müstəqil Azərbaycan Respublikasına rəhbərliyi dövründə xalqımızın qarşısında əvəzsiz xidmətləri olub. İlk dəfə 1969-cu ildə Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev respublikamıza rəhbər təyin olunanda keçmiş sovet respublikaları arasında Azərbaycan ən geridə qalmış respublikalardan biri olub. Ulu Öndər Azərbaycana rəhbər təyin ediləndən sonra ordu, kənd təsərrüfatı, sənaye, iqtisadiyyat və digər sahələr sürətli inkişaf mərhələsinə qədəm qoydu.
Zakir Müslümov çıxışına əlavə olaraq qeyd etdi ki, 1992-1993-cü illərdə ölkəmizdə siyasi hakimiyyətin yarıtmaz fəaliyyəti nəticəsində Azərbaycan vətəndaş müharibəsi həddinə çatmışdı. Ölkə bir neçə yerə parçalanmaq üzrə idi. Dövlətçiliyimizin və xalqın bu ağır günündə nicat ancaq Heydər Əliyevdə idi və Ulu Öndər hakimiyyətə gələrək Azərbaycanı vətəndaş müharibəsindən və parçalanmaqdan xilas etdi.
Müstəqilliyimizin ilk illərində Respublika Həmkarlar İttifaqı fəaliyyətini dayandırsa da, xalqın təkidli tələbi və xahişi ilə ikinci dəfə hakimiyyətə qayıdan Ulu Öndər Heydər Əliyevin xüsusi diqqət və qayğısı nəticəsində təşkilatımız fəaliyyətini bərpa etdi.
Tibb İdarəsinin rəisi tibb xidməti general-mayoru Firudin Nəbiyev Azərbaycan xalqının görkəmli ictimai-siyasi xadimi Heydər Əliyevin dövlətçiliyimizə verdiyi töhvələrdən danışdı. İdarə rəisi Heydər Əliyevin Müdafiə Nazirliyində hərbi tibb kadrlarının hazırlanmasında, hərbi tibb müəssisələrinin yaradılmasında müstəsna xidmətləri olduğunu bildirdi. Ulu Öndərin ölkəmizə rəhbərliyi dövründə hərbi tibb fakültəsinin yaradıldığını, fakültənin nəzdində feldşerlər məktəbinin və rezidenturanın fəaliyyət göstərdiyini dedi: "Hazırda ordumuzun tibb müəssisələrində xidmət edən tibb işçilərinin əksəriyyəti bu fakültənin məzunlarıdır. Qardaş Türkiyə Respublikasında və başqa xarici ölkələrdə hərbi tibb təhsili almaq üçün hər il gənclər göndərilir. Ordumuzun tibb kadrları ilə təmin olunmasında Ulu Öndərin xidmətləri bununla məhdudlaşmır. Müasir Azərbaycan Ordusu məhz Heydər Əliyevin əvəzsiz xidmətləri sayəsində güclü, qüdrətli bir ordu kimi formalaşmağa başlamışdı. Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı, Ulu Öndərin siyasi kursunun layiqli davamçısı İlham Əliyev də ordu quruculuğuna xüsusi diqqət ayıraraq və nəticədə ordumuz dövrün tələblərinə cavab verən səviyyəyə yüksəlmişdir".
Respublika Həmkarları Komitəsinin aparat rəhbəri Şaiq Əhmədov Ulu Öndərin ordu quruculuğuna verdiyi töhfələrdən söz açdı. O, Həmkarlar Komitəsinin şəhid ailələrinə, Qarabağ müharibəsi əlillərinə, müharibə iştirakçılarına edilən yardımlar barədə məlumat verdi.
Tədbirdə çıxış edənlər Müdafiə Nazirliyi Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Mərkəzinin rəisi tibb xidməti polkovniki Rahim Məmmədov, Müdafiə Nazirliyi Sanitar Epidemioloji Nəzarət Mərkəzinin rəisi tibb xidməti polkovniki Müşviq Hümbətov, ehtiyatda olan polkovnik İsa Qasımov, ilk həmkarlar ittifaqları təşkilatının sədrləri Yaqut Həsənova, Sahib Əsədov, İsabala Gölmətov, Daşdəmir Əliyev və başqaları Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin dövlətçiliyimizin inkişafı naminə gördüyü işlərdən söz açdılar. Ulu Öndərlə bağlı xatirələrini tədbir iştirakçıları ilə bölüşdülər.

Bəxtiyar ƏLİYEV "Azərbaycan Ordusu"