Dərin tarixi köklərə və ortaq mədəni dəyərlərə malik olan Azərbaycan-Türkiyə qardaşlıq münasibətləri bu gün də hər iki ölkə rəhbərliyi tərəfindən həyata keçirilən düzgün, məqsədyönlü siyasətin məntiqi nəticəsi olaraq daha yüksək səviyyəyə çatmış, xüsusilə hərbi əməkdaşlıq keyfiyyətcə yeni müstəviyə keçmişdir.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin dediyi kimi: "Azərbaycan ilə Türkiyəni dərin tarixi kökləri, ortaq milli-mənəvi dəyərləri ilə bir-birinə sıx bağlı olan, xalqlarımızın iradəsinə uyğun olaraq sarsılmaz dostluq və qardaşlıq münasibətləri birləşdirir. Bu möhkəm təməllər üzərində qurulmuş qarşılıqlı inam, etimad və dəstəyə əsaslanan dövlətlərarası münasibətlərimiz bu gün müttəfiqliyin və strateji tərəfdaşlığın ən yüksək səviyyəsinə yüksəlmişdir".
Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürkün "Azərbaycanın sevinci bizim sevincimiz, kədəri isə bizim kədərimizdir", əsrin sonlarında isə Ulu Öndər Heydər Əliyevin "Bir millət, iki dövlət" şüarlarını rəhbər tutaraq Prezident İlham Əliyevin və Prezident Rəcəb Tayyib Ərdoğanın bütün istiqamətlərdə, o cümlədən hərbi sahədə ölkələrimiz arasında qurduqları yüksək səviyyəli əməkdaşlıq bu qardaşlığın əbədi və sarsılmaz olduğunun bariz nümunəsidir. Həmçinin onun göstəricisidir ki, Azərbaycan və Türkiyə dost, qardaş və ən yaxın müttəfiq dövlətlərdir. Tarixi köklərini Azərbaycan Xalq Cümhuriyyəti dövründən götürən qardaş Azərbaycan-Türkiyə hərbi əməkdaşlığı Sovet İttifaqının dağılmasından sonra getdikcə daha da dərinləşmiş və hazırda özünün ən yüksək inkişaf səviyyəsinə çatmışdır. Dahi liderlərin bu əbədi və sarsılmaz qardaşlığı tərənnüm edən kəlamları bu gün hər addımda təsdiqini tapır. Hər zaman olduğu kimi, bu dəfə də ölkələrdən birinin uğuruna hər iki xalq sevindi.
Türkiyənin hər sahədə, xüsusilə də hərbi və müdafiə sənayesi müstəvisində qazandığı uğurlar bizi də qürurlandırır və sevindirir. Deyərdim ki, 44 günlük Vətən müharibəsində Türkiyədən alınmış SİHA-ların və digər müasir silahların oynadığı gözqamaşdırıcı roldan sonra, hər bir azərbaycanlı Türkiyənin müdafiə sənayesindəki uğurlarının, belə demək olarsa, izləyicisinə çevrilib.
Qardaş ölkənin müdafiə sənayesi sahəsi növbəti dəfə tarixi uğura imza atıb. Türkiyə Müdafiə Sənayesi Komitəsinin başlatdığı layihə çərçivəsində SEDEF Gəmiqayırma Zavodu tərəfindən inşa edilən "TCG Anadolu" (L400) amfibiya hücum gəmisi Türkiyə Dəniz Qüvvələri Komandanlığına təhvil verilib.
2019-cu ilin mayında suya buraxılan və 2022-ci ilin iyununda dəniz qəbul sınaqlarına başlayan "TCG Anadolu" çoxməqsədli amfibiya hücum gəmisi İstanbulun Tuzla rayonunda Prezident Rəcəb Tayyib Ərdoğanın da iştirak etdiyi mərasimlə Türkiyə Hərbi Dəniz Donanmasına təhvil verilib.
Qeyd edək ki, dünyanın ilk silahlı pilotsuz uçuş aparatı (SİHA) gəmisi və Türkiyənin ən böyük hərbi gəmisinin platformasına "Kızılelma", "Hürjet" və "Bayraktar TB2" eniş edə biləcək. "TCG Anadolu" dünyanın hər yerində hərbi əməliyyatlar aparmaq imkanlarına malikdir. Dünyada bu cür gəmi 12 ölkədə var. "TCG Anadolu" üzərinə enib-qalxacaq SİHA-larla dünyanın ilk SİHA gəmisi olacaq. Bunun üçün "Baykar" tərəfindən qatlanan qanadlı "Bayraktar TB3" SİHA-sı hazırlanır. Gəmidə silah, döyüş idarəetmə, elektron döyüş, infraqırmızı axtarış və izləmə, elektro-optik axtarış, lazer xəbərdarlıq, torpedadan müdafiə, radar, rabitə, naviqasiya və məlumat paylama sistemləri var. "TCG Anadolu" zəruri hallarda təbii fəlakətlərə yardım missiyaları üçün də istifadə ediləcək. Tam təchiz olunmuş xəstəxana və əməliyyat otağı imkanları sayəsində təbii fəlakətlərin aradan qaldırılması, humanitar yardım və qaçqınların təxliyə əməliyyatlarında tibbi dəstək göstərəcək. Uzunluğu 231 və eni 32 metr olan "TCG Anadolu"nun uçuş göyərtəsinə 10 helikopter və ya 11 SİHA, anqarında isə 19 helikopter və ya 30 SİHA daşınır. Gəmidə 1223 personal yerləşir. Maksimum tam yükdəyişmə qabiliyyəti 27 min 436 ton olan gəmi ən azı 20,5 knot maksimum və 16 knot qənaətli sürətlərlə işləyir. Qənaətli sürəti və tam yükdə ən az 9 min dəniz mili seyr məsafəsinə malik "TCG Anadolu"da hər biri 1 tank daşıyan 4 mexanikləşdirilmiş eniş yeri var. Gəmi 13 tank, 27 zirehli amfibiya hücum maşını (ZAHA), 6 zirehli personal daşıyıcısı, 33 müxtəlif texnika və 15 qoşqu olmaqla ümumilikdə 94 nəqliyyat vasitəsini göyərtələrində daşıya bilir.
