Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

20 May 2023 12:33

Zəfərə sədaqət bəşəri sədaqətdi!..

Dərə boyu sürünən duman çəkilməkdədi. Döyüş növbətçiliyinə gedən əsgərlər gah qırışığı açılan dərəyə baxır, gah da döyüş növbətçiliyi aparacağı mövqeyə. Dərəyə də, dumana da doğmalıqla baxırlar, döyüş növbətçiliyi aparacağı mövqeyin o tərəfinə - İkinci Qarabağ müharibəsində Zəfər qazananların davamçısı olan  Azərbaycan əsgəri kimi. Çətin relyefli ərazilərdə yerləşən mövqelərdə xidmət edən əsgərlərimizlə kəlmələşəndə də ruhum bu duyğuların səyyarəsiydi, özüm - dağların mehrinin...
Döyüş növbətçiliyinə gedən əsgərlərin baxışlarında gördüyümüz qətiyyətə Vətənə sədaqət andının davamı deyirik: Əsgər qardaşlarım, yüz duman gələ, yağı bu yerlərdə boy göstərə bilməz!
Leytenant Elçin Süleymanov qürurla deyir ki, döyüş növbətçiliyinə gedən əsgərlərin yerişində, duruşunda, baxışlarında gördüyümüz qətiyyət bu mövqedə xidmət etməyin ifadəsidi, bu mövqedə xidmət - Zəfərin. Əsgərlərimizə İkinci Qarabağ müharibəsinin döyüşləri haqqında geniş  məlumatlar veririk, onların bu müharibənin tarixinə dair bildikləri zənginləşir. Hərbi hissəmizin döyüşlərdə iştirak etmiş hərbi qulluqçularının təəssüratları belə söhbətlərin davamı kimi maraqla dinlənilir.
Zabitin dedikləri əsgərlərin düşüncələrində bir tərpəniş yaradır. Bu gözəl tərpəniş qürurdu, bu qürur həm də məsuliyyətin ifadəsidi.
Əsgər Əmir Hümbətov deyir ki, hərbi xidmətimin ilk günlərində döyüşlərin iştirakçısı olmuş gizir bir döyüşdən danışmışdı:
Vasif sol qolundan yaralandığını heç kimə hiss etdirməmişdi, yarasını özü sarıyıb yenidən döyüşə qoşulmuşdu. Düşmən inadla müdafiə olunurdu. Qəflətən sağında döyüşən əsgərin - Rəhimin yaralandığını hiss edir; atışı davam edərək sürünə-sürünə ona yaxınlaşmağa, yarasını sarımağa, qoltuğunun altından yapışıb döyüşün içindən çıxarmağa tələsir. Sinə-sinə, sürünə-sürünə on dörd-on beş addım yaxınlaşır. Bu anlarda sağ qoltuğunun altına güllə dəyir. Diz çöksə də dikələ bilir.  Sürünə-sürünə Rəhimə çatır. Döyüşdən sonra gördük ki, Vasifin sol qolu Rəhimin, Rəhimin sağ qolu Vasifin boynuna sarılıb. İkisi də şəhid olmuşdu.
Gizirin döyüş təəssüratı onda hamımızı mütəəssir etmişdi. Biz də Vətəni Vasif kimi, Rəhim kimi sevirik, biz də elə cəsur, elə qətiyyətli əsgərlər kimi xidmət edirik. Həm də belə bir mövqedə. Həm də yüksək döyüş əzmi ilə, qələbə ruhu ilə xidmət edirik. Döyüşlər olsa, düşmən təxribat törətsə, biz də onlar kimi mərdliklə döyüşəcəyik.
Əsgərin dedikləri hamını duyğulandırır. "Bu duyğular düşmənin təxribat törədə bilməsi ehtimalının diqqətdə saxlanılacağına zəmanətdi, belə təxribatlara görə qətiyyətliliyə zamanətdi, mövqeyin bu üzünə düşmən nəfəsi dəyməyəcəyinə zəmanətdi", - deyirəm. Kəlmələr zabitə də, əsgərlərə də könül xoşluğu verir...
Leytenant Elçin Süleymanov əsgərin bir az əvvəl dediyi fikirlərinə dəstək kimi deyir ki, dağlıq ərazilərdə, həm də məhz burada hərbi xidmətin özünəməxsus xüsusiyyətləri var. Əsgərlərimiz bu xüsusiyyətləri qısa müddətdə öyrəniblər, döyüş növbətçiliyinin relyefə uyğun necə aparılmasını ilk təlimatlardan mənimsəyiblər.
Əsgər Turqay Mayılov deyir ki, ilkin hərbi biliklərə yiyələndikdən sonra xidmətimi işğaldan azad edilmiş ərazidə davam etdirirəm. Təcrübəli əsgər yoldaşlarımızın, komandirlərimizin məsləhətləri bildiklərimizin təkmilləşməsində əhəmiyyətli oldu. Bu mövqedə xidmət hər birimizdən daha böyük məsuliyyət tələb edir.
- Bu məsuliyyət necə ifadə edilə bilər? - soruşuram. Əsgər daha dürüst söz demək üçün bir anlığa düşünür. Bu düşüncələrin Hərbi andla, nizamnamələrlə bağlılığı öz yerində, həm də dünyagörüşlə də əlaqəliliyinə şübhəm yoxdu.
