Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

6 May 2023 11:26

“Güclü, möhkəm və sağlam olmalıyıq ki, Vətənimizi inamla qoruya bilək”

Təsdiq olunmuş hazırlıq planına və günün nizam qaydasına uyğun olaraq keçirilən dərslər, təlim-məşqlər və digər bütün fəaliyyətlər döyüş hazırlığının artırılmasına istiqamətlənir. Yüksək döyüş hazırlığından danışarkən fiziki hazırlığı mütləq qeyd etməliyik. Çünki sağlam, möhkəm, güclü olmayan əsgər heç bir döyüş tapşırığını uğurla yerinə yetirə bilməz. Ona görə ki, istənilən döyüş əməliyyatlarında ixtisasından asılı olmayaraq, bu keyfiyyətlərə malik olan əsgər uğur qazanır. Hərbi nizamnamələrdə hər bir tapşırığın yerinə yetirilmə normativi təsdiq olunub. "Nizamnamə qanla yazılır" - deyirlər. Bu sözləri ona görə deyirlər ki, bu normativlər müharibə təcrübələrinə əsaslanaraq yazılıb. Deməli, bu normativləri vaxtında yerinə yetirə bilirsənsə, döyüşdə sağ qalmaq, qələbə qazanmaq şansın çoxdur. Çünki döyüş zamanı bir mövqedən digərinə sıçramaq, sürünmək, əlbəyaxa döyüş, yüksəkliklərə dırmanma və digər fəaliyyətlərin hamısı döyüşçüdən güc və çeviklik tələb edir. Döyüşçü isə bu mühüm keyfiyyətləri idmanla məşğul olmaqla qazana bilər. Fiziki göstəriciləri yüksək olan əsgərin döyüş ruhu da, sağlamlığı da, özünə inamı da yüksək olur.
Bu gün rəşadətli ordumuzun bütün bölmələrində şəxsi heyətin idmanla məşğul olması üçün yüksək şərait yaradılıb. Həmçinin komandir heyəti də əsgərlərin bu fəaliyyətlərini diqqət mərkəzində saxlayır. İşğaldan azad edilmiş ərazilərimizdə dislokasiya olunan "N" hərbi hissəsində günün nizam qaydasına uyğun olaraq döyüş hazırlığı, ictimai-siyasi hazırlıq, taktiki və atəş hazırlığı dərsləri ilə yanaşı, fiziki hazırlıq məşğələsinin də yüksək səviyyədə təşkilinin şahidi olduq. İdman şəhərciyi özünəməxsus rəngarəngliyi, səliqə-sahmanı ilə diqqətimizi çəkdi. Şəxsi heyət kiçik leytenant Əmrulla Əmiraslanovun rəhbərliyi ilə idman şəhərciyinin qarşısında təyin olunmuş formada düzüldülər. İsinmə-gərilmə hərəkətləri icra olunduqdan sonra turnikdə, paralelqollarda və digər alətlərdə idman hərəkətləri yerinə yetirildi. Əsgərlər bütün hərəkətləri böyük həvəslə və bacarıqla yerinə yetirirdilər. Hiss olunurdu ki, şəxsi heyətin hazırlığı yüksək səviyyədədir. Düşüncələrimizi zabitin sözləri təsdiqlədi. "Bütün dərslər kimi, idman saatları da diqqətdə saxlanılır. Çalışırıq ki, şəxsi heyətin hər biri sağlam, güclü və möhkəm olsun. Bəzən aralarında idmana həvəsi olmayanlar da rast gəlinir. Əvvəlcə onunla idmanın mahiyyəti, müsbət təsirləri haqqında söhbətlər aparıram. Ümumiyyətlə, hərbi hissədə şəxsi heyətin idmana həvəsinin artırılması üçün müxtəlif tədbirlər keçirilir. Bölmələr arasında müxtəlif idman növlərindən yarışlar, kütləvi idman tədbirləri təşkil olunur. Bundan əlavə hərbi hissənin idman rəisi tərəfindən imtahanlar keçirilir, yaxşı nəticə göstərən heyətlər həvəsləndirilir. Bu tədbirlərin nəticəsidir ki, şəxsi heyətin hər biri idman hərəkətlərini bacarıqla yerinə yetirir, bacarmayan isə qısa vaxta öyrənməyə can atır", - kiçik leytenant Əmrulla Əmiraslanov dedi.
