Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

20 May 2023 12:33

Türkiyə-Azərbaycan - qardaş dövlət, qardaş ordu!

Ölkəmizin bütün sahələrində olduğu kimi, hərbi əməkdaşlıq sahəsində də ən yaxın tərəfdaşı Türkiyə Respublikasıdır. Belə ki, Azərbaycan Ordusunun döyüşaparma və özünümüdafiə qabiliyyətlərinin artırılması, o cümlədən hərbi arsenalımızın müasir dövrün tələblərinə cavab verən texnika və silahlarla zənginləşdirilməsində qardaş ölkənin təcrübəsindən geniş şəkildə istifadə olunur. Türkiyə Respublikasının Silahlı Qüvvələri müasir dünyanın ən güclü ordularından biri olmaqla, günümüzdə tətbiq olunan yeni proqram və mexanizmlərin Azərbaycan Ordusuna inteqrasiyasında əhəmiyyətli rol oynayır.
İki dövlətin ordu rəhbərliyi arasında keçirilən yüksək səviyyəli görüşlər, iki ordunun hərbi qulluqçularının iştirakı ilə təşkil olunan təlimlər nəticəsində Azərbaycan Ordusunun güclənməsi və müasir tələblər çərçivəsində qurulmasına yönəlik mühüm işlərə imza atılır. Bir sözlə, önəmli olan odur ki, tarixi köklərə söykənən və fundamenti qarşılıqlı etimad prinsipi üzərində qurulan əməkdaşlıq və tərəfdaşlıq bu gün ən yüksək dövrünü yaşayır.
Hərbi təhsil sahəsində həyata keçirilən qarşılıqlı əməkdaşlıq çərçivəsində Türkiyə Respublikası Milli Müdafiə Universitetinin rektoru professor Erhan Afyoncunun rəhbərlik etdiyi nümayəndə heyəti mayın 8-dən 12-nə qədər ölkəmizdə səfərdə oldu. Qonaqlar əvvəlcə Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin məzarını, Şəhidlər xiyabanını və Türk məzarlığını ziyarət etdilər, məzarlar üzərinə gül dəstələri qoydular.
Mayın 8-də Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov Türkiyə Respublikası Milli Müdafiə Universitetinin rektoru professor Erhan Afyoncunun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşdü. Müdafiə naziri qonaqları salamlayaraq onları ölkəmizdə görməkdən məmnun olduğunu bildirdi və qardaş Türkiyə ilə hər sahədə olduğu kimi, hərbi təhsil sahəsində də əməkdaşlığın yüksək səviyyədə aparıldığını qeyd etdi. Professor E.Afyoncu da öz növbəsində göstərilən qonaqpərvərliyə görə təşəkkürünü bildirdi. Görüşdə hərbi təhsil sahəsində birgə əməkdaşlığın inkişaf perspektivləri müzakirə edildi. Sonra Türkiyə Milli Müdafiə Universitetinin nümayəndələri müdafiə nazirinin birinci müavini - Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyevlə görüşdülər. Görüşdə qarşılıqlı maraq doğuran mövzular ətrafında fikir mübadiləsi aparıldı.
Qardaş Türkiyə Respublikasının Milli Müdafiə Universitetinin nümayəndələri daha sonra Hərbi Hava Qüvvələrinin komandanı general-leytenant Ramiz Tahirovla görüşdülər. Görüş əsnasında qonaqlara Hərbi Hava Qüvvələrinin tarixi, fəaliyyəti, Birinci Qarabağ və 44 günlük Vətən müharibəsində nümayiş etdirdiyi nəticələrilə bağlı brifinq təqdim olundu. Daha sonra idarəetmə mərkəzi ilə tanış olduqdan sonra qonaqlara tapşırıqlar və qarşıda duran məqsədlərlə bağlı məlumatlar verildi.
Türkiyə Respublikasının Milli Müdafiə Universitetində təhsil alan dinləyici zabitlər "Xarici Ölkələrdə Müşahidə Gəzintisi" çərçivəsində Azərbaycan Ordusunun Hərbi Dəniz Qüvvələrini də ziyarət etdilər. Hərbi Dəniz Qüvvələri komandanı vitse-admiral Sübhan Bəkirov qonaqları salamladı və qardaş dövlətin nümayəndələrini burada qəbul etməkdən məmnunluğunu ifadə etdi. Görüş zamanı təqdim olunan brifinqdə Azərbaycan HDQ-nin tarixi, fəaliyyəti, strukturu və qarşıda duran tapşırıqlar barədə məlumat verildi. Sonra qarşılıqlı hədiyyələr və plaketlər təqdim olundu.
