Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

24 May 2023 12:09

Azərbaycan Ordusunda hərbi beşnövçülük üzrə birincilik yarışı başa çatdı

İdmanla məşğul olmaq tək sağlamlığı artırmır, həmçinin insanda ruh yüksəkliyi yaradır. Bununla yanaşı insanda intizam, dözümlülük və çeviklik kimi müsbət keyfiyyətlər yaradır. Ölkəmizdə idmana göstərilən diqqət "sağlam bədəndə sağlam ruh" deyimi ilə xarakterizə oluna bilər. Azərbaycan gəncliyi ölkəmizi müxtəlif idman tədbirlərində layiqincə təmsil edir. Dövlətimiz də öz növbəsində idman inkişafı istiqamətində mühüm addımlar atır, uğurlu layihələr həyata keçirir. Ən yüksək beynəlxalq standartlara uyğun stadionlar, müasir avadanlıqlarla təchiz olunan idman kompleksləri salınır, idman şəhərcikləri tikilir, yenilənir. Görülən işlərin nəticəsində Azərbaycan idmançıları bütün idman növlərində beynəlxalq arenalardan Vətənimizə hər il müxtəlif medal və kuboklar qazandırırlar. Azərbaycan bayrağının ucaldılmasını, Dövlət Himnimizin səsləndirilməsini özlərinə ən böyük mükafat bilən idmançılarımızın bir hissəsi də ordu sıralarında xidmət edənlərdi. Bu onun göstəricisidir ki, Azərbaycan Ordusunda da idmana böyük maraq və diqqət var. Fiziki hazırlıqla döyüş hazırlığı arasında möhkəm əlaqəni nəzərə almaqla hər bir hərbi qulluqçu məsuliyyətini dərk edir, fiziki gücünün artması istiqamətində daim öz üzərində çalışır. Ordu rəhbərliyi tərəfindən bunun üçün bütün lazımi şərait yaradılıb: hərbi hissələrdə müasir idman avadanlıqları ilə təchiz olunan idman şəhərcikləri salınır, müxtəlif miqyaslı idman tədbirləri və yarışları keçirilir. Bu cür idman yarışlarından biri də hərbi beşnövçülük üzrə birincilikdir. Tarixi hələ Qədim Yunanıstandan başlayan beşnövçülük yarışları idmançıların fiziki qabiliyyət və bacarıqlarını sınamaqla yanaşı, həm də liderlik, dözümlülük bacarıqlarını yoxlayır. Lakin hərbi beşnövçülük birinciliyi müasir beşnövçülükdən fərqlənir. Yarış zamanı hərbi qulluqçular maneələr zolağının dəf edilməsi, 200 metr məsafəyə avtomatdan atış, qumbaraatma, 8 kilometr məsafəyə kros və maneələrlə üzmə növləri üzrə bacarıqlarını sınayırlar. Bu günlərdə keçirilən yarışda ayrı-ayrı qoşun növlərində və birləşmələrdə xidmət edən 56 hərbi qulluqçu olmaqla, 10 komanda fərdi və komanda birinciliyi uğrunda mübarizə apardılar.
Müdafiə nazirinin təsdiq etdiyi 2023-cü tədris ilinin hazırlıq planına əsasən, cari ilin 17-20 may tarixlərində Azərbaycan Ordusunda hərbi beşnövçülük üzrə birincilik keçirildi. Yarışlar uğurla başa çatdıqdan sonra Heydər Əliyev adına Hərbi İnstitutda baş tutan bağlanış mərasimində əvvəlcə Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin, Vətənimizin azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda şəhid olan soydaşlarımızın əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildi.
Polkovnik Teymur Nəcəfov çıxış edərək qeyd etdi ki, ordumuzda şəxsi heyətin fiziki hazırlığı hər zaman diqqət mərkəzində saxlanılır. "Hərbi beşnövçülük yarışında hər birinizin göstərdiyi yüksək nəticələr bir daha sübut edir ki, Azərbaycan Ordusu Ali Baş Komandanın hər bir döyüş əmrini tam şəkildə yerinə yetirməyə qadirdir. Şəxsi heyət fiziki hazırlığını yüksək səviyyədə saxlayır, atəş hazırlığını təkmilləşdirir və nəticə etibarı ilə ordumuzun döyüş hazırlığı dünya standartlarına cavab verir. Aprel döyüşlərində düşmənə gözdağı verən ordumuz 44 günlük Vətən müharibəsində ermənilərin 30 ilə yaxın qurduğu istehkamları ən qısa zamanda məhv etməyi bacardı. Dünya gördü ki, Azərbaycan əsgəri igidlik nümunəsi göstərərək düşmənin üzərinə mətin addımlarla irəlilədi. Müasir silah və texnikalarla apardığımız savaş dünya hərb tarixinə yeni nəsil müharibəsi kimi yazılsa da, unutmamalıyıq ki, hər bir müharibədə əsas insan amilidir. Bu göstəricidə də ordumuz erməni silahlı qüvvələrindən dəfələrlə üstün idi. Bizim həm döyüş ruhumuz, həm də qələbəyə inamımız yüksək idi. Zəfər tarixi sizlərin əlinizlə yazıldı və əminəm ki, Azərbaycan əsgəri hər zaman Vətən torpaqlarını şərəf və ləyaqətlə müdafiə etməyə davam edəcək".
