Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

6 May 2023 11:22

Zabit xidmətindən qürur duyur

İnsanlar Vətənə bəslədiyi sevgisini sözlə deyil, əməli ilə sübut edəndə, bu sevgi daha bütöv olur. Kapitan Məmməd Məmmədovun qəlbində hələ kiçik yaşlarından baş qaldıran elinə, obasına olan sevgi illər keçəndən sonra daha da bütövləşib, Vətənə olan sevgiyə çevrilib.
Kapitan Məmməd Aqil oğlu Məmmədov Naxçıvan şəhərində anadan olub. Onu hərbçi peşəsinə, özünün dediyi kimi, heç kim istiqamətləndirməyib. Bu yolu o, özü seçib.
Böyüyəndə zabit olmaq, erməni hərbi birləşmələrinin işğalı altında olan Vətən torpaqlarını azad etmək üçün bir vətəndaş kimi öz töhfəsini vermək istəyib. Hərbçi peşəsinin həm də digər peşələrlə müqayisədə daha şərəfli, qürurverici olduğunu düşünüb. Bu məqsədlə də o, valideynlərinin razılığı ilə 9-cu sinfi bitirəndən sonra sənədlərini Naxçıvanda Heydər Əliyev adına Hərbi Liseyə təqdim edib.  
Kapitan Məmməd Məmmədov deyir ki, valideynləri ona zabit peşəsinin çox ağır və özünəməxsus çətinliklərinin olduğunu izah edib. Orduda xidmət etməyin insandan xüsusi dözüm, iradə tələb etdiyini bildiriblər. Bununla onu fikrindən yayındırmaq yox, hərbi xidmətin fiziki ağırlığını izah etməklə çətinliklərə dözə biləcəyini öyrənmək istəyiblər. Məmməd onu qarşıda gözləyən çətinliklərə dözəcəyini və Vətənə layiqli zabit olacağını deyib.
Zabit 2005-2009-cu illərdə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində (indiki Heydər Əliyev adına Hərbi İnstitut) təhsil alıb. Oxuduğu illərdə yiyələndiyi ixtisasın sirlərini mükəmməl öyrənib. Hərbi təhsilini başa vurandan sonra cəbhə bölgəsində xidmətə başlayıb. Düşmənlə təmas xəttində yerləşən hərbi hissədə xidmət etməyin nə qədər məsuliyyətli olduğunu ilk gündən dərk edib. Lakin gənc zabit qarşıya qoyduğu istənilən döyüş tapşırığını yerinə yetirmək üçün bütün bilik və bacarığını səfərbər edib. Qısa müddət ərzində döyüş şəraitinə uyğunlaşıb.
Gənc zabit M.Məmmədov 2016-cı il Aprel döyüşləri zamanı Ağdam istiqamətində və Talış kəndi uğrunda gedən döyüşlərdə iştirak edib. Bu döyüşlərdən ruhlanan zabitin erməni işğalı altında qalan ərazilərimizin tezliklə hərbi yolla azad edilməsinə inamı artıb. Talış kəndi uğrunda gedən döyüşlərdə ağır yaralansa da, sağlamlığı bərpa olunandan sonra xidmət yerinə qayıdıb. Bundan sonra tabeliyində olanlara mükəmməl təlimlər keçir ki, onlar qarşıdakı döyüşlərə hazır olub, erməni işğalında qalan ərazilərimizi azad edə bilsinlər.
İkinci Qarabağ müharibəsi zamanı kapitan M.Məmmədov və tabeliyindəki bölmələr qarşıya qoyulan döyüş tapşırığını uğurla yerinə yetirib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq sərəncamları ilə Vətən müharibəsindəki uğurlu xidmətlərinə görə kapitan Məmməd Məmmədov "Döyüşdə fərqlənməyə görə", "Cəbrayılın azad olunmasına görə", "Füzulinin azad olunmasına görə" və "Xocavəndin azad olunmasına görə", "Şuşanın azad olunmasına görə" medalları ilə təltif olunub.
Kapitan M.Məmmədov ailəlidir, 3 övlad atasıdır. O, xalqımızın övladlarının xoşbəxt və firavan gələcəyi üçün şərəflə döyüşüb. Hərbçi peşəsini seçdiyi üçün heç vaxt təəssüflənmədiyini, əksinə, zabit olmağı ilə həmişə qürur duyduğunu deyir.

Bəxtiyar ƏLİYEV  "Azərbaycan Ordusu"

foto Namiq PƏNAHOVUNDUR