Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

17 May 2023 11:33

“Böyük hədəflərə çatmaq üçün kiçik hədəfləri qət etmək lazımdır”

Müstəqil Azərbaycanın memarı və qurucusu olan Ulu Öndər Heydər Əliyev tarixdə bir çox ilklərə imza atmış dahi şəxsiyyətdir. Xalqın yaddaşında dərin iz qoymuş, daima hörmət və ehtiramla xatırlanan dahi şəxsiyyət ən mürəkkəb və çətin vəziyyətlərdə düzgün qərar qəbul etməyi, doğru yolu seçməyi bacarırdı. Ömrünü xalqın rifahına, müstəqil ölkəsini dünyada tanıtmağa sərf edən Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev azərbaycanlı olmağı ilə həmişə fəxr edib. Yaşadığı şərəfli ömür tarixində bütün güc və qüvvəsini dövlətimizin inkişafına yönəldib. Ulu Öndər qüdrətli və yenilməz bir dövlət yaratdı, gördüyü işlərlə tarixin səhifələrində heç vaxt pozulmayan dərin izlər qoydu.
Buna görə də dahi şəxsiyyət Heydər Əliyev xalqın böyük ehtiramını, hörmətini və sevgisini qazandı. Müasir Azərbaycan tarixinin ən parlaq, ən işıqlı və ən möhtəşəm səhifələri Azərbaycan xalqının Ümummilli Liderinin adı ilə bağlıdır. Onun uzaqgörən siyasəti və təşəbbüsü ilə həyata keçirilən işlərdən biri də ölkədə milli zabit kadrlarının hazırlanması məqsədilə Cəmşid Naxçıvanski adına Hərbi Liseyin yaradılması idi.
Sovet rejiminin hökmran olduğu bir vaxtda, Heydər Əliyevin təşəbbüsü ilə 1971-ci ildə Bakı şəhərindəki 2 saylı 8 illik internat məktəbinin bazasında indiki Hərbi lisey yaradıldı.
24 noyabr 1997-ci il tarixdə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə məktəbin adı dəyişdirilərək Cəmşid Naxçıvanski adına Hərbi Lisey adlandırıldı. Respublikamız müstəqillik əldə etdikdən sonra Hərbi liseyin məzunları ordumuzun yaranmasında, Vətənimizin ərazi bütövlüyünün qorunması uğrunda mübarizədə həmişə ön cəbhədə olmuşlar. C.Naxçıvanski adına Hərbi Liseyin məzunlarının bir çoxu göstərdikləri şücaətə görə orden və medallara, fəxri adlara layiq görülüb. Liseyin kursantları daima intizamı, savadı, qazandığı yüksək nailiyyətləri ilə fərqləniblər.
Bu günlərdə Dövlət İmtahan Mərkəzi tərəfindən keçirilən XI siniflərin buraxılış imtahanında Cəmşid Naxçıvanski adına Hərbi Liseyin kursantları da iştirak etdilər. Üç fənn üzrə (Azərbaycan dili, riyaziyyat və ingilis dili) keçirilən imtahan hər fənn üzrə 100 bal olmaqla ümumilikdə 300 ballıq sistemlə qiymətləndirilib. İmtahanda iştirak edən kursantlardan 17 nəfəri 200 baldan yuxarı nəticə toplayıb. Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadənin imtahan nəticələri barədə mediaya açıqlamasında qeyd etdiyi "...Elm və Təhsil Nazirliyinin tabeliyindəki liseylərin məzunlarının orta nəticəsi 177 bal olub. Bu da kifayət qədər yüksək göstəricidir. Hərbi liseylərin nəticələri ölkənin orta göstəricisindən də yüksəkdir..." fikri hərbi təhsil sahəsində aparılan islahatların yüksək nəticələr verdiyinin bariz nümunəsidir.
Kursantlar arasında 274 balla ən yüksək nəticəni Emil Bayramlı göstərib. Polkovnik Rəşad İbrahimov bildirdi ki, burada gələcəyin zabitləri üçün hər cür şərait yaradılıb. “Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin tapşırığına əsasən, 2018-2019-cu ildə liseydə əsaslı təmir-tikinti işləri aparılıb. Təmirdən sonra yüksək standartlara cavab verən siniflər, laboratoriyalar, kabinetlər, kompüter otaqları və linqafon zalları kursantların ixtiyarına verilib. Bununla yanaşı, təhsil müəssisəmizdə çalışan, işini sevən, peşəkar müəllimlərimiz kursantların hazırlanmasında yüksək əzmkarlıq nümayiş etdirirlər. Azərbaycan Ordusunda aparılan geniş miqyaslı islahatlar hərbi təhsil sahəsindən də yan keçməyib. Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin tapşırığı ilə Azərbaycan Ordusunun Türkiyə Silahlı Qüvvələrinin standartlarına uyğunlaşdırılması istiqamətində həyata keçirilən tədbirlər çərçivəsində hərbi təhsil sahəsində idarəetmənin təkmilləşdirilməsi məqsədi ilə Milli Müdafiə Universiteti yaradıldı. C.Naxçıvanski adına Hərbi Lisey də universitetin tabeliyinə verildi. Tədris səviyyəsinin yüksəldilməsi istiqamətində mühüm addımlar atıldı. Belə ki, orta ümumtəhsil məktəblərindən fərqli olaraq burada bəzi fənlərin tədris saatı azaldılıb, əvəzində riyaziyyat, coğrafiya, topoqrafiya və xarici dil saatları artırılıb. Təcrübəli müəllim və professorlar tərəfindən dərslər yeni metodikaların tətbiqi ilə beynəlxalq standartlara uyğun olaraq tədris olunur. Kursantların bilik və bacarıqları mütəmadi olaraq sınaq imtahanları keçirilməklə yoxlanılır. Bundan başqa müstəqil hazırlıq saatlarında da onların təhsilləri müəllimlərimizin diqqət mərkəzində saxlanılır. Sevindirici haldır ki, liseyimizdə təhsil alan hər bir kursant dərslərə böyük maraq göstərir. Onlar anlayırlar ki, müasir dünyada hər şey elm üzərində qurulur. Bütün sahələrdə olduğu kimi, orduda da savadlı kadrların olması günümüzün mühüm tələblərindəndir", - zabit dedi.
Gəlişimizin əsas səbəbkarı kursant Emil Bayramlı ilə tanış olduq. Emil 2006-cı il sentyabrın 6-da Bakı şəhərində anadan olub. Birinci Qarabağ müharibəsi şəhidi Abil Səfərovun adını daşıyan 114 saylı orta məktəbdə təhsil alıb. Hələ məktəb vaxtlarında C.Naxçıvanski adına Hərbi Liseydə təhsil alan dayısı oğlu Əhmədin görüşünə gəldiyi günlərdən o da hərbi forma geyinmək, hərbçi olmaq qərarına gəlib. Valideynlərinin mənəvi dəstəyi ilə lazımi sənədləri toplayaraq liseyə qəbul imtahanlarında iştirak edib. 2021-ci ildə yüksək nəticə toplayaraq hərbi liseyə qəbul olub. "Böyük hədəflərə çatmaq üçün kiçik hədəfləri qət etmək lazımdır", - deyən Emil növbəti hədəfinin Türkiyənin Hərbi Akademiyası olan "Kara Harp Okulu"na daxil olmaq olduğunu vurğuladı: "İmtahanın nəticələri elan olunduğunda riyaziyyat fənni  üzrə 100 baldan 100, ümumilikdə 300 baldan 274 bal topladığımı öyrəndim. İlk olaraq müəllimlərimizin çəkdikləri əziyyəti hədər etmədiyim, bizə olan etimadlarını doğrultduğum üçün qürurlandım. Liseyimizdə əsl hərbçi olmağın ilkin sirlərini öyrənməklə yanaşı, savadlı müəllimlərimiz tərəfindən bütün fənlər üzrə elmi biliklərə yiyələnirik. Burada bizim üçün hər cür şərait yaradılıb. Müasir tələblərə cavab verən sinif otaqlarımız, kitabxanamız, yeməkxanamız, kursant yataqxanamız var. Təhsilimizlə yanaşı, qidalanmağımız, sağlamlığımız, fiziki hazırlığımız da daim diqqət mərkəzində saxlanılır. Günün nizam qaydalarına uyğun olaraq idmanla məşğul olur, vitaminli qidalarla qidalanır, dərslərdə iştirak edirik. Nizamlı həyat tərzi yaşamağımız dərslərimizdə də müvəffəqiyyətli olmağımıza səbəb olur. Savadlı və peşəkar hərbçi olmaq üçün hər zaman öz üzərimdə çalışaraq, müəllim və komandirlərimizin öyrətdiklərini dəqiqliklə mənimsəməyə səy göstərirəm. İstəyirəm ki, ali hərbi təhsilimi Türkiyə Respublikasında davam etdirim, oranı birinciliklə bitirib Azərbaycan Ordusunda xidmət edərək Vətənimə, dövlətimə faydalı zabit kimi şərəfli ömür sürüm. Hədəflərimə çatmağım üçün dövlətimiz tərəfindən hər cür şərait yaradılıb. Bunun üçün Ali Baş Komandanımıza, Müdafiə Nazirliyinin və liseyimizin rəhbərliyinə təşəkkürümü bildirirəm", - deyə Emil fikrini tamamladı.
Kursantımızı biz də təbrik edərək arzularına çatmağı və hədəflərinə doğru gedən yolda uğurun daima onunla olmasını arzulayaraq sağollaşdıq.

Oruc MUSTAFAYEV "Azərbaycan Ordusu"