Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

20 May 2023 12:33

Döyüşçü atanın döyüşçü oğlu

İkinci Qarabağ müharibəsi müasir Azərbaycanın hərb tarixində ən uğurlu hərbi əməliyyatları ilə tarixə qovuşdu. Bu müharibə ilə xalqımız 30 ilə yaxın erməni işğalında olan tarixi torpaqlarımızı yadellilərdən azad etdi. Bununla da rəşadətli ordumuz yeni zəfər salnaməsi yazdı. Şanlı qələbənin əldə olunmasında xalq-dövlət birliyi mühüm rol oynadı. Döyüşlərin  iştirakçısı olmuş əsgər və zabitlər hər zaman sevilirlər. Onlarla görüşüb döyüş xatirələrini dinləmək və qələmə almaq da bizdə xoş ovqat yaradır. Belə zabitlərdən biri də baş leytenant Elvin Əsgərovdur.
Baş leytenant Elvin Məhərrəm oğlu Əsgərov Heydər Əliyev adına Hərbi Liseyi bitirib. Daha sonra indiki Heydər Əliyev adına Hərbi İnstitutda motoatıcı ixtisası üzrə təhsil alıb. Hərbi təhsil ocağını müvəffəqiyyətlə bitirdikdən sonra Elvin cəbhə bölgəsində taqım komandiri olaraq xidmətə başlayıb. Gənc zabit "düşmənlə təmas xətti", "döyüş mövqeyi" sözlərini çox eşitmişdi, ancaq canlı olaraq o istiqamətləri görməmişdi. Elvin ən yüksək təminatlı müasir dövrün tələblərinə cavab verən təhsil ocağından ayrılıb səngərdə - düşmənlə üzbəüz mövqedə xidmət edəcəyini hərbçi peşəsini seçəndə gözünün önünə almışdı. Düşünmüşdü ki, bu yolda ölüm-itim də var, Vətən naminə ömürlük sağlamlığını itirmək də. Hər cür çətinliklə, hər cür məşəqqətlə üzləşəcək, hər cür məhrumiyyət onun üçün gözlənilən idi. Bu peşəni seçəndə doğmaları onu bu istəkdən yayındırmaq istəmişdilər. Lakin Elvin öz seçimində qəti idi, onu bu arzudan döndərmək mümkün olmamışdı. Gənc zabit hələ uşaq ikən verdiyi qərardan olduqca məmnun görünür. Elvin hərbçi peşəsindən başqa heç bir sahədə özünü bu qədər doğrulda bilməyəcəyini deyir.
Baş leytenant E.Əsgərovu narahat edən və düşündürən vaxtilə erməni işğalı altında qalan torpaqlarımız idi. Xidmətə başladığı ilk gündən Elvinin məqsədi tabeliyində olan əsgərlərə həm nəzəri, həm də praktiki biliklərin aşılanması olub. Bunun üçün daim səylə çalışıb. Əsgərlərə atıcı silahlardan istifadə etmə qaydalarını, taktiki təlimləri mükəmməl öyrədib. Vətən torpaqlarını azad etmək üçün mühüm vəzifələrin qarşıda olduğunu yaxşı dərk edib. Atası Məhərrəm Əsgərov da Birinci Qarabağ müharibəsində iştirak etmişdi. Həm də ehtiyatda olan polkovnik-leytenantdır. Elvində hərbi xidmətə maraq oyadan da atası ilə birlikdə tez-tez hərbi hissələrə getməyi idi.
İkinci Qarabağ müharibəsi başlayanda Elvin Əsgərov Füzuli bölgəsində xidmət edirdi. O, həmin günləri belə xatırlayır:
- 2020-ci ilin yayından ermənilər cəbhədə tez-tez atəşkəsi pozurdular. Bəzən də ağır artilleriya silahlarından istifadə edirdilər. Bu bizi daha da ayıq-sayıq olmağa sövq edirdi. Düşmən cəbhə boyu atəşkəsi pozmaqla yenidən ərazilərimizi işğal etmək arzusuna düşmüşdü. Buna baxmayaraq hər dəfə onlara layiqli cavab verirdik.
2020-ci il sentyabrın 27-də Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin əks-hücum əmri ilə düşməni susdurmaq və işğal altındakı ərazilərimizi azad etmək məqsədilə hərbi əməliyyatlara başladıq. Tabeliyimdə olan bölmənin üzərinə mühüm vəzifə qoyulmuşdu. Mən bölməmlə birlikdə döyüş tapşırığını layiqincə yerinə yetirdim. Füzuli, Cəbrayıl və Qubadlı istiqamətində bir çox yaşayış məntəqələrinin və ərazilərin azad edilməsində düşmənə qarşı döyüşdüm. Oktyabrın 16-da Xocavənd istiqamətində gedən döyüşlərdə ağır yaralandım. Döyüşü axıra qədər davam etdirə bilmədiyim üçün çox təəssüfləndim. Hospitalda müalicə olunan zaman tez sağalıb döyüşü davam etdirmək istəyirdim. Bölmələrimiz qarşıya qoyulmuş döyüş tapşırığını yüksək səviyyədə icra edirdi. Hər dəfə yeni ərazilərimizin azad edilməsi xəbərini eşidəndə döyüşlərdə iştirak etməyi arzulayırdım. Noyabrın 3-də yenidən xidmət yerinə qayıtdım. Komandiri olduğum bölməni döyüşə aparmaq istəyirdim. Ancaq komandirlər tam sağalmadığımı görüb məni döyüşə buraxmadılar. Səhhətimlə əlaqədar məzuniyyət təyin etmişdilər. Lakin bu hüquqdan da istifadə etmədim. Yalnız müharibə bitəndən sonra məzuniyyətə çıxdım.
Baş leytenant Elvin Əsgərov döyüşlərdə göstərdiyi şücəatlərə görə Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamları ilə "İgidliyə görə", "Cəsur döyüşçü", "Cəbrayılın azad olunmasına görə",  "Füzulinin azad olunmasına görə", "Xocavəndin azad olunmasına görə" medalları ilə təltif olunub.
Atası Birinci, özü isə İkinci Qarabağ müharibəsi iştirakçısı olan Elvin bu gün də “N” hərbi hissəsində xidmətini layiqincə davam etdirir. Ona xidmətdə uğurlar arzulayıb, yolumuza davam edirik. Xalqımızın bir deyimi var: "Ot kökü üstə bitər". Döyüşçü atanın da döyüşçü oğlu olar.

Bəxtiyar ƏLİYEV "Azərbaycan Ordusu"