Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

6 May 2023 11:22

“Zabit olmaq xəyalım gerçəkləşdi”

Kapitan Samir Soltanlı 1992-ci il avqustun 22-də Qax rayonunun Cəlayır kəndində anadan olub. Orta məktəbdə oxuyanda hərbçi olmaq qərarına gəlib. 2007-ci ildə Cəmşid Naxçıvanski adına Hərbi Liseyə qəbul olub. Bu qərar ailəsini də çox sevindirib. Üç illik təhsildən sonra indiki Heydər Əliyev adına Hərbi İnstituta qəbul olub. Rabitəçi ixtisası üzrə təhsil alıb. Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzində təkmilləşmə kursu keçib. 2015-ci ildə ön xətdə yerləşən hərbi hissəyə xidmətə göndərilib.
Uşaqlıqdan marağının hərbi yönümlü olduğunu deyən zabit gülümsəyərək o günləri belə xatırlayır: "Vaxtımın çoxu hərbi xidmətdən qayıdan tanışlarımla keçirdi. Onların xidmət illərindəki xatirələrini dinləmək məni daha da həvəsləndirirdi. Silahdan necə istifadə qaydalarını, keçdikləri təlimləri mənə izah edirdilər. Müxtəlif rayon və bölgələrimizdən olan əsgərlər arasında dostluqdan, asudə vaxtlarda keçirdikləri xoş saatlardan eşitdiklərim də məndə yüksək ovqat yaradırdı. Yay tətilində hərbi təhsil alan dostlarım ailələrini görmək üçün kəndlərinə gedərdilər. Belə gənclərlə dostluq etdiyim üçün qürurlanır, fürsət tapdıqca onlarla söhbətləşirdim. Hərbi xidmətin şərəfli peşə olmasından danışan yoldaşlarım onun məsuliyyətindən söz açırdılar. Onların sayəsində artıq gələcək peşəmin nə olacağını müəyyənləşdirmişdim. Dərslərimə məsuliyyətlə hazırlaşıb qarşıma qoyduğum hədəfə çatmaq üçün ciddi çalışırdım. Fikirləşirdim ki, kimliyindən asılı olmayaraq hər bir peşə sahibi öz işinin incəliklərini dərindən öyrənməlidir. Düşündüm ki, hərbi formanı daşıdığımı xəyal etməkdənsə, bu formanı əynimdə daşımaq üçün qəti addım atmalıyam. Sonda arzuma çatdım.  
Yaşadıqlarım xəyal etdiklərimdən daha yaxşı və qürurverici oldu. Hər bir azərbaycanlının tək arzusu işğalda olan torpaqlarımızın azad olunması idi, elə mən də Vətən müharibəsinin iştirakçısı oldum. Döyüşlərə Füzuli rayonu istiqamətindən başladıq. Ordumuz torpaqlarımızı azad edib işğal statusunu birdəfəlik sonlandırdı. İndi xidmətimi işğaldan azad etdiyimiz torpaqlarımızda davam etdirirəm".
Döyüşlərdə göstərdiyi igidliyə görə kapitan Samir Soltanlı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq sərəncamları ilə "Cəbrayılın azad olunmasına görə", "Füzulinin azad olunmasına görə", "Qubadlının azad olunmasına görə" və "Cəsur döyüşçü" medallarına layiq görülüb.

Hüsniyyə İDRİSOVA "Azərbaycan Ordusu"