Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

17 May 2023 11:33

Oğullar dağa, dağlar dağ vüqarlı oğullara söykənib

Yazla yayın ayrıcında dağlar daha əzəmətli görünürmüş. Bu əzəmət həm də ruhun əzəmətidi. Ruh ucalıqları yaşadır, ucalıqlar ruhu. Bu əzəmət bu vəhdətin əzəmətidi. Dağlarda əsgərlərimizin duruşunda da bənzərsiz qüdrət görürsən. Bu qüdrət dağ kimi oğulların dağa, dağların dağ vüqarlı oğullara söykənişindədi. Görürsən, könlün açılır. Bu düşüncələrlə əsgərlərin əhatəsinə çatmaqdayam. Bir anlığa ayaq saxlayıb dağlara sarı baxıram, sonra baxışlarını duyduğum əsgərlər. Qənaətimdə israrlıyam: dağlar dağa söykənib!..
Fikrimi leytenant Fariz Məmmədov da bəyənir:
- İkinci Qarabağ mühaibəsi ordumuzun tarixi Zəfəri ilə başa çatdı. Bu Zəfəri Ali Baş Komandanın müzəffər sərkərdəliyi ilə sizin dediyiniz döyüşçülər - dağların söykəndiyi oğulları qazandılar. Onların döyüş əzmini, qələbə ruhunu davam etdirən əsgərlərimiz yüksək məsuliyyətlə döyüş növbətçiliyi aparırlar. Bilirlər ki, bu, Vətən müharibəsində qazanılan Zəfərin davamıdır.
Komandirin fikirləri əsgərlərin baxışlarını qarşı tərəfə yönəldir. Bu baxışlar sağda-solda əsən yellərin o tərəflərdə də əsəcəyinə inam baxışlarıdı. 2019-cu ilin payızında Gədəbəydə kapitan Rəşad Əliyev demişdi:
- Əsgərlərimiz yüksək döyüş əzmi ilə xidmət edirlər. Onlar da torpaqlarımızın işğaldan azad edilməsi üçün Ali Baş Komandanın döyüş əmrini gözləyirlər. Əsgər Tahir Qurbanov narahatlıqla demişdi ki, komandir, kaş döyüş əmri biz tərxis olunana kimi veriləydi. Bu narahatlıq Vətən sevgisi idi. Qürurlandıq ki, əsgərlərimiz bu ruhla xidmət edirlər. Əsgər Samir Qasımov əsgər yoldaşının sözünün davamı kimi demişdi ki, döyüş əmri mən tərxis olunduqdan sonra verilərsə, yenə əsgər olaraq o döyüşlərdə iştirak edəcəm. Samirin fikri hamını coşdurmuşdu. Hamı onun fikrini bəyənmişdi.
Leytenant Fariz Məmmədov deyilənləri İkinci Qarabağ müharibəsində gördüyünü bildirir:
- İkinci Qarabağ müharibəsində minlərlə gənc döyüşlərə könüllü getmək üçün israrla Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon şöbələrinə müraciət etmişdilər. Qismən səfərbərlik elan edilmişdi. Əminəm ki, dediyiniz o əsgərlər də döyüşlərdə iştirak ediblər, igidliklə vuruşublar. Bizim hərbi hissədə xidmət edən əsgərlər də Zəfər qazananların, döyüşlərə o ruhla, o əzmlə gələnlərin davamçılarıdır. Yüksək döyüş qabiliyyəti və yüksək mənəvi-psixoloji hazırlığı ilə bu Zəfəri qazanmış əsgərlərin davamçılarıdırlar.
Zabitin dedikləri əsgərləri duyğulandırır. Bu kəlmələr hamının düşüncələrinə hopur. İkinci Qarabağ müharibəsinin iştirakçısı olmuş zabitlərin, gizirlərin, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularının döyüş təəssüratları mənəvi-psixoloji hazırlığın yüksəldilməsində səmərəli olur. Təəssüratları dinləyirlər, mətinləşirlər. Bu günlərdə bir neçə yüksəkliyin nəzarətə götürülməsi əməliyyatında iştirak edən əsgərlərin qətiyyətində 2020-ci il noyabrın 10-dan sonra tərxis edilən əsgərlərin qürurunu görürəm.
Əsgər Xaliq Əliyev deyir ki, burada böyük məsuliyyətlə xidmət edirik. Düşmən atəşkəsi pozanda, təxribatlar törədəndə biz də silahımızın tətiyini sıxırıq. Belə xidməti Zəfərin davamı bilirik. Son insidentdə düşmən bir qədər də üstün təxribata meyillənmişdi. Biz həmişə ayıq-sayıq dayanırıq. Bizə elə gəlirdi ki, İkinci Qarabağ müharibəsində şəhid olanlarımızın ruhu da bizimlə yan-yana döyüş növbətçiliyi aparır. Belə insidentlərdə, yəni, düşmən təxribat törətmək istəyəndə sənə elə gəlir ki, düşməni təkcə öz əvəzindən deyil, döyüş yolunu davam etdirdiyin döyüşçünün də əvəzinə qarşılamalısan. Qətiyyətli olmalısan, üstün olmalısan, qələbə qazanmalısan. Üçtərəfli Bəyanat imzalansa da, məğlub dövlət olduğunu etiraf etsə də, düşmən yenə düşmənçiliyindədir və belə düşməni məğlub edənlərin davamçısı olmağımdan mən də qürur duyuram.
