Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

29 Aprel 2023 10:47

“Yeməkxanada hazırlanan yeməklər evdə anamın bişirdiyi yeməklər kimi ləzzətlidir”

İgid oğullarımızın sayəsində işğaldan azad edilən dilbər güşələrimizin birində "N" hərbi hissəsinin sosial şəraiti ilə tanışlığımız ürəyimizcə oldu. Şəxsi heyətin məişətinin yüksək standartlara uyğun qurulduğunun şahidi olduq. Müasir avadanlıqlarla təchiz edilən yeməkxana, yataqxana, hamam-camaşırxana, qapalı, açıq idman şəhərciyi və digər məişət otaqlarında yaradılan şərait orduya, eləcə də hərbçilərə yüksək diqqət və qayğı göstərildiyinin sübutudur.
Hərbi hissəyə ziyarətimiz nahar vaxtına təsadüf etdiyindən cavabdeh zabitlə əsgər yeməkxanasına daxil oluruq. Yeməkxananın genişliyi, girişdə yerləşdirilən əlyuma yerləri, içəridəki səliqə-sahman, divarlardakı böyük təbiət rəsmləri, mətbəx avadanlıqlarının yeniliyi və təmizlikdən par-par parıldaması diqqətimi cəlb edir. Yeməkxanada çalışanların xüsusi geyimlərdə, əlcək və maskada olmaları gigiyena qaydalarına yüksək səviyyədə riayət olunmasından xəbər verir. Bizi qarşılayan yeməkxana növbətçisi baş gizir Xəyal Rüstəmov təyin edilən ərzaq normalarına uyğun olaraq yeməklərin hazırlandığını bildirdi:
- Hər bir hərbçinin gündəlik qəbul edəcəyi ərzaq norması var. Günün menyusu bir gün əvvəldən dəqiqləşdirilir, lazımi ərzaqlar anbardan götürülür və mövcud plana uyğun olaraq hər kəs öz üzərinə düşən vəzifənin icrasına başlayır. Təyin olunmuş menyuya uyğun olaraq bacarıqlı aşpazlarımız tərəfindən ləziz təamlar hazırlanır. Ərzaqların təzəliyi, bişirilən yeməklərin keyfiyyəti və yeməkxanada təmizliyin qorunması daim diqqət mərkəzində saxlanılır.
Yeddi ildən artıqdır ki, ordu sıralarında xidmət edən yeməkxana rəisi baş gizir Hacıbaba Əsədov burada hazırlanan təamlar barədə geniş məlumat verdi: "Günün menyusuna uyğun olaraq nahar yeməyində toyuq supu, plov, kələm dolması, kartof püresi, həmçinin tərəvəz salatı, meyvə suyu və alma veriləcək. Bundan başqa əsgərlərin sağlamlığının qorunması, immunitetlərinin möhkəmləndirilməsi üçün vitamin də menyuya salınıb. Aşpazlıq ixtisası üzrə lazımi göstəricilərə cavab verən peşəkar aşpazlar əsgərlərimiz üçün ən dadlı yeməkləri bişirirlər. Yeməklərimizdə əsasən milli xörəklər üstünlük təşkil edir. Burada olan təamların heç biri evdə bişirilən yeməklərdən fərqlənmir. Burada hər bir ərzağın və bişirilən yeməklərin keyfiyyətinə gündəlik olaraq nəzarət olunur".
Aşpazlar Əntiqə Qafarova, Nərminə Aslanova, Afət Nuruyeva əsgərləri doğma övladlarından ayırmadıqlarını bildirdilər. Yeməkxananın müasir avadanlıqlarla təchiz edilməsinin əsgərlərin keyfiyyətli qida ilə təminatında böyük rolunun olduğunu vurğuladılar. Onu da qeyd etdilər ki, müasir soyuducu avadanlıqlar vasitəsilə müxtəlif kameralarda və müvafiq temperaturlarda saxlanılan ərzaqlar öz keyfiyyətini uzun müddət itirmir. Bunun nəticəsi olaraq da yeməklər dadlı və vitaminli olur.
Nizam-intizamla xörəkləri götürərək masalarda əyləşən əsgərlər yeməkləri yedikcə üzlərində yaranan təbəssümdən başa düşülür ki, hazırlanan təamlardan razıdırlar. Fürsətdən istifadə edib əsgərlərin fikirlərini öyrənmək üçün masalarına yaxınlaşdım. Əsgər Əli Əhmədli hərbi xidmətə başladığı ilk gündən diqqət və qayğı ilə əhatə olunduqlarını bildirdi. "Gün ərzində üç dəfə dadlı və doyumlu yeməklərlə qidalanırıq. Yeməkxanada hazırlanan yeməklər evdə anamın bişirdiyi yeməklər kimi ləzzətlidir. Xidmətimiz üçün hərbi hissədə hər cür şərait yaradılıb. Biz də çalışırıq ki, üzərimizə düşən vəzifənin öhdəsindən layiqincə gələk. Qalib ordunun əsgəri olaraq xalqımızın bizə olan etimadını doğrultmaq üçün hər zaman öz üzərimizdə çalışırıq".
Qəbələ rayonunun Aydınqışlaq kəndindən hərbi xidmətə çağırılan əsgər Hidayət Əhmədov da yeməklərin keyfiyyətli və yüksək kalorili olduğunu bildirdi: "Bizim üçün bişirilən yeməklərin hamısı bir-birindən ləzzətlidir. Ən çox sevdiyim küftə, dolma və plov kimi milli xörəklərimiz aşpazlarımız tərəfindən bizim üçün hazırlanır. Vaxtı-vaxtında faydalı yeməklərlə qidalanmağımız sağlam və gümrah olmağımıza təsir edir. Bizim üçün yaradılan belə yüksək səviyyəli məişət şəraitinə, diqqət və qayğıya görə Ali Baş Komandanımıza, Müdafiə Nazirliyinin rəhbərliyinə və burada bizə dadlı yeməklər hazırlayan analarımıza minnətdarıq".
Söhbətləşdiyim digər əsgərlər də yeməklərin dadından, onlara göstərilən diqqətdən ağızdolusu danışdılar. Əsgər yeməkxanasında gördüklərimiz, igid oğullarımızın fikirləri bir daha sübut etdi ki, hərbi qulluqçularımız dövlətin və Müdafiə Nazirliyi rəhbərliyinin diqqət və qayğısıyla tam əhatə olunublar.

Oruc MUSTAFAYEV "Azərbaycan Ordusu"