Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

20 May 2023 12:33

İdman həyatımızın tərkib hissəsidir

Hər bir ölkə üçün idman ictimai həyatın önəmli istiqamətlərindəndir. Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin həm birinci, həm ikinci hakimiyyət dövrlərində ölkəmizin həyatının bütün sahələrində olduğu kimi, idman sahəsində də mühüm dəyişiklik və yeniliklər baş verdi. Ulu Öndərin əsasını qoyduğu idman siyasəti nəticəsində respublikamızın rayon və şəhərlərində bədən tərbiyəsi kollektivləri yarandı, fiziki tərbiyə üzrə metodiki vəsaitlər tətbiq edildi, Azərbaycanda İdman Fondu yaradıldı, ölkəmiz Olimpiya oyunlarında layiqincə təmsil olunmağa başladı. Ümummilli Lider idman sahəsində inkişafın daha da irəliləməsi üçün çıxışlarının birində "İndi müstəqil Azərbaycanda idmanın inkişafı üçün, bədən tərbiyəsinin geniş yayılması üçün daha çox imkan yaradılmışdır. Bu imkanlardan Azərbaycan vətəndaşları səmərəli istifadə etməlidirlər. Biz indi müstəqil dövlət kimi dünya miqyasında keçirilən bütün ictimai, mədəni, siyasi tədbirlərdə iştirak edirik və bu baxımdan, Azərbaycan idmançılarının müxtəlif beynəlxalq idman yarışlarında iştirak etməsi respublikamız üçün çox əhəmiyyətlidir" demişdir. Bu sözlərin ölkəmizin bugünkü reallığını əks etdirməsi heç də təəccüblü deyil. Azərbaycan müxtəlif idman növləri üzrə beynəlxalq çempionatlar, Avropa Oyunları, İslam Həmrəyliyi oyunları, Formula 1 Azerbaijan Grand Prix və çoxlu sayda digər beynəlxalq idman tədbirlərinə yüksək səviyyədə ev sahibliyi edib və bu tendensiya hələ də davam etməkdədir. Bu gün Azərbaycan dünyada güclü idman ölkəsi kimi tanınır.
Təbii ki, gənclərin idmana göstərdikləri böyük maraq Azərbaycan Ordusu üçün də böyük tövhə verir. Gənclərimiz idmanla məşğul olur, fiziki sağlam olmaqla hərbi xidmətə başladıqlarında da fiziki hazırlıqlarını yüksək səviyyədə saxlayırlar. Sağlam həyat tərzinin təbliği gündəmdə qalmaqla ordumuzda müstəsna rol oynayır, idmana böyük maraq və diqqət yetirilir. Müdafiə nazirinin hər il üçün təsdiq etdiyi planlara əsasən, qoşun növləri, birlik, birləşmə və hərbi hissələrinin şəxsi heyətinin qatıldığı müxtəlif idman tədbir və yarışları keçirilir, ordumuzun fiziki hazırlığının yüksək standartlara cavab verməsi təmin olunur. Günün nizam qaydasına görə əsgər, gizir və zabit heyətləri ilə müntəzəm idman tədbirləri keçirilir. "N" hərbi hissəsində də əsgərlərin məşğələ rəhbərinin nəzarəti altında idmanla məşğul olduğunun şahidi olduq. Əsgərlər alətlərə düzgün şəkildə yaxınlaşır, çalışmanın şərtlərinə uyğun idman hərəkətlərini nizamla yerinə yetirirdilər. Şəxsi heyətin hərəkətləri böyük həvəslə və sinxron şəkildə icra etməyi göz oxşayırdı. Məşğələ rəhbəri gizir Şahid Şıxəliyev bildirdi ki, Azərbaycan əsgəri olmaq vətənpərvər, döyüşkən, iradəli və fiziki güclü olmaq deməkdir. “Xidmətə gələn hər bir gənc bu xüsusiyyətlərə cavab verir, xidməti dövründə bilik və bacarıqları ilə yanaşı, fiziki hazırlığını da yüksək səviyyəyə qaldırır. Əsgərlərimiz xidmətə çağırıldığında artıq hərbi xidmət haqqında bir çox məlumata yiyələnmiş olurlar. Ailədən aşılanan Vətənə böyük sevgi, məktəbdə keçdikləri dərslərlə yanaşı, "Gənclərin çağırışaqədərki hazırlığı" fənni üzrə dərslərdə aldıqları ibtidai hərbi biliklər və cəmiyyətimizdə olan sağlam həyat tərzinin təbliği onlardan Azərbaycan Ordusuna layiq gənclər yetişdirir. Xidmətə başladıqlarında isə Vətəninə, xalqına sevgiləri daha da artır, hərbi sirlərə dərindən yiyələnirlər. Sözsüz ki, əsgərlərimizin fiziki hazırlığı da önəmli rol oynayır. Çünki fiziki hazırlığın yüksək olması döyüş hazırlığının möhkəmləndirilməsində labüd amillərdən biridir. Bundan başqa, idman həyatımızın tərkib hissəsidir və hər bir gənc bunu anlayır. Onun üçün öz üzərində durmadan çalışır və Zəfər qazanan Azərbaycan Ordusunda xidmət etməkdən fəxr duyur", - deyərək gizir Şıxəliyev şəxsi heyəti təqdim etdi.
Tovuz rayonundan olan əsgər Engilis Nağıyev bildirdi ki, hərbi xidmətə kiçik yaşlarından marağı böyük olub. "Hərbi formanı geyinmək, Vətənin müdafiəsində durmaq uşaqlıq arzularımdan idi. Artıq mən də qalib ordunun əsgəriyəm və bununla fəxr edirəm. Xidmətimin yarısından çoxunu başa vurmuşam. Müddətli həqiqi hərbi xidmətdən sonra da qalıb hərbçi kimi xidmətimi davam etdirəcəyəm. Bunu digər əsgər yoldaşlarım ilə də müzakirə edirik və bir çoxu mənim ilə həmfikirdir. Fiziki hazırlığa gəldikdə isə, günün nizam qaydası ilə təyin olunan vaxtdan əlavə olaraq da biz mütəmadi idmanla məşğul olur, fiziki göstəricilərimizi artırırıq. Bir fərdin fiziki hazırlığı ümumi bölmənin fiziki hazırlığı deməkdir. Öz növbəmizdə bunu anlayır və daim üzərimizdə çalışırıq", - əsgər E.Nağıyev dedi.
Əsgərlər Nihad Rüstəmov, Xəyyam Əlizadə və Ruslan Quliyev də onun sözlərinə qoşuldular. Onlar bildirdilər ki, Azərbaycan xalqı hər zaman peşəkar idmançılarla dünya arenasında seçilib. Daha sonra Toğrul Əsgərov, Fərid Mənsurov, Elnur Məmmədli, Rafael Ağayev və digər idmançılarımızın adlarını çəkərək olimpiya və dünya çempionlarımız ilə fəxr etdiklərini qeyd etdilər.
Fiziki hazırlıq məşğələsinin səmərəli keçməsinin, əsgərlərin idmanla məşğul olması üçün hərbi hissədə hər cür şəraitin yaradılmasının bir daha şahidi olduq. Fiziki hazırlığı yüksək olan ordunun döyüş hazırlığı da yüksəkdir və Azərbaycan Ordusunun hər savaşdan qalib çıxacağı Aprel döyüşlərində də, 44 günlük Vətən müharibəsində də sübuta yetdi.

İbrahim MƏMMƏDBƏYOV "Azərbaycan Ordusu"