Yazla yayın ayrıcında dağların dağ sinəsini silib keçən yellər bir az da coşmaqdadı. Bu nə coşqudu? - düşünürəm. Mənə elə gəlir ki, təbiət də düşmənin niyyətlərini məqamında görən, həmin niyyətin tərpənməsinə imkan verməyən əsgərləri salama gəlib. Bu salam müqəddəs salamlaşmadı. Bu müqəddəs salamlaşmanı duya-duya əsgər Vahid Sadiqovun dediklərini dinləyirəm:
- Mən də burada xidmət etməyimlə qürurlanıram. Qürurlanıram ki, azad edilmiş ərazilərimizdə xidmət edirəm. Düşmən təxribata meyillənərsə, döyüş növbətçiliyindən döyüşə gedərik, düşmənin bircə addım da irəliləməsinə imkan vermərik. Zəfərdən sonra düşmənin təxribatlarının qarşısını alan, onu geri oturdan əsgərlərimizin ruhu ilə xidmət edirik. Düşmən anlayır ki, Azərbaycan Ordusunun hissələri onun bütün təxribatlarının qarşısını alacaq.
Cəlilabad rayonundan hərbi xidmətə çağırılan və xidmətinin çox hissəsini geridə qoyan əsgər Feyzi Feyzullayev əsgər yoldaşının fikrini tarixi bir əməliyyatı xatırlamaqla qürur ilə tamamlayır:
- İkinci Qarabağ müharibəsi kimi, "Qisas" əməliyyatı da unudulmamalıdır. Bu gün illər sonra düşmən işğalından azad edilən ərazilərdə xidmət etmək hər kəs kimi məni də qürurlandırır. Uzun müddət sonra tarixi torpaqlarımıza ilk addım atanlardan olmaq könlümə sığal çəkir. Məhz bu səbəbdən xidmətimi düzgün təşkil etməklə qarşıya qoyulan istənilən döyüş tapşırığını asanlıqla icra edirəm.
Əsgərlərin məhz burada hərbi xidmətində İkinci Qarabağ müharibəsində qazanılmış Zəfərin qüdrətini görürəm. Bu Zəfər düşmənin niyyətini həmişə beləcə məğlubiyyətə uğradacaqdır. İkinci Qarabağ müharibəsində əsgərlərlə söhbətləşəndə, döyüşdən çıxanların fikirlərini eşidəndə Böyük Qələbənin uzaqda olmadığı duyulurdu. Döyüşlər gedən vaxtlarda "Azərbaycan Ordusu" qəzetinin səyyar buraxılışlarını hazırlayanda yaralı döyüşçülərlə də görüşürdük. Onda yaralılardan biri demişdi ki, qələbə qazanacaq döyüşçülərin sırasında olmaq istəyirdim. Yaralının bu təəssüfü onun Vətən müharibəsinin mahiyyətinin zərrəsi idi və bu zərrəni döyüşçünün Vətənə sevgisi bilmişdim. Yalnız onun təəssüfü çox çəkmədi. Çünki bir neçə gün keçdikdən sonra həmin döyüşçü ilə görüşmək istədim. Lakin mənə bildirdilər ki, o yenidən döyüş meydanına qayıdıb. Bir anlıq sevincimi saxlaya bilmədim. Sevindim ki, cəsur oğlumuz öz arzusunun dalınca getdi. Onun arzusu isə torpaqlarımızı xain erməni əsgərindən təmizləmək idi.
Döyüşlər başa çatandan sonra, xidmətə yeni gələn əsgərlərlə görüşüb söhbət etdikdə deyərdim ki, İkinci Qarabağ müharibəsi başlayanda siz orta məktəbdə oxuyurdunuz. Siz də hamı kimi bu müharibəylə yaşayırdınız. Müharibə qələbəmizlə başa çatdı. Ancaq ermənilik qınına çəkilmir. Sizin kimi Hərbi anda, dövlətə, dövlətçiliyə sədaqətli əsgərlərimiz düşmənin qara niyyətlərini  həmişə məğlub edəcəkdir.