Həmçinin qardaş ölkə daha bir möhtəşəm layihəni gerçəkləşdirərək bütün türk dünyasını sevindirib. Belə ki, ilk milli "Altay" tankları sınaq üçün Türkiyə silahlı qüvvələrinə təhvil verilib. Bu barədə ölkə prezidenti Rəcəb Tayyib Ərdoğan tviter səhifəsində məlumat verərək bildirib: "Biz qəhrəman ordumuza Türkiyənin müasir əsas döyüş tankına çevriləcək yeni nəsil "Altay" tankını təhvil veririk. Döyüş maşını 1919-1923-cü illərdə Türkiyənin İstiqlal savaşında vuruşmuş general Fəxrəddin Altayın xatirəsinə "Altay" adlandırılıb. Tank, demək olar ki, tamamilə Türkiyə müdafiə müəssisələri tərəfindən dizayn edilib".
Türkiyənin müstəqil siyasət yürütməsində ən böyük güc müdafiə sənayesidir. Nəzərə alaq ki, Türkiyə artıq heç bir strateji məhsul idxal etmir, əksinə, özü xarici ölkələrə satır. Bu nailiyyətlərin nəticəsidir ki, qardaş Türkiyə dövləti regional və beynəlxalq güc mərkəzinə çevrilmişdir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin martın 16-da keçirilmiş Türk Dövlətləri Təşkilatının Dövlət Başçılarının Fövqəladə Zirvə görüşündə qeyd etdiyi: "Türkiyə son 20 ildə Cümhurbaşqanı Rəcəb Tayyib Ərdoğanın liderliyi ilə böyük və şərəfli yol keçmişdir, dünyada söz sahibi olmuş, güc mərkəzinə çevrilmişdir. Bu gün dünya da Türkiyə ilə hesablaşır və ona hörmət edirlər. Türkiyənin hərbi gücünü, müdafiə sənayesi sahəsində böyük uğurlarını indi dünyada hər kəs görür. Bu illər ərzində Türkiyədə davamlı sabitliyin təmin olunması, ölkənin inkişafı bütün Türk dünyası üçün önəmli şərtdir" fikirlər bunu bir daha sübut edir.
Dünyanın ilk silahlı pilotsuz uçuş aparatları gəmisinin və yeni nəsil milli "Altay" tanklarının Azərbaycanın qardaşı, müttəfiqi Türkiyə ordusunun xidmətinə verilməsi böyük tarixi hadisədir və qardaş ölkənin hərbi gücünün artması Azərbaycanın da gücünün artması deməkdir. Çünki Azərbaycanla Türkiyə arasında dostluq və qardaşlıq münasibətlərinin bütün digər sahələrdə olduğu kimi, hərbi və müdafiə sənayesi sahələrində də uğurla inkişaf edir. Bu sıx əməkdaşlığın nümunələrindən biri də qardaş ölkənin müdafiə sənayesində qazandığı uğurlarında aparıcı rol oynayan "Baykar" şirkətinin Azərbaycanda fəaliyyətə başlamasıdır. Çox güclü hava hücumundan müdafiə sistemləri istehsal edən və PUA istehsalında böyük yeniliklərə imza atan şirkətin ölkəmizdə fəaliyyəti Türkiyə Prezidentinin dediyi: "Müdafiə sənayesi sahəsində əlaqələrimiz bundan sonra daha fərqli şəkildə inkişaf edəcək. Bu fərqli inkişafla yanaşı, Azərbaycan bir bazar deyil, eyni zamanda, bu prosesdə istehsal mərkəzi olma imkanı da əldə edəcək. Bizim gücümüz Azərbaycanın gücü, Azərbaycanın gücü də bizim gücümüzdür" sözlərinin bir daha göstəricisidir. Bir sözlə, müdafiə sənayesi və hərbi əməkdaşlıq sahəsində ən yaxın tərəfdaşımız olan, qardaş ölkənin dünyaya səs salan bu uğurları Azərbaycanın da müdafiə sənayesinin inkişafı, hərbi qüdrətinin daha da güclənməsi deməkdir.
"Azərbaycan Ordusu"