Daha sonra yarış iştirakçılarına birinciliyin yekun nəticələri çatdırılaraq, qaliblər açıqlandı. Gərgin mübarizə ilə yadda qalan beş çalışma üzrə xallar toplandı. Nəticələrə əsasən "Heydər Əliyev adına Hərbi İnstitut", "Quru Qoşunları" və "Hərbi Hava Qüvvələri" komandaları müvafiq olaraq birinci, ikinci və üçüncü yerlərdə qərarlaşdılar.
Fərdi şəkildə hərbi qulluqçular  arasında ən yüksək xal toplayan Heydər Əliyev adına Hərbi İnstitutun kursantı Rəvan Kətənov birinci yerə layiq görüldüyü ilə fəxr etdiyini bildirdi. "Qalib gəlmək hər zaman xoş olsa da, ilk növbədə sevinirəm ki, təhsil aldığım Hərbi İnstitutu layiqincə təmsil etdim. Təhsil müddətimizdə komandir və müəllim həyəti hərbi intizamımızın yüksək olmasına, bilik və bacarıqların həvəslə mənimsənilməsinə, sıra və atəş hazırlığımıza ciddi diqqət edirlər. Bundan savayı, fiziki göstəricilərimizin də Zəfər qazanmış Azərbaycan Ordusunun zabitinə uyğun olması üçün çalışırlar. Biz öz növbəmizdə əlimizdən gələni edirik ki, onlar da, xalq da bizimlə fəxr etsinlər. Bu gün aldığımız dərslərin vacibliyinin bir daha şahidi olduq. Tək fərdi birincilik deyil, həm də komanda şəklində yüksək peşəkarlıqla mübarizə apardığımız da göstərir ki, gələcəyin zabitləri hərtərəfli hazırlıqlıdır. Yaxın gələcəkdə mən də "leytenant" hərbi rütbəsini daşıyacağam və qalib Azərbaycan Ordusunun zabiti olacağam".
Müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu çavuş Eyub Eyubov fərdi birincilikdə ikinci pillədə qərarlaşdı. O bildirdi ki, hərbi qulluqçu üçün döyüş hazırlığı ilə yanaşı, fiziki hazırlığın da daimi yüksək səviyyədə saxlanılması vacib şərtdir. "Azərbaycan Ordusunda bir tədris ili ərzində plana uyğun olaraq, idman tədbirləri və yarışları keçirilir. Hərbi qulluqçular arasında daşqaldırma, hərbiləşdirilmiş kros, səmtimüəyyənetmə, yüngül atletika, futbol və idmanın bir çox növlərindən birinciliklər keçirilir. Beşnövcülük üzrə birincilik də bunlardan biridir. Bu cür yarışların keçirilməsi nəticəsində şəxsi heyət arasında sağlam rəqabət yaratmaqla, gənclərin arasında idmana diqqət artırılır. İlk növbədə yarışlara qatılan hər kəs qalib olmaq istəyir və mən bu münasibətlə kursant Kətənovu təbrik edirəm. 10 komanda arasından ən yuxarı xal topladığı üçün kuboka layiq görülən "Heydər Əliyev adına Hərbi İnstitut" komandasını da təbrik edirəm. Biz fəxr edirik ki, gələcək zabitlərimiz bu gündən qələbələrə vərdiş edirlər. Azərbaycan zabitinə zəfərlər yaraşır".
Fərdi birincilikdə üçüncü yeri isə "Heydər Əliyev adına Hərbi İnstitut" komandasının iştirakçısı, kursant Toğrul Həsənov qazandı. Toğrul öncədən deyilən sözlərə qoşularaq bildirdi ki, orduda keçirilən tədbirlərdə yüksək nəticələr göstərmək gələcək hərbi xidmətinə müsbət tövhədir. "Hərbi qulluqçu daim öz üzərində işləməlidir, bütün fərdi göstəricilərinin artırılmasını özünə borc bilməli, bununla bölməsinin göstəricilərinə təsir göstərdiyini dərk etməlidir. Öz növbəmdə söz verirəm ki, öz üzərimdə işləyəcək və növbəti yarışlarda daha yüksək yer tutmaq üçün bütün gücümü səfərbər edəcəm".
Sonda qalib komanda kubokla, fərqlənən hərbi qulluqçular fəxri fərman və medallarla mükafatlandırıldılar. Yarış iştirakçıları xatirə şəkilləri çəkdirdilər.

İbrahim MƏMMƏDBƏYOV "Azərbaycan Ordusu"