Əsgər Mehti Həbibov deyir ki, hər axşam döyüşlər haqqında məlumatları da dinləyirdik, Müzəffər Ali Baş Komandanın xalqa müraciətini də. Eşitdiklərimiz bizə də bir gerçəkliyi xatırladırdı: Azərbaycan Ordusu güclüdür, qalib gələcək. Döyüşənlərin sırasında olmasaq da, ürəyimiz döyüşlərdəydi. Onda atam mənə də, məndən üç yaş kiçik qardaşıma da demişdi ki, zamanında siz də hərbi xidmətə gedəcəksiniz. Onda məsuliyyətlə xidmət etsəniz, elə bilərəm ki, siz də bu müharibədə iştirak etmisiniz. Atamın sözləri mənim hərbi xidmətimin ilk xeyir-duası oldu. Hərbi xidmətdə belə bir mövqedə xidmət edirəm. Xidmətimdə məsuliyyətli və əsl məğrur Azərbaycan əsgəri adına layiq olmağa çalışıram. Ata-anamın, müəllimlərimin yanına başıuca qayıdacam.
Əsgərin dediklərini qənaətimin gerçəkliyi kimi dinləyirəm: Oğullar dağa, dağlar dağ vüqarlı oğullara söykənib. Dağlar vüqarla dayanıb, yan-yörəsinə daha yad izi düşməyəcəyinə  inanır. Ona da inanır ki, yüksək döyüş və mənəvi-psixoloji hazırlığa malik olan əsgərlərimiz belə bir mövqedə döyüş növbətçiliyini böyük məsuliyyətlə aparırlar. Düşmən onların diqqətindən yayına bilməz. Ona da inanır ki, bu əsgərlər Müzəffər Ali Baş Komandanın bütün əmr və göstərişlərini Vətənə, Hərbi anda sədaqətlə yerinə yetirməyə qadirdirlər...
Dağların ətəklərində torpaq yaşıllaşıb. Bu yaşıllaşma təkcə təbiətin hökmü deyil, həm də yad nəfəslərin bu yerlərdən uzaqlaşdırılmasının nəticəsidir. Bu yerlərin gözəlliyi təkcə yazla yayın ayrıcında təbiətin görkəmində deyil, həm də dağların vüqarının əsgər vüqarına, şimşəklərin çaxışının əsgər qətiyyətinə, dərələrdə sellərin sal daşları yerindən oynatmasının əsgər qüdrətinə bənzəməyindədir. Əsgərlərin təəssüratları da tarixdir, hərbi xidmətə sevgiləri də. Azərbaycan əsgərinin Vətənə sevgisinin, Hərbi anda sədaqətinin göstəricisidir. Əsgər Babək Mövsümov deyir ki, biz döyüş növbətçiliyini böyük məsuliyyətlə aparırıq. Bilirik ki, Üçtərəfli Bəyanata əməl etməyən düşmən təxribatlar törətməyə indi də niyyətlidir. Azərbaycan Ordusunun bölmələri onun istənilən həmləsini dəf edəcəyini bilsə də, xislətini davam etdirir. Məğrur döyüşçümüzlə söhbət əsnasında öyrənirəm ki, o, Azərbaycan Dövlət Aqrar Universitetinin məzunudur. Arzu edir ki, müddətli hərbi xidmətini başa vurduqdan sonra ehtiyat zabit hazırlığı kursuna daxil olaraq zabit kimi rəşadətli Azərbaycan Ordusunda xidmətini davam etdirsin. Biz də ona işlərində və gələcək zabit həyatında uğurlar arzulayıb sağollaşırıq.
Gizir Alı Alıyev əsgərin sözünə söykək kimi deyir ki, bu, həm də düşmənin havadarlarının hələ də davam edən siyasi və hərbi yardımına görədir. İkinci Qarabağ müharibəsi, sonra "Qisas" əməliyyatı, düşmənin sonrakı irili-xırdalı təxribatlarına görə irili-xırdalı döyüşlər onun ordusunun zəifliyinin, deməli, dövlətin zəifliyinin göstəricisidir.
- Ermənistan İkinci Qarabağ müharibəsində məğlub oldu, torpaqlarımız işğaldan azad edildi. Azərbaycanın ərazi bütövlüyü də bərpa olundu. Buna qadirik, güclü dövlətimiz, güclü ordumuz var. Bunu düşmən də bilir, onun havadarları da. Bunu bilə-bilə üçtərəfli razılaşmaya əməl etməməsi onun sülh tərəfdarı olmadığının, işğala meyilliyinin təsdiqidir.
...Müqəddəsliyi dağlarda hərbi xidmət böyük sevgilərlə yaşadır. Hərdən zirvəsini duman alan dağlarda göylərin göz yaşları döyüş növbətçiliyinə aparan cığırı islatsa da, Azərbaycan əsgəri dövlətə, dövlətçiliyə sədaqətlə xidmət edir, ərazilərimizə keçməyə cəhd göstərən düşməni sərrast atışı ilə qarşılayır. Düşmənin sonuncu təxribatı da belə oldu...
 Əsgərlər deyirlər ki, biz komandanlığın bütün əmrlərini yerinə yetirməyə hazırıq, düşmən təxribat törətmək istəyərsə, onu məhv etməyə qadirik...
Dağlar dağa söykənən yerdə dağ vüqarlı əsgərlərin hər kəlməsini böyük inamla dinləyirik. İnamımız dönməz inamdır...

Orxan HÜSEYNLİ "Azərbaycan Ordusu"