Hərbi xidmət böyük məktəbdir. Burada gənclərin bütün təminatları, hərtərəfli inkişafı dövlətimiz tərəfindən diqqətdə saxlanılır. Yəni, gənclər hərbi biliklər öyrənməklə yanaşı, bir çox müsbət vərdişlər də qazanırlar. Bu vərdişlər içində ən mühümü isə idmandır. Əsgərlər də bunu təsdiqlədilər. Fuad Məmmədli və Hacımurad Həsilov hərbi xidmətə Qax rayonundan çağırılıblar. Hər ikisi xidmətdən əvvəl idmanla məşğul olub. Qaydasız döyüşü öyrənən Fuad şəraitdən və təminatdan çox razı qaldığını bildirdi. "Əsgər olmaqdan qürurluyam. Vətəninə əsgər olmaq hər bir gəncin arzusudur. Çünki Vətəni qorumaq müqəddəsdir. İdman uşaqlıqdan ən sevdiyim məşğuliyyətim olub. Sevinirəm ki, hərbi hissəmizdə idmanla məşğul olmağımız üçün hər cür şəraitimiz var", - Fuad dedi.
İdmanın sərbəst güləş növü ilə məşğul olan, bir neçə dəfə rayon birinciliyini qazanan Hacımurad da həmyerlisinin dediklərini təsdiqlədi. Vətən müdafiəçisi olmaqdan fərəhləndiyini bildirdi. "Qalib ordunun əsgərləri kimi, qalib ruhda da xidmət edirik. Vətənimizin keşiyində inamla dayanmışıq. Verilən tapşırıqları vaxtında və dəqiq yerinə yetirmək üçün fiziki cəhətdən hazırlıqlı olmağımız vacibdir. Hərbi xidmətdən əvvəl idmanla məşğul olmağın bəhrəsini indi görürəm. Dərslərdə və təlimlərdə heç bir çətinlik çəkmədən bütün tapşırıqları uğurla icra edirəm. İdman təcrübəmi silahdaşlarımla bölüşür, çətinliyi olanlara kömək edirəm. Çünki hamımız güclü, möhkəm və sağlam olmalıyıq ki, Vətənimizi göz bəbəyimiz kimi qoruya bilək", - Hacımurad dedi.
Əsgərlər Ülvi Adilov, Fəqan Rzayev, Babakir Mirzəyev və digərlərinin də düşüncələri eynidir. Onlar rəşadətli ordumuzun sıralarında xidmət etməkdən fərəhləndiklərini dedilər. Fiziki hazırlığın mahiyyətini, hərbi qulluqçu üçün vacibliyini yaxşı dərk etdiklərini və həvəslə, yorulmadan idmanla məşğul olduqlarını qeyd etdilər. Vətəni sevməyi, ona sadiq olmağı və layiqli xidmət etməyi özlərinə müqəddəs borc bilən əsgərlər Vətənin keşiyində dayanmaqdan şərəf duyduqlarını bildirdilər. Şəxsi heyətin fiziki göstəriciləri, yüksək mənəvi-psixoloji hazırlığı, gümrahlığı, qətiyyətli sözləri bir daha təsdiq edir ki, dövlətimizin qayğısı altında xidmət edən gənclərin bütün məşğuliyyətlərinin səmərəli təşkili daim diqqətdə saxlanılır.

Mahmud MÖHBALIYEV "Azərbaycan Ordusu"