Növbəti günlərdə qardaş ölkənin nümayəndələri İkinci Qarabağ müharibəsi zamanı işğaldan azad olunan tarixi ərazilərimizi ziyarət etdilər. Qonaqlara ermənilərin tarixi torpaqlarımızda törətdiyi vandalizm və bunun ağır nəticələri ilə bağlı məlumatlar verildi. Ərazi boyu Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanın tapşırığına əsasən aparılan yenidənqurma və bərpa işlərinin sürətlə davam etdiyi bildirildi.
Sonra general-leytenant Mayis Bərxudarov nümayəndə heyəti ilə birgə “N” hərbi hissəsinin ərazisində tikilmiş abidə kompleksinin önünə gül dəstələri qoydu. Qonaqlara qərargah binası, xidməti otaqlar, idman zalı, yeməkxana və daxildə yaradılan müxtəlif təyinatlı obyektlər təqdim olundu, onlara görülən gündəlik fəaliyyətlər barədə məlumatlar verildi. Hərbi hissənin ərazisi ilə tanışlıq başa çatdıqdan sonra qonaqlar üçün şəxsi heyət tərəfindən əlbəyaxa döyüş və müxtəlif bölmələrin atışı üzrə nümunəvi çıxışlar nümayiş olundu.
Türkiyə Respublikasının Milli Müdafiə Universitetində təhsil alan dinləyici zabitlərə burada "Ordu Korpusunun yaranması və döyüş yolu haqqında" brifinq təqdim edildi. Brifinqdə birləşmənin yaranma tarixi, keçdiyi şanlı döyüş yolları və strukturu haqqında müvafiq məlumatlar verildi. 44 günlük Zəfər salnaməmizdən bəhs edən videorolik qonaqlara nümayiş etdirildi və sonda qonaqları maraqlandıran suallar cavablandırıldı. Sonda xatirə şəkli çəkdirildi.
Səfər çərçivəsində universitetdə təhsil alan dinləyici zabitlər Cocuq Mərcanlı kəndində və Lələtəpə yüksəkliyində oldular. Onlara burada Aprel döyüşləri zamanı keçirilən uğurlu əməliyyatlar haqqında məlumatlar verildi. Sonra qonaqlar Qubadlı, Cəbrayıl və Suqovuşanı ziyarət etdilər. 44 günlük Vətən müharibəsi zamanı bu ərazilərin işğaldan azad olunması bildirildi və qonaqları maraqlandıran suallar cavablandırıldı.
Türkiyə Respublikasının Milli Müdafiə Universitetinin rektoru professor Erhan Afyoncunun rəhbərlik etdiyi nümayəndə heyəti və universitetdə təhsil alan türk zabitlər Quru Qoşunları Komandanlığını ziyarət etdilər. Müdafiə nazirinin müavini - Quru Qoşunları komandanı general-leytenant Ənvər Əfəndiyev ölkəmizdə səfərdə olan professor Erhan Afyoncu və rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşdü. Nazir müavini Azərbaycan ilə Türkiyə arasında həyata keçirilən ikitərəfli hərbi əməkdaşlığın dostluq və qardaşlıq münasibətləri üzərində qurulduğunu xüsusi vurğuladı. Görüşdə hərbi təhsil sahəsinda görülən işlərin daha da təkmilləşdirilməsi və inkişaf perspektivləri müzakirə olundu. Qonaqlara Quru Qoşunları Komandanlığının yaranma tarixi, ştat strukturu, vəzifələri, QQK-nın yaranmasından etibarən icra etdiyi əhəmiyyətli fəaliyyətlər haqqında brifinq təqdim olunduqdan sonra Quru Qoşunlarının Döyüşü İdarəetmə mərkəzində oldular və onlara mərkəzlə bağlı zəruri məlumatlar verildi.
Sonda qarşılıqlı hədiyyələr təqdim olundu, xatirə şəkli çəkdirildi.
Qardaş ölkənin nümayəndələrinin Azərbaycan Ordusunu ziyarəti yüksək təəssüratlar və xoş anlarla yadda qaldı. Tarixi dostluq, qarşılıqlı inam, səmimi əlaqələr və xoş məram əsasında qurulan Azərbaycan-Türkiyə əlaqələri gündən-günə möhkəmlənməkdədir. Əlaqələrin yüksək səviyyədə qurulması təkcə iki dövlətin inkişafına deyil, həm də regionun sabitliyinin bərqərar olmasına və tezliklə firavan həyatın qayıtmasına yönəlikdir. Bu səfər iki ölkə arasında qardaşlığın ən yüksək formada olduğunu bir daha təsdiq etdi. Bütün dünya bilsin ki, Azərbaycan-Türkiyə əməkdaşlığı və qardaşlığı möhkəmdir, sarsılmazdır. Çünki Azərbaycan və Türkiyə təkcə iki dövlət, bir millət deyil - qardaş dövlət, qardaş ordudur!

Fuad CƏFƏROV "Azərbaycan Ordusu"