Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

20 May 2023 12:33

“Əsgərlərimiz yüksək əzmkarlıq nümayiş etdirirlər”

İşğaldan azad edilmiş torpaqlarımızda hərbi təyinatlı müasir binalar tikilərək hərbi qulluqçuların ixtiyarına verilib. Düşmən işğalından azad edilən rayonlarımızın birində "N" hərbi hissəsində yaradılan infrastukturun gözəlliyi, ətrafdaki səliqə-sahman göz oxşayırdı. Sıra meydanında günün nizam qaydalarına uyğun olaraq müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının sıra hazırlığı məşğələsinin keçirildiyinin şahidi olduq.
Əsgərlərin nizami qaydada əllərini və ayaqlarını təlim rəhbərinin verdiyi komandalara uyğun olaraq hərəkət etdirməsini kənardan izləmək insanda xoş ovqat yaradırdı. İcra olunan sıra elementləri nəticəsində şəxsi heyətin ayaqlarını eyni anda yerə vurması ilə yaranan səs hər birimizi heyrətə gətirirdi. Məşğələ bitdikdən sonra hərbçilərimizlə söhbətləşmək imkanımız oldu.
Məşğələ rəhbəri müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu çavuş Yasəf Mollayev sıra hazırlığının əhəmiyyətindən danışaraq bildirdi ki, keçirilən dərslər əsgərlərə intizamlı olmağı aşılayır. "Təsdiq olunmuş günün nizam qaydalarına əsasən müəyyən saatlarda əsgərlərimizlə sıra elementlərini məşq edirik. Digər dərslərdə olduğu kimi, sıra hazırlığı məşğələsində də böyük həvəslə iştirak edən əsgərlərimiz yüksək əzmkarlıq nümayiş etdirirlər. Verilən əmrləri bacarıqla icra etmələrindən görünür ki, onların öyrənməyə və hərbi xidmətə həvəsləri böyükdür. Sıra, cərgə, kolon, cinah, interval, distansiya kimi sıra nizamnaməsinin tələblərini hər bir əsgər yüksək bacarıqla və nöqsansız icra edir. Düzdür, öncədən hər bir kəsdə olduğu kimi, onlarda da çətinlik olurdu. Amma bu gün əsgərlərimizin hər biri hərtərəfli hazırlıqlıdır. Onların döyüş ruhu olduqca yüksək səviyyədədir".
Əsgər Hüseyn Məmmədzadə xidmətdə olduğu müddət ərzində komandirlərindən hərbin sirlərini öyrəndiyini bildirdi. "Xidmətə başladığım ilk günlər sıra hazırlığı məşğələlərində çətinliklərim olmuşdu. Ancaq zabit və çavuşlarımızın diqqəti, qayğısı və səyi  nəticəsində sıra hazırlığının bütün elementlərini qısa zamanda mənimsədim. Komandirlərimizin köməkliyi ilə nəinki sıra hazırlığı, habelə döyüş, atəş və fiziki hazırlıqlarımızı da artırmışıq. Artıq verilən bütün komandaları nöqsansız və cəld bir şəkildə yerinə yetirə bilirəm. Buna baxmayaraq yenə də öz üzərimdə çalışır, ordumuza daha layiqli əsgər olmağa səy göstərirəm. Anlayıram ki, ordunu güclü edən onun güclü əsgərləridir. Bizə qələbə sevinci yaşadan oğullarımızın davamçısı olaraq hərtərəfli hazırlıqlı olmaq üçün bundan sonra da hərbin sirlərini öyrənəcəyəm".
Qax rayonundan xidmətə çağırılan əsgər Əli Əhmədli dedi ki, hazırda işğaldan azad edilmiş torpaqlarımızda xidmət etdiyimə görə çox sevinirəm. "Hərbi xidmətə başlamamışdan əvvəl çox həyəcanlı idim. 2020-ci il dekabrın 10-da televiziyadan Zəfər paradını izləyərkən orada hərbçilərimizin mətin və qürur dolu addımlamaları, əl və ayaqlarının eyni anda hərəkəti məni riqqətə gətirmişdi. Hərbçilərimizin nizami qaydada sıra addımları ilə Azadlıq meydanında keçidini görüb tezliklə mən də hərbi formanı geyinib onlar kimi olmağımı arzuladım. Artıq arzuma çatmışam. Komandirlərimizin bizə öyrətdiklərini diqqətlə izləyir, nöqsansız təkrar etməyə çalışıram. Sevinirəm ki, bu gün qalib ordunun əsgəri olaraq illərdir həsrətini çəkdiyimiz torpaqlarda hərbi xidmət keçirəm".
Digər əsgərlər Fazil Abuzərov, Mahmud Ağayev və başqaları da söhbət zamanı sıra hazırlığının vacibliyini anladıqlarını və verilən tapşırıqları cəld və səhvsiz yerinə yetirmək üçün çox çalışdıqlarını bildirdilər. Əsgərlərin hər birinin öz vəzifələrinin öhdəsindən layiqincə gəldiklərinin, Vətənə sədaqətlə və vətənpərvərliklə xidmət etdiklərinin canlı şahidi olduq.

Oruc MUSTAFAYEV "Azərbaycan Ordusu"