- Mövqemiz düşmənlə qarşı-qarşıyadır. Ermənilərin xasiyyətinə mülki həyatdan bələd idik. Hərbi xidmətdə bələdliyimiz dərinləşdi. Komandirimiz buna xislət deyir. Ermənilik xisləti işğalçılıqdır, özgə torpağına göz dikməkdir.
Əsgər Anar Mahmudov əsgər yoldaşının fikrinin davamı kimi deyir ki, ermənilik torpaqlarımızı 28 il işğalda saxladı. İkinci Qarabağ müharibəsi işğalı sonlandırdı.
- Döyüş bölgəsi dəyişdi, biz indi illərlə düşmənin mövqelərinin arxa cəbhəsi hesab edilən ərazidə döyüş növbətçiliyi aparırıq, - əsgər Turqay Mayılovun qüruru əsgərlərin hamısının qürurudu. Döyüş növbətçiliyimizdə düşmənin qarşımızdakı mövqelərini, mövqelərinin yan-yörəsini nəzarətdə saxlayırıq. Düşmən bəzən təxribatlar törətmək istəyir. Məsuliyyət düşmənin istənilən tərpənişini vaxtında duymaqdır, diqqətlilikdir, döyüş növbətçiliyindən döyüşə hazır olmaqdır.
Əsgərlərin dedikləri hamımızın könlünə yatır.
Leytenant Elçin Süleymanov əsgərlərə xitabən deyir ki, sizin hərbi xidmətiniz bu məsuliyyəti də şərtləndirir.
Anar fikrinin davamı kimi deyir ki, döyüş növbətçiliyimiz düşmənin təxribatlarını qabaqlamaq, Vətəni qorumaq üçündür.
Əsgər Abidin Həsənov deyilənləri uyğun, ancaq bir qədər başqa mətləblə tamamlayır:
- Hərbi xidmətə Tovuz rayonundan çağırılmışam. Rayonumuz düşmənlə həmsərhəddi. Vətən müharibəsinə kimi düşmənin atəşkəsi necə pozduğunu, necə həmlə, hücum etdiyini, onda əsgərlərin döyüşünü camaatın coşqusunun necə tamamlandığını eşidirdim də, hərdən görürdüm də. Biz də həmin əsgərlər kimi əsgər olmağa çalışırıq. Burda xidmətə başlayanda komandirlərimizin məsləhətləri, tövsiyələri ilə bərabər Tovuzla bağlı Vətən müharibəsindən əvvəlin təəssüratları da gərəyim oldu.
Əsgər Əliəsgər Xalıqov İkinci Qarabağ müharibəsinin bir məqamını - Ermənistanın Gəncəyə raketlər atmasını xatırladır:
- Bu raketlər onlarla gəncəlinin ölümünə səbəb olmuşdu. Səhərisi gün dan yeri söküləndə hadisə yerinə mən də getmişdim. Dağıntıları görəndə qəlbim qana dönmüşdü. Onda ürəyimdən keçdi ki, kaş hərbi xidmətdə düşmənlə üzbəüz mövqelərdən birində xidmət edəydim, düşmən üstümüzə gəlsə, döyüş əmri verilsə, Gəncənin də qisasını alanların sırasında mən də olaydım. İndi belə mövqelərdən birində xidmət edirəm. Həm xidmətimlə qürurlanıram, həm də düşmən təxribat törədərsə, Gəncəyə atılan raketlərə görə kin-küdurətimi güllələrə büküb erməniliyə atacağıma inanıram.
Əsgər Anar Mahmudov əsgər yoldaşının sözünü gərəkli bir fikirlə tamamlayır:
- Vətən müharibəsində torpaqlarımız işğaldan azad edildi. Tarixi Zəfəri qazanan döyüşçülərimiz Gəncəyə atılan raketlərin də qisasını aldılar. Əliəsgər, sən də, mən də, əsgər yodaşlarımız da bu Zəfəri Vətənə böyük sədaqətimizlə davam etdirəcəyik..
Leytenant Elçin Süleymanov əsgərlərin fikirlərini ümumiləşdirərək deyir:
- Mən Texniki Universitetin məzunuyam. Mənim həmyaşıdlarım olan yüzlərlə gənc də zamanında sizin kimi düşünürdü, ordu sıralarına bu istəklərlə gəlirdi. Mən həqiqi hərbi xidmətdən sonra - 2020-ci ildə zabit hazırlığı kursunu bitirmişəm. Bu mövqedə xidmətimlə qürurlanıram.
Anarın son kəlmələri hamımızın niyyətini ifadə edir. Bilirik ki, Zəfərə sədaqət Vətənə sədaqətdi, Vətənə sədaqət - bəşəri sədaqət...
Dağların-daşların sığalına dönən ülfətli bir yel əsir. Mənə elə gəlir ki, indicə yaşıl yamaclar da, qönçələnmiş çiçəklər də, durulaşmış çeşmələr də, suyu gurlaşmış dərələr də zabitin sonuncu kəlmələrini təkrarlayacaq: Zəfərə sədaqət bəşəri sədaqətdi!..
 
Orxan HÜSEYNLİ "Azərbaycan Ordusu"