Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

20 May 2023 12:33

“Bütün qayğılarımız kimi, sağlamlığımız da diqqətdə saxlanılır”

"Sağlam bədəndə sağlam ruh olar" sözləri təsadüfən deyilməyib. Həqiqətən, insan ruhunun aramlığı və sabitliyi, baş verən hadisələrə psixoloji baxımdan düzgün reaksiya verə bilməsi bu amildən asılıdır. Sağlam insan gümrah olur, yüksək əhval-ruhiyyəyə köklənir, mənfi emosialardan uzaq durur. Ona görə də bütün sahələrdə olduğu kimi, Azərbaycan Ordusunda da şəxsi heyətin sağlamlığı daim diqqət mərkəzində saxlanılır.
Hava şəraitindən, ərazinin relyefindən asılı olmayaraq, əsgərlərin döyüş növbətçiliyini inamlı təşkil etməsi üçün əsas şərtlərdən biri də mənəvi-psixoloji hazırlıqlarının yüksək olmasıdır. Bu isə onların sağlamlığından bilavasitə asılıdır. Ümumiyyətlə, əsgərlərin bütün fəaliyyətlərinin uğurla icrası üçün fiziki və mənəvi cəhətdən sağlam olmaları şərtdir. Bir sözlə, hərbi hissələrdə peşəkar hərbi həkimlər varsa, əsgərlərin sağlamlığı etibarlı qorunursa, o zaman xidmət də qaydasında təşkil olunur. Bu gün ordumuzun istənilən bölməsində müasir tibbi avadanlıqlarla təmin olunan tibb məntəqələrinin fəaliyyət göstərdiyinin, peşəkar hərbi həkimlərin və bacarıqlı feldşerlərin olduğunun hər addımda şahidi oluruq.
İşğaldan azad edilmiş ərazilərimizdə dislokasiya olunan "N" hərbi hissəsində də bunun şahidi olduq. Məntəqədən içəri daxil olan andan ətrafın səliqə-sahmanı, təmizliyi, çalışanların nizamlı geyim forması göz oxşayırdı. Qəbul otağına daxil olduq. Bir neçə əsgər növbə ilə həkim yoxlanışından keçirdi. Tibb xidməti leytenantı Emin Qasımlı ilə söhbətləşdik. Emin tibb xidmətinin təşkili haqqında danışdı. "Ali Baş Komandan cənab İlham Əliyevin ordu quruculuğuna göstərdiyi qayğı nəticəsində ordumuzda bu sahə inkişaf etdirilib, tibb məntəqələrinin maddi-texniki bazası, müalicə-diaqnostika imkanları, kadr potensialı dəfələrlə artırılıb. Bunlar da şəxsi heyətə yüksək səviyyədə tibbi yardım göstərilməsinə imkan yaradır. Gördüyünüz kimi, məntəqəmiz müasir tibbi avadanlıqlarla təmin olunub, aptekimiz zəruri dərmanlarla zəngindir. Məntəqəyə müraciət edənlər əvvəlcə qəbul otağında ilkin müayinədən keçirilir və qeydiyyata alınırlar. Daha sonra ambulator müayinə edilərək xidmət etdiyi bölməyə göndərilir, ehtiyac olduqda isə məntəqədə saxlanılır. İşimiz təkcə müayinə və müalicə etmək yox, həm də xəstəliklərin qarşısını əvvəlcədən almaqdan da ibarətdir. Bunun üçün mütəmadi olaraq bölmələrdə geniş profilaktik işlər görür, xəstəliktörədən bakteriyalardan, viruslardan qorunmağın yolları haqqında maarifləndirici söhbətlər aparırıq".
Zabit, həmçinin xəstənin tez sağalmasına təsir edən psixoloji amillərdən də danışdı. Qeyd etdi ki, tibbi biliklərlə yanaşı, həkim ən əvvəl inam qazanmalı, səmimi və qayğıkeş olmalı, müsbət keyfiyyətləri ilə digərlərindən fərqlənməlidir. Bunun üçün də məntəqəyə müraciət edən hər kəsə xüsusi qayğı ilə yanaşıldığını, müayinədən əvvəl onunla səmimi söhbət aparılaraq səhhətində yaranan problemin səbəbinin dərindən öyrənildiyini vurğuladı.
Məntəqədə müayinə olunan əsgər Məhəmməd Həsənli göstərilən diqqətdən razılığını bildirdi. "Sosial-məişət şəraitimizdən və göstərilən qayğıdan hər kəs kimi, mən də razıyam. Uğurlu və rahat xidmət etmək üçün hərbi hissəmizdə hər cür şərait yaradılıb. Bütün qayğılarımız kimi, sağlamlığımız da diqqətdə saxlanılır. Səhhətimizdə narahatlıq yarananda tibb məntəqəsinin həkimləri tərəfindən yüksək səviyyədə müalicə olunuruq. Müalicəm artıq başa çatır. Özümü çox yaxşı hiss edirəm. Günün sonunda bölməyə qayıdacağam. Məntəqənin həkiminə və tibb işçilərinə dərin minnətdarlığımı bildirirəm", - Məhəmməd dedi.
Kiçik çavuş Səid Abdullayev isə məntəqəyə yeni müraciət etmişdi. Başında ağrılar olduğunu bildirdi. Həkim əvvəlcə onun şikayətini dinlədi, ağrıların nə vaxtdan başladığını, daha öncə olub-olmadığını, başın hansı nahiyyəsinin ağrıdığını və digər vacib məlumatları aldı. Sonra təzyiqini və bədən hərarətini ölçdü. Ağrıların səbəbini öyrəndikdən sonra müalicə təyin etdi. Müayinə prosesini izlədikdə bir daha əmin olduq ki, Emin savadlı və işinə ürəkdən bağlı həkimdir. Tibb məntəqəsinin ürəkaçan şəraiti, burada çalışanların peşəkarlığı və işinə sevgiylə yanaşması deməyə əsas verir ki, Vətən keşikçilərinin sağlamlığı əmin əllərdədir.

Mahmud MÖHBALIYEV "Azərbaycan Ordusu"